SƏHİYYƏ

Cənubi Afrikada koronavirusun mutasiyaya uğramış yeni variantı narahatlıq doğurur

Koronavirusun mutasiyaya uğramış ən son variantı indiyə qədər aşkar edilmiş ən ağır versiyadır. İqtidar.Az BBC News-a istinadən xəbər verir ki, alimlərdən biri yeni variantı ​​”dəhşətli” adlandırıb, digəri isə onun gördükləri ən pis variant olduğunu söyləyib. Hələlik mutasiyaya uğramış virusa yoluxan xəstələr Cənubi Afrikanın müəyyən bir hissəsində cəmlənib, lakin ehtimal olunur ki, o digər ərazilərə də yayılmağa davam edəcək. Yeni variantın yayılma tezliyi, peyvəndlərin yeni varianta qarşı effektivliyi və həyata keçiriləcək ehtiyat tədbirləri ilə bağlı araşdırmalar aparılır. Fərziyyələr və suallar çox, cavablar isə azdır.

Yeni variant B.1.1.529 adlanır, çox güman ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ona Yunan kod adı (Alfa və Delta variantları kimi) veriləcək. Cənubi Afrikadakı Epidemik Rezonans və İnnovasiya Mərkəzinin direktoru, professor Tulio de Oliveyra onun yayılan digər variantlardan “çox fərqli” olduğunu, yeni versiyanın “böyük sıçrayış” yaratdığını və hələ gözlədikləri çox mutasiya olduğunu söyləyib. Yeni variant ilk dəfə Çinin Vuhan şəhərində ortaya çıxan original virusdan köklü şəkildə fərqlənir, məhz buna görə də, ilk ştamdan istifadə etməklə hazırlanmış peyvəndlər onun üzərində o qədər də təsirli olmaya bilər. Aydın nəticələr çıxarmaq üçün hələ tezdir, ancaq narahatlıq yaradan səbəblər də çoxdur. Laboratoriyada aparılacaq elmi araşdırmalar bizə daha aydın cavablar təqdim edəcək, lakin görünür,  real dünya bizə bu cavabları virusun monitorinqindən daha tez verəcək.

Qeyd edək ki, mutasiyaya uğramış yeni varianta Cənubi Afrikanın Qautenq əyalətində 77, Botsvana əyalətində 4, Honq-Konqda (Cənubi Afrikadan səyahətlə birbaşa əlaqəli olaraq) isə 1 yoluxma faktı qeydə alınıb. Bununla belə, variantın daha geniş yayıldığına dair fərziyyələr mövcuddur.

İQTİDAR.AZ