GÜNDƏM

Azərbaycanda aktiv transplantasiya proqramları icra olunur

7 aylıq körpəyə qaraciyər  və 4 yaşlı uşağa böyrək köçürüldü. 2008-ci ilin dekabrında nəinki ölkəmizdə, eləcə də, Cənubi Qafqazda və regionda ilk dəfə olaraq canlıdan-canlıya qaraciyər köçürülməsi əməliyyatı baş tutdu və bu əməliyyatla ölkəmizdə orqan transplantologiyasının əsası qoyuldu. Müsahibimiz regionda və Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını icra etmiş, ölkəmizdə transplantologiya sahəsinin inkişafında, milli kadrların yetişdirilməsində böyük əməyi olan Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi söhbətimizə bu uğurundan başlayır…
– Doğrudur, bu əməliyyatla ölkəmizdə orqan transplantologiyasının əsası qoyuldu və bu tarix mənim üçün əlamətdar bir tarixdir. Mənim üçün iki  baxımdan qürurverici hadisədir. Birincisi, dövlətimizin sosial-iqtisadi və digər layihələrdə olduğu kimi, səhiyyə sahəsində də regionda bir ilkə imza atmış oldu. İkincisi isə regionda və ölkədə ilk dəfə bu əməliyyatı icra etməyin qüruru və məsuliyyəti mənə nəsib oldu. Təbii ki, bu əməliyyatın icra olunmasına qədər müəyyən çətinliklərdən keçmişik, həm də böyük bir təcrübə yolu keçdik.
– Bu barədə ətraflı danışmağınızı xahiş edərdim…
– Azərbaycan Tibb Universitetinn məzunuyam. Bir müddət ATU-nin ümumi cərrahiyyə kafedrasında çalışdım. Daha sonra Türkiyənin Egey Universitetində uzmanlıq təhsilimi davam etdirdim. Egey Universitetinin Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası Mərkəzi, o cümlədən, Qaraciyər Transplantasiyası Mərkəzi Avropada canlıdan-canlıya ən çox qaraciyər transplantasiyasının icra olunduğu məşhur mərkəz idi. Burada aparıcı  mütəxəssis və qaraciyər transplantasiyası proqramının məsul əməkdaşlarından biri kimi çalışdım, bu sahədə geniş elmi  və praktiki təcrübə əldə etdim. Qeyd etdim ki, təhsil aldığım dövrdə 10-a yaxın rayonu özündə birləşdirən Egey bölgəsində beyin ölümü olan şəxslərdən orqanların alınması komandasının da rəhbəri kimi fəaliyyət göstərirdim. Xüsusi ayrılmış nəqliyyat vasitələri, uzaq məsafələrə isə helikopterlər vasitəsi ilə gedərək orqanlarını bağışlamış donorlar üzərində əməliyyat yolu ilə orqanların çıxarılması əməliyyatını icra edir və fəaliyyət göstərdiyim mərkəzdə onların transplantasiyasını həyata keçirirdim. Bütün tibb sahələri, xüsusilə transplantalogiya bu sahədə ciddi təhsilə malik olmağı tələb edir.Bu sahənin qısa müddətli kurslarla və ya kənardan izləməklə öyrənilməsi mümkün deyil.
Eyni zamanda, Egey Universitetində təhsil aldığım müddətdə azərbaycanlı həkimlərin təhsil almalarına dəstək göstərmişdim. Hazırda bu həkimlər ölkəmizdə və xaricdə fəaliyyətlərini uğurla davam etdirirlər. 2008-ci  ildə Mərkəzi  Neftçilər  Xəstəxanasının  mərhum baş həkimi Fəxrəddin Cavadovun dəvəti ilə Bakıya gəldim və 2008-ci ilin 12 dekabrında Azərbaycanda  və Cənubi Qafqazda ilk dəfə olaraq  qaraciyər  transplantasiyası  əməliyyatını  müvəffəqiyyətlə icra etdik.
– Bu Azərbaycanda ilk orqan köçürülməsi idi, yoxsa…
– Əslində 1970-ci illərdə mərhum akademik Mirməmməd Cavadzadə tərəfindən ölkəmizdə böyrək transplantasiyası əməliyyatları üzrə işlərə başlanılmışdı, lakin qeyri-müəyyən səbəblərdən bu işlər davam etdirilməmişdir. 2010-cu ildə isə Azərbaycanda böyrək transplantasiyası əməliyyatları tərəfimizdən həyata keçirilməyə başlandı. Bu sahədə peşəkar komanda formalaşdı, rezidentlərin yetişdirilməsi istiqamətində işlərə başlanıldı. Yeri gəlmişkən qeyd etdim ki, transplantasiya əməliyyatlarının  icrası komanda işidir. Həkimlərimiz Türkiyədə, Yaponiyada, İngiltərədə təhsil almış peşəkarlardır. Bu işdə dövlətimizin dəstəyinin böyük rolu var. Belə ki, dövlətmizin dəstəyi  sayəsində  yerli mütəxəssislər, həkimlər  və tibb bacıları üçün Türkiyədə bir illik kurslar təşkil edildi. Həmin dövrdə Mərəki Neftçilər Xəstaxənasının maddi texniki bazası yeniləndi. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Mərkəzi Neftçilər Xəstəxanasında yeni şöbə açıldı. Bu, dövlətimizin Azərbaycan xalqına verdiyi töhfə, transplantalogiya sahəsinin inkişafına verdiyi dəyər idi. Sonrakı illərdə peşəkar kadrlar hazırlandı, yerli mütəxəssislər bu işlərə cəlb olundu, komanda formalaşdırıldı və bugünədək fəaliyyətini uğurla davam etdirir.
– Orqan transplantasiyası sahəsində ciddi təcrübəyə malik bir mütəxəssis kimi hazırki fəaliyyətiniz barədə məlumat verərdiniz.
– 2018-ci ildən fəaliyyət göstərdiyim Mərkəzi Gömrük Hospitalı koronavirusdan əziyyət çəkən xəstələrin xidmətindədir. Bu istiqamətdə ciddi tədbirlər görür və ölkəmizin ən qabaqcıl xəstəxanalarından biri kimi bu mübarizəyə öz töhfəsini verir. COVİD-19 pandemiyası bizdən də yan keçmədi, müəyyən çətinliklərimiz oldu. Bütün bunlara baxmayaraq, fəaliyyətimizi yüksək səviyyədə davam etdiririk. Fəaliyyətimiz canlı donor şansı olan qaraciyər və böyrək xəstələri üzərində qaraciyər və böyrək transplantasiyası əməliyyatlarının həyata keçirilməsindən ibarətdir. Bu günə qədər 1500-ə yaxın orqan transplantasiyası əməliyyatı tərəfimizdən icra olunub. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, təcrübə və biliyimiz sayəsində bütün yaş qruplarından olan xəstələri uğurla əməliyyat etmişik. Ən az yaşlı pasientimiz anasının donorluğu ilə 7 aylıq körpə üzərində qaraciyər transplantasiyası və 4 yaşlı uşaq üzərində böyrək transplantasiyası əməliyyatlarıdır. Keçirdiyimiz ən mürəkkəb əməliyyat 7 yaşlı uşaq üzərində həm qaraciyər transplantasiyası, həm də açıq ürək əməliyyatının həyata keçirilməsi oldu. Bu dünyada nadir icra edilən bir əməlyat idi. Digər bir xəstə üzərində isə qaraciyər transplantasiyası və ürəyin aorta qapağının dəyişdirilməsi uğurla icra olundu.
Bu gün orqan transplantasiyası sahəsində nəinki ölkədə, həm də regionda liderliyimizi qoruyub saxlamışıq. Digər tərəfdən, donor əməliyyatları zamanı ən çox diqqət edilməli məqam donora zərər yetirilməməsidir. Böyrək donoru əməliyyatlarını laparoskopik (qapalı) üsulla həyata keçiririk. Bu üsul donorların kiçik bir dəlikdən əməliyyat olunmasına və 3-5 gün sonra normal həyat fəaliyyətinə qayıtmasına imkan verir. Peşəkar komandamız tərəfindən regionda ilk dəfə donordan qaraciyər götürülməsi əməliyyatı laparoskopik yolla icra edilib.
Bir xəstəyə eyni anda həm qaraciyər, həm də böyrək transplantasiyası, digər bir xəstəyə iki donordan dual qaraciyər transplantasiyası məhz bizim tərəfimizdən həyata keçirilib. Orqan çatışmazlığı bütün dünyada ciddi problemdir. Qan qrupları uyğun olmayan xəstələr arasında donorlarını dəyişərək çarpaz orqan transplantasiyası həyata keçirilir. Bu günədək təxminən 16-ya yaxın xəstə üzərində çarpaz orqan transplantasiyası əməliyyatı mümkün olub.
– Qarşılaşdığınız problemlər, çatışmazlıqlar nələrdir? Bu problemlərin aradan qaldırılması üçün hansı işlər görülür?
– Əlbəttə, hər bir sahədə olduğu kimi bizim sahəmizdə də müəyyən çatışmazlıqlar mövcuddur. Yalnız canlı donorlardan orqan götürülməsi ilə transplantoloji əməliyyatları icra edirik. Bu isə məhdud sayda insanın sağlamlığına qovuşması deməkdir. Ağciyər, ürək , mədəaltı vəzi , o cümlədən,  canlı donoru olmayan insanlar üçün qaraciyər və böyrək əməliyyatlarını da icra etmək üçün meyidlərdən orqanların götürülməsi tələb olunur.
Ölkə  prezidenti  cənab İlham Əliyein 2020-ci ildə imzaladığı fərmanla “İnsan orqan və ( və ya) toxumalarının transplantasiyası haqqında “  qanun yeniləndi, daha da mükəmməlləşdirildi. Bu qanuna əsasən, 2022-ci ildən bu istiqamətdə işlərə  start veriləcək. Düşünürəm ki, yaxın gələcəkdə meyid orqanlarından da istifadə edərək orqan transplantasiyası əməliyyatlarını icra edəcəyik.
Qanun yeniləndiyi zaman işçi qrupunun üzvlərindən biri kimi bu qanunun yenidən işlənilməsində birbaşa iştirak etdim. Buna görə də , əminəm ki, həm həkimlərimiz, həm də dövlətimiz meyid orqanından istifadə edərək transplantoloji əməliyyatların həyata keçirilməsinə maraqlıdır. Bu maraq  dövlətin vətəndaşının sağlamlığına olan diqqətindən irəli gəlir. Bu proses artıq yekunlaşma mərhələsindədir. Bu mexanizmə daxil olan beyin ölümü diaqnozunun qoyulması, orqan transplantasiyası  koordinatlarının yetişdirilməsi, milli koordinasiya mərkəzinin yaradılması və s.  istiqamətdə işlər davam etdirilir.
– Mircəlal həkim, müsahibəniz üçün sizə təşəkkür edirəm. Orqan transplantasiyası əməliyyatlarının icra olunması ölkə üçün böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Əminliklə deyə bilərik ki, qonşu ölkələrdə Azərbaycanda olduğu kimi aktiv şəkildə transplantasiya proqramları icra olunmur. Bu sahədə uğurlu fəaliyyətinizə görə də sizə minnətdarlığımızı bildiririk.
– Çox sağ olun. Fürsətdən istifadə edərək bütün xalqımızı Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni İl münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Yeni İl dövlətimizə, xalqımıza uğurlar gətirsin. Qazandığımız tarixi və böyük qələbədən sonra dünya arenasında daha geniş fəaliyyətimizə imkanlar yaranmaqdadır. Xalqımızın iradəsi və bütün türk dünyasına verdiyi töhfələr yeni uğurlarımızın rəhnidir. Bir daha təşəkkür edirəm.

Namiq Qədimoğlu