GÜNDƏM

Azərbaycan daha 2 erməni əsiri geri qaytarıb

Azərbaycan humanizm prinsiplərini növbəti dəfə də əsas tutaraq 26 noyabrda 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. Bu haqda Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Həmin şəxslərdən biri 16 noyabr 2021-ci il tarixdə Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 1993-cü il təvəllüdlü Aramyan Arin Jirayeviçdir.  Bu müddət ərzində Aramyan Arinə zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilmişdir. Təhvil verilmiş digər şəxs 2000-ci il təvəllüdlü Musaelyan Mihran Ernest Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılmışdır. Aparılmış ilkin araşdırmalar nəticəsində onun mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilmişdir.

T.Rüstəmov