SƏHİYYƏ

ÜST koronavirusun yeni B.1.1.529 ştamı ilə bağlı fövqəladə iclas keçirəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gün Cənubi Afrika Respublikası və Botsvanada aşkar edilmiş və yüksək mutasiya qabiliyyətinə malik ola bilən koronavirusun yeni ştamı mövzusunda fövqəladə iclas keçirəcək.

Bu barədə AZƏRTAC “Financial Times”a istinadla xəbər verir.

Cənubi Afrikadakı Epidemik Müalicə və İnnovasiya Mərkəzinin direktoru Tulio de Oliveyra nəşrə bildirib ki, bundan əvvəl bu həftə o, ÜST nümayəndələrinə B.1.1.529 işarəsi ilə SARS-CoV-2-nin yeni variantının yayılması ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, bundan sonra fövqəladə iclasın keçirilməsi barədə qərar qəbul edilib. Qərargahı Cenevrədə yerləşən ÜST-yə istinadla nəşr bildirir ki, təşkilatın ekspertləri yeni ştamın narahatlıq və ya maraq doğuran variant kimi müəyyən edilməsini müzakirə edəcəklər.

Cümə axşamı Cənubi Afrikada keçirilən mətbuat konfransında Tulio de Oliveyra, yeni ştamın çoxlu sayda mutasiyaya sahib olduğunu və bunun da “infeksiyanın sürətli yayılması təhlükəsi”nə səbəb olduğunu bildirib.

Son məlumatlara görə, Cənubi Afrika Respublikasında qanlarında koronavirusun bu variantı olan 77 nəfər müəyyən edilib. B.1.1.529-a yoluxmuş daha dörd nəfər Botsvanada, biri Honq Konqda (bu şəxs Cənubi Afrika Respublikasından gəlib) müəyyən edilib.

Yeni ştamı tədqiq edən britaniyalı professor Tim Pikok bildirib ki, B.1.1.529, koronavirus tikanının zülallı birləşmələrində 32 mutasiyaya malikdir. Onun sözlərinə görə, bu, koronavirusun yeni variantına insan orqanizminin hüceyrələrinə daha asan nüfuz etmək imkanı verir.

Koronavirusun B.1.1.529 yeni ştamına ilk yoluxma halı İsraildə Malavidən qayıdan vətəndaşda aşkar edilib. Bu barədə cümə günü İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Cənubi Afrikanın bir sıra ölkələrində aşkar edilən koronavirus ştamı İsraildə müəyyən edilib. Bu, Malavidən qayıdan vətəndaşdır. Bundan başqa, xaricdən qayıdan və hazırda təcriddə test nəticələrini gözləyən vətəndaşlara münasibətdə daha iki yoluxma hadisəsi ilə bağlı şübhələr var”, – bəyanatda deyilir.