DÜNYA

Nyu Yorkda yanğın fəlakəti: 9-u uşaq olmaqla 19 nəfər ölüb

Nyu York Yanğın Departamentinin (FDNY) rəsmisi ABŞ-ın Nyu York şəhərində 19 mərtəbəli yaşayış binasında baş verən yanğında 9-u uşaq olmaqla 19 nəfərin həyatını itirdiyini bildirib. Yanğında ölənlərin sayının artacağı ehtimal edilir. Nyu York Yanğın Departamentinin komissarı Daniel Niqro mətbuat konfransında bildirib ki, yanğın zamanı aralarında uşaqlar da daxil olmaqla ən azı 63 nəfər xəsarət alıb, 32 nəfərin həyatı üçün təhlükə var. Niqro dəqiq rəqəm açıqlamasa da, yanğında “çoxlu itki”-nin gözlənildiyini bildirib. Yanğınsöndürənlərin hər mərtəbədə xəsarət alanlarla rastlaşdığını qeyd edən Niqro, onlardan bəzilərinin ürəkləri və nəfəsləri dayanmış halda binadan çıxarıldığını söyləyib. Niqro yanğını 1990-cı ildə 87 nəfərin ölümüylə nəticələnən “Happy Land” yanğınına bənzədib.Yanğının binanın 2-ci və 3-cü mərtəbələrini əhatə edən dupleks mənzildə baş verdiyini, yanğınsöndürənlərin yanğına müdaxiləsi zamanı mənzilin qapısının açıq tapıldığını ifadə edən Niqro, bunun yanğının və tüstünün sürətlə yayılmasına səbəb olduğunu bildirib. Qeyd edək ki, binaya baxış keçirən rəsmilər yanğına portativ elektrik qızdırıcısının səbəb olduğunu bildiriblər. Eyni zamanda, hər il bu qızdırıcıların hesabına 1100-ə yaxın yanğının baş verdiyi diqqətə çatdırılıb. Nyu York meri Erik Adams verdiyi açıqlamada, yanğının müasir dövrdə Nyu Yorkda şahid olduqları ən pis yanğınlardan biri olacağını söyləyib.