CƏMİYYƏT

Ombudsman Aparatı təsisatın loqotip dizaynının hazırlanması üzrə müsabiqə elan edir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı təsisatın loqotip dizaynının hazırlanması üzrə müsabiqə elan edir.

Aparatın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dizayn nümunəsi 21 fevral saat 18:00-dək minimum ölçüsü 1280×960 olmaqla info@ombudsman.az  elektron ünvanına göndərilməlidir. Bir iştirakçı tərəfindən müsabiqəyə indiyə qədər istifadə edilməyən yalnız 2 (iki) ədəd dizayn nümunəsi təqdim oluna bilər. İştirakçılar tərəfindən müsabiqəyə təqdim edilən loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s.) 200 sözdən artıq olmamaq şərti ilə verilməlidir.

Eyni zamanda, müraciət mətninə müəllifin tam adı, ünvanı, elektron poçt ünvanı və əlaqə nömrəsi daxil edilməlidir.

Qeyd etmək lazımdır ki, qalib loqotip dizaynının müəllifi və fərqlənən iştirakçılar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən fəxri fərmanla təltif olunacaq. Qalib üçün müəyyənləşdirilmiş mükafat fondu 700 AZN təşkil edir.