GÜNDƏM

Vətən müharibəsində Beyləqanın ilk şəhidi olan Röyal Cəfərlinin xatirəsi anılıb

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Röyal Cəfərlinin doğum günündə xatirəsi yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 44 günlük Zəfər yürüşündə qəhrəmanlıq dastanını öz qanları ilə yazan şəhidlərdən biri də Cəfərli Röyal İkrəm oğludur. Vətən müharibəsində Beyləqanın ilk şəhidi olan Röyalın doğum günü ondan qalan qəhrəmanlıq dolu xatirələri ilə qeyd olunur. Yaşasaydı 23 yaşı tamam olacaqdı qəhrəmanımızın. Röyalın 23-cü doğum günü ilə əlaqədar onun ailəsi, dostları, döyüşçü yoldaşları məzarını ziyarət ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.

Şəhid anası Rahilə Cəfərova qəhrəman övladı barədə gözüyaşlı olsa da, qürurla danışır. Bildirir ki, Röyal üçün Vətən bütün varlıqlardan əziz oldu. Elə məhz bu amalla o, şəhidlik zirvəsinə ucaldı.

Röyal haqqında danışan atası İkrəm Cəfərov bildirir ki, o, hələ azyaşlı vaxtlarından hərbiyə böyük maraq göstərirdi. Xidmətini bitirdikdən sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Vətənin keşiyində dayandı. Döyüşlərin ilk günündə isə ön sıralarda yer aldı, cəbhə xəttinin yarılmasında şücaəti ilə seçildi.

Onun döyüşçü yoldaşı Cavid Cəfərov deyir ki, nizam-intizamı, vətənpərvərliyi ilə seçilən Röyal xidmətində hər zaman fərqlənirdi. “O, xidməti dövründə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib. Dilində bir söz vardı – Vətən. Vətən üçün canını fəda edən ilk igidlərdən biri də elə Röyal oldu. Şəhidlərimizin qanı bahasına azad edilən o torpaqlarla yanaşı, şəhidlərin qisası alındı”, – deyə Cavid Cəfərov bildirib.

Röyalın anım günüdə məktəblilər tərəfindən qəhrəmanlara həsr edilən şerlər səsləndirilib.

Qeyd edək ki, Cəfərli Röyal ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.