DÜNYA

Ərəb general İnterpolun yeni prezidenti seçilib

Beynəlxalq Polis Təşkilatının (İnterpol) İstanbulda keçirilən prezident seçkilərində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) general Əhməd Nasser əl-Rəisi qalib gəlib. İnterpol seçkilərin üçüncü turunda əl-Rəisinin 68,9 faiz səslə prezident seçildiyini açıqlayıb. Əl-Rəisi təşkilata dörd il rəhbərlik edəcək. İnterpolun sədrliyi daha simvolik olsa da, təşkilatın ümumi yığıncaqlarına sədrlik etmək kimi vəzifələrinə görə mühüm rola malikdir.  Təşkilatın gündəlik idarəçiliyindən məsul olan şəxs yenə baş katib Yurqen Stok olacaq.
Əl-Rəisi BƏƏ-də dissidentlərə qarşı işgəncə iddialarına susmaqda ittiham olunur. Onun haqqında Türkiyə və Fransada işgəncə ilə bağlı iki ayrı cinayət işi açılıb. Əl-rəisi ona qarşı irəli sürülən ittihamları rədd edir. Beynəlxalq qeyri-hökumət təşkilatları BƏƏ Daxili İşlər Nazirliyinin baş müfəttişi olan əl-Rəisinin namizədliyinə qarşı çıxırdı.

T.Rüstəmov