CƏMİYYƏT

Milli Məclis sədrinin müavini Adil Əliyev: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ulu Öndərin Azərbaycançılıq məfkurəsinin, millət quruculuğunun rəmzidir”

Ulu öndər, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis edilməsi onun Azərbaycanda millət quruculuğuna töhfəsi idi. Bu əlamətdar hadisənin SSRİ-nin varlığına 1991-ci il 8 dekabrda rəsmi surətdə son qoymuş Belaveja anlaşmasının imzalanmasından cəmi bir həftə sonra baş verməsi məntiqlidir.

SSRİ-nin süqutu ilə digər sovet respublikaları kimi Azərbaycan da müstəqillik əldə etdi.

Yenicə müstəqillik qazanmış ölkələrə xas xüsusiyyətlərdən biri millət quruculuğu prosesinin həyata keçirilməsidir. Yunan əsilli Amerika alimi Harris Milonas qeyd edir ki, “müasir milli dövlətlərdə hakimiyyətin legitimliyi xalqa, əksəriyyətə bağlıdır. Belə əksəriyyət isə millət quruculuğu vasitəsilə əmələ gətirilir”. Əks halda isə xalq və ya ölkə əhalisi özünü azlıq hiss edən müxtəlif qruplara bölünür və millət kimi formalaşa bilmir. Millət kimi formalaşa bilməmək və onun acı nəticəsi olaraq xalqın pərakəndəliyi milli birliyə və dövlətçiliyə böyük təhdiddir. Həm də millət quruculuğu olmadan təkcə dövlət quruculuğu ölkənin həqiqi müstəqilliyi üçün yetərli deyil.

Ulu öndər hələ SSRİ-nin güclü olduğu zaman həmin dövrün şərtləri daxilində millət quruculuğu sahəsində mümkün olan addımları atmışdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin Azərbaycanda yaradılması, Bakı şəhərində demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsinin qarşısının alınması və azərbaycanlı əhalinin sayının bərpa edilməsi, Şuşada Qarabağ xanının vəziri və şair Molla Pənah Vaqifin məqbərəsinin açılışı, Vaqif poeziya günlərinin keçirilməsi və digər addımlar Ulu Öndərin sovet dövründə millət quruculuğuna yönəlmiş silsilə işlərindəndir.

SSRİ kimi nəhəng ölkənin böyük dövlət xadimi olaraq Heydər Əliyev millət quruculuğunun vacibliyini gözəl bilirdi. Ən azı ona görə ki, SSRİ-nin dağılmasında əsas amillərdən biri onun mövcud olduğu 70 il ərzində millət quruculuğu işinin uğursuz olması idi.

Millət quruculuğu bir qayda olaraq dövlətin sərhədləri daxilində baş verir. Amma dünya təcrübəsi göstərir ki, bir sıra dövlətlərdə millət quruculuğunun xarici ölçüsünün və ya beynəlxalq uzantısının olması bu prosesi daha təsirli edir. Bu zaman diaspora icmaları və lobbi qrupları xüsusi önəm daşıyır. Yəhudi, yunan və erməni diasporu kimi güclü diasporların fəaliyyətinə nəzər salsaq, görərik ki, onların tarixi vətənlərində dövlət və millət quruculuğuna təsirləri böyükdür. Amma bu, Ermənistanda millət quruculuğunun işğal siyasəti ətrafında həyata keçirilməsi ilə nəticələnib. Yəni Ermənistan cəmiyyəti işğal və absurd “Böyük Ermənistan” ideyası ətrafında mono-etnik şəkildə birləşib. Bunun nəticəsi isə Ermənistanın ən yaxşı halda yarımmüstəqil vəziyyətə, əslində isə forpost rolunda çıxış etməsinə gətirib çıxarıb.

Bu fonda aydın görünür ki, Azərbaycanda millət quruculuğu mono-etnik deyil, əksinə tamamilə multikultural, inklüziv xarakter daşıyır. Azərbaycanın öz diasporunun təşkilatlanması və əlaqələrin qurulması dünyada bütün azərbaycanlıların həmrəyliyinə və ümumi vətənimiz Azərbaycan dövlətinə bağlılığına əsaslanıb. Bu da Ulu Öndərin Azərbaycançılıq məfkurəsinin özəyini təşkil edir.

Bizim bir xüsusiyyətimiz isə ondan ibarətdir ki, yuxarıda qeyd etdiyimiz diasporlar öz tarixi vətənlərinə ciddi maddi və siyasi yardımları ilə xarakterizə olunurlar. Azərbaycanda isə əksinə, dövlətimiz, hökumətimiz xaricdəki diaspora təşkilatlarımızın formalaşmasına və fəaliyyətinə töhfə verir.

Azərbaycançılıq məfkurəsi və diaspor fəaliyyətimiz dini və ya etnik sərhədlərlə məhdudlaşmayıb. Azərbaycançılıq ümumbəşəri dəyərlərə hörmətə, dini, etnik, dil və sair mənsubiyyətindən asılı olmayaraq, Azərbaycana və Azərbaycan dövlətinə bağlılığa və Azərbaycana bağlı olanların həmrəyliyinə əsaslanır. Fərqli dinə, fərqli etnik kimliyə mənsub insanlar da Azərbaycan diasporu sıralarında geniş yer alır və Azərbaycanlı hesab olunurlar. Onların arasında dünya şöhrətli musiqiçilər Mstislav Rastropoviç və Müslüm Maqomayev, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı Lütfi Zadə, fotoqraf Reza Deqqati, Şuşada doğulmuş Əhməd bəy Ağaoğlunun varisləri, Şuşanın müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş yəhudi əsilli vətəndaşımız və Milli Qəhrəmanınız Albert Aqarunovun mənsub olduğu yəhudi icmasının nümayəndələri, eləcə də Bakıda doğulub böyümüş etnik rus Nikolay Baybakov və başqaları kimi dinindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycana bağlı çoxsaylı həmvətənlərimizin adlarını qeyd edə bilərik.

Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin, İlham Əliyevin dövlət siyasəti elan etdiyi multikulturalizm doktrinasının millət quruculuğunda və milli həmrəyliyimizin formalaşmasındakı rolu əvəzsizdir. Dünya Azərbaycanlılarının həmrəyliyinin və millət quruculuğunun bəhrəsini Vətən müharibəsində də gördük. Ermənistan və digər xarici qüvvələr Azərbaycanın etnik və dini mənsubiyyət baxımından zəngin bir ölkə olduğu üçün müharibənin gedişində kimlik zəminində nifaq salmağa cəhdlər etdilər. Elə cəhdlərə ən yaxşı cavab Azərbaycandakı bütün xalqların nümayəndələrinin din və etnik mənsubiyyətindən asılı olmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları oldu. Dünya Azərbaycanlıları isə müharibənin gedişində öz mənəvi dəstəklərini və doğma vətənlə həmrəyliklərini əsirgəmədilər. Şuşaya və işğaldan azad edilmiş digər ərazilərimizə diasporda olan həmvətənlərimizin səfərlərinin təşkil edilməsi isə həmrəyliyimizi daha möhkəm, mənəvi tellərlə bağlayır və millət quruculuğumuzun beynəlxalq uzantısını gücləndirir.

Ulu Öndərin azərbaycançılıq məfkurəsini və millət quruculuğunu əks etdirən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramınız mübarək!