SİYASƏT

Azərbaycanın diplomatik uğurları: İkinci Qarabağ müharibəsində tarixi Qələbəsini şərtləndirən mühüm amillər

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın diplomatik uğurları: İkinci Qarabağ müharibəsində tarixi Qələbəsini şərtləndirən mühüm amillər” sərlövhəli məqaləsini təqdim edir.

Müasir geosiyasi şəraitdə Azərbaycanın milli
maraqlara əsaslanan xarici siyasəti

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 18 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilib. Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

2003-cü ildən keçən müddət ərzində müxtəlif vaxtlarda dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.

Qeyd etmək lazımdır ki, 2020-ci ilin yanvar ayında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyev moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı böyük önəm kəsb edir. Dövlət başçısının bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində qazandığımız bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub.

Beynəlxalq təşkilatlarla münasibətlərin keyfiyyətcə yeni müstəvidə inkişafı

Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir.

Bu illərdə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənib. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün Yekun Bəyannaməsində də Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək və hörməti öz əksini tapıb. Onlar regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasının zəruriliyini bildiriblər.

Bununla yanaşı, 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Zirvə görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən mühüm hadisə oldu. Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur. Bununla yanaşı, son iki ildə ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər son 18 ildə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsində
beynəlxalq təşkilatlarin sənədləri əsas hüquqi baza oldu

Azərbaycan Prezidenti İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş, xüsusilə, son 18 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratmışdı.

Bu baxımdan son illər ərzində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün əsas amillərdən biri oldu. İlk növbədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 4 qətnamə (822, 853, 874, 884) icra edilməli idi. 2021-ci il iyunun 26-da Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bildirdi ki, Azərbaycan Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut etməli idi: “Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları bu saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Bizim isə imkanlarımız çox məhdud idi. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi” .

Azərbaycanın diplomatik səyləri ilə keçən dövr ərzində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı qətnamə və qərarlar qəbul etmişlər.

Son illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi dövlət başçısı İlham Əliyevin yürütdüyü ölkəmizin milli maraqlarına söykənən xarici siyasətinin nəticəsi idi. Ümumiyyətlə, Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində beynəlxalq təşkilatlarin sənədləri əsas hüquqi baza kimi tarixi Qələbəni şərtləndirən amillərdən biri oldu.

Azərbaycan Prezidenti tərəfindən terrorizmi dəstəkləyən dövlət kimi
Ermənistanın işğalçilıq siyasətinin dünyaya çatdırılması

Dövlət başçısı İlham Əliyev Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məsələsinə diqqəti bir daha cəlb edərək 2016-cı il iyunun 3-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında demişdir ki, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır və Ermənistandan başqa heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Məlumdur ki, Ermənistanın diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb və onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər, eləcə də orada təmsil olunurlar.

Prezident İlham Əliyev bildirib ki, bu istiqamətdə işimizi daha da təkmilləşdirməli, ilk növbədə, xarici media ilə iş aparılmalı, çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi müxtəlif media orqanlarında təmsil olunsunlar: “Onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur”. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, biz bunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük”. Eyni zamanda, Prezident bildirib ki, diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr güclənməli, o cümlədən xarici ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır.

Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Ermənistanın yürütdüyü siyasət, tutduğu mövqe tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

Prezident İlham Əliyev qətiyyətli mövqeyi – “Valday”dan dünyaya bəyan edilən “Qarabağ Azərbaycandır və nida işarəsi”

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Ermənistanın yürütdüyü siyasət, tutduğu mövqe tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu Azərbaycan Prezidenti 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçi şəhərində keçirilən XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa etdi. Bununla yanaşı, dövlət başçısı dünyaya bəyan etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Eyni zamanda, Prezident İlham Əliyev diqqətə çatdırdı ki, əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. İyirmi yeddi ildən artıqdır ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Ermənistan rəhbərliyi tərəfindən tez-tez səsləndirilən bəzi fikirlər, xüsusilə ermənisayaq “Dağlıq Qarabağ xalqı” ifadəsi yoxdur və yanlışdır. “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi: “Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir”.

Məlumdur ki, “Valday” klubu müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu platforma kimi yüksək dəyərləndirilir və bu gün müasir dünya nizamının aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Bu baxımdan, Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini tarixi və hüquqi əsaslarla ifşa edərək diqqətə çatdırdı ki, dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb və Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağın tarixi, əzəli Azərbaycan torpağı olduğunu bildirən dövlət başçısı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bu gün də davam etdiyini bildirərək dünyaya bəyan etdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Prezident İlham Əliyevin münaqişənin həllinə dair hər zaman olduğu kimi qətiyyətli və prinsipial mövqeyi təkcə təcavüzkar Ermənistana deyil, eləcə də dünyaya bir mesaj oldu.

Ermənistanın dövlət terrorizmi siyasətinin və faşist ideologiyasının faktlarla təsdiqi

Bunun ardınca 201-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq bir daha dünyaya bəyan etdi: “Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.

Dövlət başçısı vurğuladı ki, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

Prezident İlham Əliyev tutarlı faktlara əsaslanaraq təcavüzkar Ermənistanın faşist ideologiyasını ifşa edərək bildirdi ki, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları tərəfindən 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.

Bununla yanaşı, Prezident İlham Əliyev 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəlin qoyulduğunu, Ermənistanın yeni hakimiyyətinin bu heykəli götürmədiyini bildirərək diqqətə çatdırdı ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” beynəlxalq toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın və konkret şəkildə cavab verdi. Bununla da dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü bir daha dünyaya bəyan edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı və ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu bildirdi.

Ümumilikdə, Azərbaycan Prezidenti Ermənistan baş nazirinin son vaxtlar sərsəm çıxışlarına əsl “nida” işarəsi qoydu və dünya birliyinin diqqətinə çatdırdı ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır.

Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının təsdiqi

2019-cu il oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə bildirdi ki, ölkəmiz Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq, xüsusilə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan dövlət başçısı diqqətə çatdırdı ki, BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.

Bu baxımdan, Zirvə görüşü Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi. Sonda qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar.

Bununla yanaşı, Yekun sənədə ilk dəfə olaraq olduqca mühüm yeni bənd daxil edilmişdir. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə, 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Xüsusilə, Yekun sənəddə dövlət və hökumət başçıları Nasist hərəkatının, neonasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucaldılması, Nasist keçmişi, Nasist hərəkatı və neonasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də antihitler koalisiyasına qarşı döyüşmüş və Nasist hərəkatının iştirakçıları ilə iş birliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınaq obyektinə çevirdilər.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət başçıları Şurasının 2019-cu il oktyabrın 11-də Aşqabadda keçirilmiş sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə beynəlxalq səviyyədə verilən dəstəyin bariz göstəricisidir. Həmçinin yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunmuşdur. “Biz, Dövlət və Hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

Bu baxımdan, Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu Zirvə görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa olunmasına nail olundu. Bu, İslam Əməkdaşlıq Təşkilatından sonra ikinci beynəlxalq təşkilat tərəfindən Ermənistanın işğalçı dövlət kimi qəbul etdiyi sənədlərdə rəsmən tanınmasıdır.

Azərbaycan Prezidentinin Münxendə Ermənistanın yalan üzərində qurulmuş təbliğatının tarix və beynəlxalq hüquq baxımdan ifşa etməsi

2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

Heç şübhəsiz ki, Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlara əsaslanaraq Ermənistan baş nazirinin və dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırdı. Dövlət başçısı bildirdi ki, Qarabağın dağlıq hissəsinə erməni əhalisinin köçürülməsi XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra baş vermişdir.

Qeyd etmək lazımdır ki, hələ bundan əvvəl, XIX əsrin əvvəllərində – 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla çar Rusiyasının Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalanmışdı. Bu fakt onu göstərir ki, əgər ermənilər Qarabağ xanlığında yaşayıb vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı.

Azərbaycan Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artdı. Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədlər də təsdiq edir.

Nəticədə, 1828-ci ildən sonra Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən rəsmən 124 min (qeyri-rəsmi 200 min) erməni köçürülmüş, bu proses bütün XIX əsr boyunca davam etdirilmiş və bu da demoqrafik vəziyyətə müəyyən təsir göstərmişdir.

Bununla yanaşı, Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı. Qarabağ 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə quberniyasının tərkibində olmuş, sonralar 1921-1991-ci illərdə isə Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olmuşdur.

Ancaq Ermənistan rəhbərliyi tarixi faktları ermənisayaq təfsir edərək bildirir ki, Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etdiyi kimi, eyni yolla Qarabağ həm Sovet İttifaqından, həm də Sovet Azərbaycanından müstəqilliyini əldə edib. Bundan əlavə, Ermənistanın baş naziri tarixdən xəbərsiz və əsassız olaraq bildirdi ki, Qafqaz Bürosu Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olmasına qərar vermişdi.

Azərbaycan Prezidenti İlham Əliyev tutarlı faktlarla bu saxta tezisi ifşa etdi. Həqiqətən də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyərək Ermənistanda sovet hakimiyyətinin elan edilməsindən dərhal sonra ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atdılar. Bununla da iki sovet respublikası arasında ixtilaflar artdığından 1921-ci il iyulun 4-5-də RK(b)P MK-nın Qafqaz bürosunun plenumu məsələni müzakirə etməli oldu. İyulun 5-də plenumun səhər iclasında Qarabağ məsələsinə yenidən baxıldı. Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq yeni qərar qəbul etdi: “Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyini, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələri və daim Azərbaycanla sıx əlaqədə olmasını nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla, ona geniş vilayət muxtariyyəti verilsin”.

Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan tarixçilərinin və rəhbərliyinin dediyi kimi, əgər Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibində olsaydı, qərarda “Azərbaycan SSR-in hüdudlarında saxlanılsın” əvəzinə, “Azərbaycan SSR-ə verilsin” yazılardı. Nəticədə Qarabağ bölgəsinin dağlıq hissəsinə köçürülmüş ermənilərə 1923-cü il iyulun 7-də sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı status verilmiş və nəticədə bu hadisə Ermənistanın Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə olmuşdur.

Bununla yanaşı, Prezident İlham Əliyev vurğuladı ki, 1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu, sonra isə XX əsrin sonunda məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal etmiş, Xocalı soyqırımını törətmiş, nəticədə tarixən Dağlıq Qarabağda, həmçinin ətraf yeddi rayonda yaşayan azərbaycanlılar öz doğma yurdlarından məcburən köçkün düşmüşlər: “Azərbaycan ərazisinin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, eləcə də xalqımız etnik təmizləməyə məruz qalıb. 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti – Xocalı soyqırımını törətdi. Nəticədə aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır”.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, beynəlxalq hüquq məsələsinə gəlincə, yenə deməliyəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, eləcə də bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib və ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir.

Dövlət başçısı, həmçinin bildirdi ki, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyri-qanuni qurumu tanımır və Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə bağlı beynəlxalq təzyiq daha çox Ermənistana göstərilməlidir: “Çünki BMT Təhlükəsizlik Şurasından daha yuxarı olan beynəlxalq orqan yoxdur. Onlar 4 qətnamə qəbul ediblər. Onları yoxlamaq çox asandır. Mütəxəssislərə onların nömrələri məlumdur. Onlar nə deyir: Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin onun ətrafındakı 7 rayon da işğal olunub. Ermənistan bunu gizlətmək istəyir. Bu, həmin 7 rayondur ki, ermənilər heç vaxt orada yaşamayıb”.

Bununla yanaşı, Prezident İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşadan və 7 rayondan bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Eyni zamanda, ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər: “Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq. Ona görə də beynəlxalq ictimaiyyət izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır. İkincisi, təcavüzkara ciddi təzyiq göstərməlidir ki, dayansın”.

Ermənistanın baş naziri Dağlıq Qarabağda Şaumyan adlı rayon var idi deməklə tarixdən xəbərsiz olduğunu göstərdi və yenə də tarixi faktları ermənisayaq təfsir etmək istədi. Azərbaycan Prezidenti İlham Əliyev çox tutarlı cavab verərək bildirdi ki, əvvəla, Şaumyan adlı rayon Dağlıq Qarabağda deyildi və Şaumyan bolşeviklərdən biri idi, eləcə də günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Bununla yanaşı, əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb: “Çünki paytaxtın qədim adı Xankəndidir – Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür”.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Ermənistanın baş naziri Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir: “O, çox yaxşı bilir və mən də bilirəm ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan”. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu, başqa sualdır. Lakin o, tərəf deyil və biz onlarla danışmayacağıq. Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir”.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsassızdır, tarixi faktların və beynəlxalq hüquq prinsiplərinin ermənisayaq təfsirindən başqa bir şey deyil. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni və heç bir dövlət tərəfindən tanınmayan qondarma qurumun rejimini tanıtmaq üçün göstərdiyi cəhdlər beynəlxalq hüquqa ziddir və heç bir əsası yoxdur. Çünki Dağlıq Qarabağ bölgəsinin erməniləri digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycanda yaşayan milli azlıqlardan biridirlər. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bununla yanaşı, əgər bütün xarici ölkələrdə yaşayan erməni icmaları yaşadıqları həmin ölkələrin ərazilərində “öz müqəddəratını təyin etmək” adı ilə yeni süni dövlətlər yaratsalar, bu halda dünyada, o cümlədən Fransada, ABŞ-da, Rusiyada, Gürcüstanda, Azərbaycanda, Livanda, Argentinada və erməni icmaları yaşayan digər ölkələrdə yüzlərlə yeni qondarma erməni “dövlətləri” yaradıla bilər?! Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə dövlətlərin ərazi bütövlüyü, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Bu baxımdan Prezident İlham Əliyev Ermənistanın baş nazirinin diqqətinə çatdırdı ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib, onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”

Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Ermənistanın dövlət terrorizmi siyasətinin dünyaya çatdırılması

Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində çıxışı zamanı bildirdi ki, danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, “Dağlıq Qarabağ xalqı” adlı anlayış yoxdur. Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan.

Beləliklə, Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş nazirini faktlarla növbəti dəfə ifşa etdi. Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmiş, törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunmuşdur. Qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın o vaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilmiş, mənzil və işlə təmin olunmuşdur. Son vaxtlaradək Ermənistanda sərnişindaşıma şirkətlərindən birinin sahibi olan terrorçu V.Karapetyan Dilicanda yaşamışdır. Bu, bir daha onu göstərir ki, qanlı terror törədən beynəlxalq terrorçunun Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir.

Ermənistan baş naziri çıxışında Münxen Təhlükəsizlik Konfransında olduğu kimi, növbəti dəfə daha bir yalan uydurdu. Yəni, o, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi, lakin, Ermənistanın baş naziri beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə çətin vəziyyətə düşdü və həmçinin özünü gülünc vəziyyətə saldı.

Azərbaycan Prezidentinin son vaxtlarda səsləndirdiyi fikirləri bir daha xatırlamaq lazımdır: “Ermənistanda faşistlərə abidələr ucaldılır, bugünkü Ermənistan rəhbərliyi faşistlərə xidmət etmiş adamı qəhrəman kimi təqdim edir: “Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir”.

BMT Baş Assambleyasında Ermənistanın işğalçılıq siyasəti və hüquqazidd əməlləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması

“Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini dəfələrlə bütün dünyaya bəyan edən dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da öz prinsipial mövqeyindən dönməyəcək.

Bu fikirləri hər zaman beynəlxalq kürsülərdən bəyan edən dövlət başçısı İlham Əliyev 2020-ci il sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclası zamanı Qoşulmama Hərəkatının sədri kimi videoformatda çıxışında bir daha dünya ictimaiyyətini Ermənistanın işğalçılıq siyasəti, eləcə də son vaxtlar əsassız iddiaları və beynəlxalq hüquqa zidd addımları haqqında xəbərdar edərək bildirib ki, Ermənistan BMT qarşısında öz öhdəliklərini 30 ilə yaxındır kobud şəkildə pozmuş, Azərbaycana qarşı hərbi güc vasitəsilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir.

Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərdə 1993-cü ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələrin yerinə yetirilmədiyi dovlət başçısı tərəfindən bütün mühüm beynəlxalq platformalarda dünya ictimaiyyətinin diqqətinə dəfələrlə çatdırılıb.

Dövlət başçısı bir daha bildirdi ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir: “Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”.

Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozmuş və “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbə olmuşdur. Bununla yanaşı, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Dövlət başçısı bildirib ki, nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Təcavüzkarın ritorika və təxribatlarının davam etməsi ilə Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirdiyini diqqətə çatdıran dövlət başçısı BMT-ni və bütövlükdə beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə çağırış edərək deyib ki, gərginliyin artırılmasına görə məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bunun ardınca Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı bir daha dünya birliyinin diqqətinə geniş şəkildə Ermənistanın təcavüzkar siyasəti haqqında məlumatları çatdırdı. Dövlət başçısı bildirdi ki, Ermənistan Beyrutdakı partlayışdan sonra vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə qanunsuz məskunlaşdırma siyasəti ilə məşğuldur və bu da 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır, eləcə də müharibə cinayətidir. Prezident İlham Əliyev vurğuladı ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır və Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir. Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onlardan Azərbaycana qarşı istifadə edir, eləcə də erməni ASALA terror təşkilatının işğal edilmiş Azərbaycan ərazilərində olması ilə bağlı etibarlı məlumatlar var. Bununla yanaşı, dövlət başçısı diqqətə çatdırdı ki, erməni terrorçuları 24 türk diplomatını qətlə yetirmiş, Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir.

Prezident İlham Əliyev vurğuladı ki, nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir və mənfur nasist general Qaregin Njde “milli qəhrəmana” çevrilib, İkinci Dünya müharibəsindən sonra o, həbs olunaraq 25 illik azadlıqdan məhrum edilmiş və həbsxanada ölmüşdür. Ermənistanın paytaxtının mərkəzində Njdenin xatirəsinə 6 metrlik abidə ucaldılıb. ASALA kimi bir sıra digər terror təşkilatlarının üzvləri də bu ölkədə şöhrətləndirilir.

Dünya birliyinin diqqətinə çatdırıldı ki, Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “azərbaycanofob” fikirlər əks olunub. Ermənistan rəhbərliyinin düşməncəsinə verilən azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir və biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik.

Prezident İlham Əliyev təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyətin tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirdi: “Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün – iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik. Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir”.

Bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağıran Azərbaycan Prezidenti bəyan etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Xüsusilə son 18 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı.

Azərbaycanin İkinci Qarabağ müharibəsində Qələbəsi: hərbi-diplomatik uğurlar

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə, Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 22-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.

Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.

Nəticədə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi.

Şuşanın işğaldan azad edilməsi Zəfər Günü kimi tarixə yazıldı

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi.

Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2021-ci il dekabrın 21-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri zamanı hərbi hissənin açılışında İkinci Qarabağ müharibəsinində Qələbəni şərtləndirən əsas amillərdən biri kimi diqqətə çatdırdı ki, Hadrutdan sonra Şuşaya yolumuz açıldı və Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı: “Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil”.

Azərbaycan Prezidentinin prinsipial mövqeyi informasiya məkanında da uğurlarımızı şərtləndirirdi

Qeyd etmək vacibdir ki, 2016-cı ilin Aprel döyüşləri – Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı və Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”.

Hər zaman, xüsusilə, Münxen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin Zəfər çalmasını şərtləndirdi.

Azərbaycanın hərb meydanında tarixi Qələbəsini yüksək dəyərləndirən dünyanın bir sıra hərbi-siyasi ekspertlərinin fikirlərini Ukraynanın “İnter” telekanalının müxbiri də təsdiq etdi: “Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi üçün xüsusi əməliyyat mənim fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbçilər arasında tələfatın minimuma endirilməsi, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcək”.

Bu baxımdan, bir sıra aparıcı beynəlxalq KİV-lərə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırıb, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin Zəfər çaldığını göstərdi. Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə, həm də fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-nin gündəmində, əsas xəbər başlıqlarında yayılaraq Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirmişdir ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik.

Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!