KRİMİNAL

Bu ilin on ayında 6 tona yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Bu ilin on ayı ərzində hüquq-mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7484 cinayət faktı aşkarlayıblar.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, bu cinayət faktlarından 2787-si narkotik vasitələrin qanunsuz satışı, 4230-u narkotik vasitələrin qanunsuz əldə olunub saxlanılması, 372-si narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən müsadirə olunmuş ümumilikdə 5 ton 880 kiloqram 982 qram narkotik vasitə və psixotrop maddələrin 2 ton 606 kiloqram 80 qramını heroin, 1 ton 153 kiloqram 841 qramını marixuana, 1 ton 297 kiloqram 331 qramını tiryək, 71 kiloqram 954 qramını həşiş, 89,679 qramını kokain, 550 kiloqram 974 qramını psixotrop maddələr, 200 kiloqram 713 qramını isə digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövrdə 10 min 331 ədəd metadon və 46 min 966 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən çıxarılıb.

Müvafiq dövrdə 782,469 hektar sahədən çəkisi 173 ton 370 kiloqram olan 430 min 716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyənləşdirilərək müvafiq qaydada məhv edilib.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5021 nəfər cəlb olunub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kiloqram və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güclü təsir edən maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 286 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 892 kiloqram 692 min 826 qramını müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb. Eyni zamanda, qrup halında törədilən 328 fakt üzrə 1 ton 672 kiloqram müxtəlif növ narkotik vasitə və 13 min 766 ədəd psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Cari ilin yanvar-oktyabr aylarında qanunsuz dövriyyədən çıxarılmış 5 ton 880 kiloqramdan çox narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 162 milyon manat (95 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

Mövcud qanunvericiliyə uyğun olaraq, müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 737 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən 21 min 190 ədəd çətənə bitkisi bu il mayın 19-20-də aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Bu ilin on ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 55 min 600 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2981 nəfərindən 2193-nün istifadəçi olması müəyyənləşdirilib. Bununla bağlı zəruri tədbirlər görülüb.

Cari ilin yanvar–oktyabr aylarında 802 – Qaynar xətt telefon zəng xidmətinə vətəndaş müraciətlərinin sayı artıb. Həmin aylar üzrə 795 müraciət daxil olub. Onların 168-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 205-i narkotik asılılıqdan müalicə, 422-si isə digər məsələlərlə bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 373 məktub ünvanlanıb.

Beləliklə, narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını 802 – Qaynar xətt zəng xidməti vasitəsilə almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb. Həmçinin narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.