İQTİSADİYYAT

Vətən müharibəsindən sonra Azərbaycan xarici sərmayə üçün daha cəlbedici olub

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-oktyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 milyard 548,5 milyon manat vəsait yönəldilmişdir. Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 288,9 milyon manatı Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olmuşdur. Bu ölkələrin inkişaf və coğrafi mövqelərinə nəzər yetirdikdə aydın olur ki, Azərbaycana inam yüksək səviyyədədir.

Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 568,5 milyon manat vəsait qoyulmuşdur. Ümumi sərmayənin 41,8 faizi dövlət, 58,2 faizi qeyri-dövlət sektorlarının sərmayədarları tərəfindən yönəldilmişdir. Sərmayə qoyuluşunun 66,5 faizindən tikinti-quraşdırma sahəsində istifadə edilmişdir. Həmin dövrdə daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 66,4 faizini təşkil etmişdir.