GÜNDƏM

Ermənilər Qarabağda məhv edilmiş qatilə abidə qoyublar

Ermənilərin Vardenis adlandırdığı Basarkeçər rayonunun mərkəzində bədnam terrorçu Monte Melkonyanın büstü qoyulub. Ermənilər büstü Qarabağda məhv edilmiş Melkonyanın doğum günündə – dünən – açıblar. Monte Melkonyana Ermənistanın və Qarabağdakı separatçı rejimin “milli qəhrəmanı” adı verilib. Beynəlxalq aləmdə başkəsən kimi tanınan birisinə abidə qoyulması qonşu ölkədə faşist ideologiyası daşıyıcılarının yeni rüsvayçı addımıdır. Xatırladaq ki, Monte Melkonyan 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Viseliya şəhərində anadan olub. 70-ci illərin sonlarında Livanda yaradılan “Asala” erməni terror qruplaşmasının sıralarında türk diplomatlara qarşı hücumlar təşkil edib. 1991-ci ildə Qarabağa gələrək qanunsuz hərbi birləşmələrin tərkibində vuruşub. 1993-cü il iyununda Qarabağda döyüşçülərimiz tərəfindən məhv edilib. Onu İrəvanda basdırıblar.

T.Rüstəmov