KRİMİNAL

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 36 cinayətin üstünü “isti izlər”lə açıblar

Daxili İşlər Nazirliyi (DİN) yanvarın 3-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 36 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.