KRİMİNAL

Xəzər və Binəqədi rayonlarında evdən, mağazadan və sexlərdən oğurluq edən şəxslər məsuliyyətə cəlb olunublar

Xəzər və Binəqədi rayonlarında evdən, mağazadan və avtomobillərin təmiri sexlərindən oğurluq edən şəxslər məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xəzər rayonunda bir evdən 5500 manat məbləğində pul və bir mağazadan 87 manat məbləğində pul, 100 ABŞ dolları, 4743 manat dəyərində kassa aparatı və iki ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ağayev rayon polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş A.Məmmədovun barəsində apardıqları əməliyyat tədbirləri ilə onun avtomobillərin təmiri sexlərindən ayrı-ayrı vətəndaşlara məxsus üç mobil telefon oğurlaması da müəyyənləşib.

Hadisələrlə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.