GÜNDƏM

Gürcüstanın “Adjara.ps” qəzetində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı məqalə dərc olunub

Gürcüstanda geniş oxucu kütləsinə malik “Adjara.ps” qəzetində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü ilə dərc olunan məqalədə dünya azərbaycanlılarının vahid amal ətrafında birləşmələri ideyasının yaranma tarixi, əhəmiyyəti barədə oxuculara ətraflı məlumat verilir.

Məqalədə deyilir ki, bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Onlar minilliklər boyu öz tarixi torpaqlarında yaşayıb, bəşər sivilizasiyasının inkişafına mühüm töhfələr veriblər. Dünyada gedən müharibələr, münaqişələr, inqilablar, ictimai-siyasi proseslər nəticəsində azərbaycanlıların bir qismi öz yurd-yuvasından didərgin salınmış, deportasiya edilmiş, işlə təmin olunmaq, təhsil almaq üçün vətənlərini tərk ediblər. Bunun nəticəsidir ki, bu gün dünyanın hər yerində azərbaycanlılar yaşayır.

Lakin uzun müddət Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə yaşayan soydaşları ilə görüşmək və ünsiyyət qurmaq imkanından məhrum idilər. Sovet İttifaqının qadağaları qardaşın qardaşla görüşməsinə mane olurdu. 1980-ci illərin sonlarında sovet rejimi zəifləməyə başlayandan Azərbaycan xalqı öz soydaşları ilə əlaqələr qurmaq səylərini gücləndirdi.

Məqalədə qeyd edilir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonunda Naxçıvanda sərhədlərin (Sovet İttifaqı-İran sərhədi) sökülməsi zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb.

Sonra İstanbulda türkdilli xalqların konfransı keçirilib. Konfransda, həmçinin dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması qərara alınıb.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin yaradılmasının vacibliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.

Beləliklə, bütün azərbaycanlılar üçün əziz gün olan 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas ideyası dünya azərbaycanlılarının birliyindən, Azərbaycan dövlətçiliyi və xalqımızın milli-mənəvi dəyərlərə hörmətindən ibarətdir.

Məqalənin sonunda Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə Acarıstan Muxtar Respublikasında yaşayan soydaşlarımızı, Azərbaycan diasporunun üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, dekabrın 31-nin dünya azərbaycanlıları üçün vacib tarixi məna daşıdığını qeyd edib.