CƏMİYYƏT

Azərbaycanın tarixi turizmi və onun perspektivləri

“Turizm” və “turist” sözləri müasir dövrün ən çox dəbdə olan ifadələrinə çevrilib. Bu sözlərin kökündə latın və yunan mənşəli “tur” sözü dayanır. İngilis dilinə keçən bu söz XVII əsrdən “səyahət” mənasını ifadə edir. Beləliklə, tur sözündən əmələ gələn turizm bu prosesi, turist isə onun iştirakçısını ifadə edir. “Turizm” sözünün meydana gəlməsi fransız yazıçı Anri Stendalın (1783-1843) adı ilə əlaqələndirilir.

Hazırda turizm nəhəng sənaye sahəsinə çevrilib. Turizmdə baş verənlər bununla da kifayətlənmir. Bu sahədəki proseslərin dərindən dərk edilməsi və idarə olunması yeni elmi istiqamətin yaranmasını da zəruri edib. Turistika, turizmologiya və ya turizmşünaslıq adlı elmin yarandığı bildirilir. Turist bu elmin subyekti, turizm sənayesi obyekti, turizm məhsulu isə predmeti hesab olunur.

Turizm ümumi ifadə olduğu üçün onun tərkibinin öyrənilməsinə xüsusi diqqət verilir. Bu məqsədlə turizmin təsnifatı aparılır, onun tip, növ və forması müəyyən edilir. Hazırda turizmin üç yüzdən çox növündən bəhs olunur və onlar artmaqda davam edir. Turizmin yeni növləri içərisində selfi, industrial və s. dəbdədir. Bir zamanlar xəyal kimi görünən kosmik turizm isə bu gün reallığa çevrilir.

Turizmin təsnifatı zamanı akademik əsərlərdə və ya dərsliklərdə məqsəd və motivasiya əsas götürülərək mədəni və ya mədəni-idraki (dərk etmə) turizm növü xüsusi ayrılır. Bu nominasiya ilə tarixi, dini, etnik, etnoqrafiya, arxeologiya və s. turizm növləri bir araya gətirilir. Turizmə dair publisistikada isə  kombinə edilmiş tarixi-mədəni turizmdən bəhs olunur.

Turizm üçün olduqca mühüm olan beynəlxalq təcrübəni nəzərə alaraq, unifakasiya məqsədi ilə belə yanaşma Azərbaycan üçün də qəbul edilə bilər. Hər bir halda tarixi turizm bu kompleksdə mərkəzi yer tutur. Əsas məsələ isə tarixi turizmin şərhi ilə bağlıdır. Belə ki, tarixi turizm dedikdə, əsasən, mədəni-tarixi abidələr ilə tanışılıq kimi məsələ ön plana çəkilir, bu da onun mahiyyətini və əhəmiyyətini tam ifadə etmir. Beləliklə, müasir turizmin nəzəri-təcrübi nailiyyətləri əsasında tarixi turizmin əsas məsələlərinin,  həm mədəni-idraki turizm kontekstində, həm də ümumi turizm sistemində yerinin müəyyən edilməsi qarşıda durur.

Tarixi turizmin prinsipial məsələsi tarixlə turizmin qovşağında meydana gəlməsindədir. Burada hər iki bilik sahəsinin-tarix və turizmin nailiyyətləri üzvi şəkildə birləşir. Tarixi turizmin predmetinin müəyyən edilməsində əsas rol turizmə məxsus olur. Tarix isə turizmin tələbinə uyğun olaraq turistlərə yüksək səviyyəli turizm məhsulları təqdim edə bilməlidir.

Tarixi turizm turistika elmi sisteminin tərkib hissəsi olmaqla bərabər, özü də sistem kimi çıxış edir.  Bunu nəzərə alaraq tarixi turizmin predmetinə yeni münasibət yaranır. Tarixi turizm tarix və mədəniyyət abidələrinin ümumi və konkret tarixi dövrlər ilə əlaqəsini, şəhər tarixi, hərbi tarix, turizmin yeni istiqamətlərindən olan industrial tarixi turizmi, əlamətdar ildönümləri üzrə hadisəvi turizmi, tarixi hadisələrin rekonstruksiyasını, ölkə üzrə dünyanın müəyyən  xalqlarının tarixi izləri üzrə səyahəti (nostalji turizmi) və s. əhatə edir.

Tarixi qoruqlar, tarix və tarix-diyarşünaslıq muzeyləri üzrə turizm də burada mühüm yer tutur. Arxeoloji, memarlıq, etnoqrafik, etnik və dini motivlər tarixi turizmin ümumi məqsədinə daxil olur. Bununla yanaşı, həmin sahələr daha geniş şəkildə ayrıca turizm növləri kimi də nəzərdən keçirilə bilər. Bütün bunları nəzərə alsaq, Azərbaycan turizmi tərkibində də tarixi turizmin yenidən nəzərdən keçirilməsi vacibdir.

Tarixi turizmin meydana gəlməsi turizm tarixi daxilində baş verib.Turizm qədim zamanlardan başlayaraq uzun inkişaf yolu keçib və yalnız 1841-ci ildə kütləvi hal alıb. Turizm fenomeninin banisi ingilis Tomas Kuk (1808-1892) hesab olunur. O zamandan keçən dövr ərzində turizm geniş inkişaf yoluna qədəm qoyub və qlobal hadisəyə çevrilib.

Azərbaycanda da qədim zamanlardan səyahətlər başlayıb. Azərbaycanın turizm tarixində, adətən, qədim dövr– XIX əsrin əvvəlləri, Rusiya imperiyası, sovet və müstəqillik dövrləri ayrılır. Azərbaycanın ümumi turizm tarixində tarixi turizmin meydana gəlməsini izləmək üçün daha təfsilatlı dövrləşmə lazımdır. İlk olaraq, qədim zamanlardan e.ə. IV əsrdə Albaniya dövlətinin yaranmasınadək olan dövr ayrıla bilər. Azərbaycanda tarixi turizmin ilk təcrübəsi bu zamanlar meydana gəlib. Albaniya dövrü (e.ə.IV-e.VII əsrləri), xüsusilə xristianlığın yayılması və dövlət dini kimi qəbul edilməsi səyahətlərdə də yeni meyllərə gətirib çıxardı. Albaniya dövrünə aid əsas məlumatların olduğu yunan və Roma müəlliflərinin (Herodot, Strabon və s.) informasiyası səyahətlərin nəticəsinə əsaslanırdı.  Xristianlığın yayılması ilə dini zəmində səyahətlər əmələ gəlir.

İslam dininin qəbul edilməsi və Azərbaycanın müsəlman dünyasının tərkib hissəsinə çevrilməsi ilə ərəb səyyahlarının səyahətləri genişlənir. Monqol imperiyasının yaranması və hakimiyyəti ilə fərqli bir dövr yaranır. Azərbaycan torpaqlarının geniş ərazili bir imperiyanın tərkibinə daxil edilməsilə buraya da səyahətlər artır.  Azərbaycan müəlliflərinin ölkənin şəhərləri, tarix və mədəniyyət abidələri haqqında tarixi və bədii əsərlərindəki məlumat və təsvirləri də (Nizaminin “İsgəndərnamə”-də Bərdəni təsviri və s.) səyahət təəssüratına əsaslanırdı.

XV əsrdə Azərbaycanda müstəqil dövlətlər yaranır. Güclü Səfəvi imperiyasına (1501–1736) hərbi-siyasi, iqtisadi maraqlara əsaslanan səyahətlər baş verir. Bu dövrü XVIII əsrin 30-cu illərinədək davam etdirmək olar. Əcnəbi səyyahların və onları müşayət edən rəssamların Azərbaycana səyahəti zamanı yeni bir istiqamət–tarix və mədəniyyət abidələrinin o zamankı vəziyyətini əks etdirən rəsmlər də yaranır. Adam Olearinin (1599–1671) səyahətnaməsində “Diribaba türbəsi”-nin rəsmi verilir.

Xanlıqların timsalında (əsasən, 1747-ci ildən) Azərbaycan dövlətçiliyi bərpa olunur. Bu dövrdə ən maraqlı məqamlardan biri ölkə tarixinə marağın daha da artması olur.  Azərbaycan torpaqlarının bölüşdürülməsi və Şimali Azərbaycanın Rusiya imperiyası tərkibində olduğu dövr də (XIX əsrin əvvəlləri– XX əsrin əvvəlləri) ayrıla bilər. Rusiya imperiyasının işğalından sonra Cənubi Qafqazda keçirilən ilk təsvirlərdə Azərbaycanın tarix və mədəniyyət abidələri, tarixi yerlərinə də geniş yer ayrılır. Bu o zamanadək olan ilk praktika idi. Bu dövrdə Azərbaycanda olan F.D.Monpere (1798–1850), A.Düma (1802–1870) və digər səyyahlar və ya onları müşayət edən rəssamlar da tarixi abidələrin rəsmlərini verib. Azərbaycanın tarix və mədəniyyət abidələri burada yaradıcılıq səyahətində olan Q.Qaqarin (1810–1893),V.V.Vereşşagin (1842–1904), A.P.Boqolyubov (1824–1896) və digər rəssamların əsərlərində əsas süjetlərdən biri olub. Səyyahlardan fərqli olaraq rəssamların (Rubo və b.) əsərlərində yeni bir istiqamət də meydana gəlib. Bu da özünü döyüş yerləri və səhnələrinin rəsm əsərlərinə gətirilməsində göstərir. Azərbaycanın təşkil olunmuş turizmi də bu dövrdə yaranır.

Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) ölkə həyatının bütün sahələrində yeni bir dövr açdı. Qısa müddətdə mövcud olmasına baxmayaraq, ölkənin tarixi-mədəni həyatına yenilik gətirildi. İlk dəfə olaraq dövlət muzeyi açıldı. Sovetləşmə ilə məqsəd-motivasiya dəyişiklikləri turizmə də ciddi təsir göstərdi, belə demək mümkünsə, sovet tarixi turizmi formalaşdı. Onun əsasında sovet ideoloji sistemi dururdu.

Müstəqillik əldə edildikdən sonra, bütovlükdə, turizmə, o cümlədən, tarixi turizmə münasibətdə yeni bir dövr başlandı. Müasir dövrdə Azərbaycan da bu qlobal hadisədə fəal iştirak edir. 2011-ci il ölkədə “Turizm ili” elan olunub, respublikada ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi qəbul edilib, Dövlət Turizm Agentliyi yaradılıb. Bu da tamamilə təbiidir, çünki bu mühüm sektordan daha çox iqtisadi səmərə əldə etmək strateji məsələyə çevrilib. Bununla eyni zamanda, turizm ölkə daxilində özünüdərk, beynəlxalq aləmdə isə özünütanınma üçün unikal imkanlar açır.

Azərbaycanın tarixi turizmində müəyyən problemlər də var. Bu ilk növbədə Azərbaycanın Ermənistanın işğalı altında olan 700-dək dünya və ölkə, o cümlədən yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin, beynəlxalq hüquqa zidd olaraq, barbarcasına dağıdılması, etnik mənsubiyyətinin saxtalaşdırılması və külli miqdarda zərər vurulması ilə bağlıdır. Azərbaycan Respublikası dəfələrlə dövlət səviyyəsində bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırıb. Bu fakt həm də onu göstərir ki, Ermənistan bu ərazilərə işğalçı kimi gəlib, bu yol ilə həmin torpaqlardakı Azərbaycan tarixi irsinə zərbə vurmağa çalışır.

Azərbaycanın tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası üzərində xüsusi dayanmdan daha bir problemi də qeyd etmək lazımdır. Bu Azərbaycan abidələrinin təbliği ilə bağlıdır. Əldə olan faktlardan bir nümunə göstərək: Azərbaycanın tanınmış turizm obyektlərindən olan Kiş kilsəsi haqqında Wikipediya azad ensiklopediyasında “Kiş kilsəsi” məqaləsinə “Qafqaz Albaniyasının kilsələri” adlı xəritə əlavə edilib. Bu xəritə sonda elə verilib ki, məqalədə nə yazılmasından asılı olmayaraq Albaniya haqqında erməni tarixşünaslığının mövqeyini əks etdirir və antiazərbaycan xarakteri daşıyır. Belə ki, Azərbaycan albanşünaslığında Albaniyanın tarixi coğrafiyası 387 və 571-ci il müqavilələri ilə müəyyən edilmir. Bu xəritənin indiyədək orada qalması qətiyyən yolverilməzdir.

Bu və digər problemlər Azərbaycanın tarixi turizminin mövcud təcrübə, həmçinin yeni elmi-nəzəri   baxışlar əsasında hərtərəfli nəzərdən keçirilməsini, əsas istiqamət və perspektivlərinin müəyyən edilməsini zəruri edir.

Azərbaycanın tarixi turizminin əsas qaynağı onun keçdiyi zəngin inkişaf tarixi və ondan qalan tarixi irsdir. Azərbaycan qədim insan məskənlərindən biridir. Demək olar ki, dünyada məlum olan bütün arxeoloji dövrləri (daş dövrü, eneolit (xalkolit), tunc və ilk dəmir dövrü və s.) keçib. Tarixdə qüdrətli Azərbaycan dövlətləri və onları özlərinə tabe edən güclü imperiyaların hakimiyyəti bir-birini əvəz edib. Azərbaycan təbii zənginlikləri ilə bərabər, tarixi irsi və gözəllikləri də beynəlxalq aləmdə diqqəti cəlb edib. Bu potensial ölkəyə səyahət üçün vacib infrastrukturu – yolları, karvansarayları, iqtisadi-maliyyə imkanları – ilə fərqlənib.

Azərbaycan müharibələr, hərbi yürüşlər meydanı kimi təbii fəlakətlərə də məruz qalıb. Ona görə də tarix boyu yaradılan böyük irsin ancaq müəyyən hissəsi bu günə çatıb. Bununla eyni zamanda, həmin tarixi irs də Azərbaycanın keçmişi haqqında obyektiv mənzərə yarada bilir. Bu tarixi irs tarix və mədəniyyət abidələrində, hərbi-siyasi tarixin izlərində, titul xalqın zaman-zaman formalaşan tarixi etnoqrfiyasında, konfessional və etnik xəritədə və s. də əksini tapır.

Azərbaycanın tarix və mədəniyyət abidələrinin dolğun mənzərəsi Azərbaycan Respublikası ərazisnidə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə (dünya, ölkə, yerli) bölgüsünə dair siyahıda əks olunub. Burada 6 min 300-dən çox abidənin adı verilib. Tarix və mədəniyyət abidələri ölkənin keçdiyi tarixi inkişaf yolunu sənədləşdirən şahidlər kimi çıxış edir.

Kəmiyyətlə yanaşı, keyfiyyət göstəriciləri də tarix və mədəniyyət abidələrinin yeni-yeni potensialını aşkara çıxarır. Azərbaycanın dünya və ölkə əhəmiyyətli 430-dan çox tarix və mədəniyyət abidəsinin ümumi xronologiyasının hazırlanması və təhlili onun dinamikasını, tarixi dövrlə əlaqəsini aydın şəkildə nümayiş etdirir. Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan dövlət tarixi-bədii qoruğu və Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilib.

Azərbaycanın hərbi-siyasi tarixi də diqqətəlayiq tarixi irs yaradıb. Azərbaycan xalqının tarixi inkişaf boyunca yaratdığı adət və ənənələri, tarixi etnoqrfik nailiyyətləri də tarixi irsdə xüsusi yer tutur. Azərbaycanın etnik xəritəsi və konfesional zənginliyi də onun tarixi nailiyyətdir. Bunun əsasında multikulturalizm siyasəti hazırlanmış və uğurla həyata keçirilir.

Azərbaycanın turizm baxımından vahid coğrafi məkan kimi nəzərdən keçirilməsi təbiidir, lakin turizm potensialının tam ortaya çıxarılması baxımından kifayət deyil. Bu coğrafi, iqtsadi və s. sahələrdə də belədir. Ona görə də ölkənin ərazisi müxtəlif kriteriyalar əsasında rayonlaşdırılır. Bunların içərisində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının yanaşması xüsusi yer tutur. Burada tətbiq edilən regionlaşdırmanı və ölkənin tarixi inkişafının müvafiq təcrübəsi nəzərə alınaraq aşağıdakı tarixi turizm bölgələri ayırmaq olar: Bakı-Abşeron, Quba-Xaçmaz, Şirvan, Şəki-Zaqatala, Gəncə-Qazax, Qarabağ, Naxçıvan, Cavad-Salyan, Lənkəran-Astara. Bunlar ilə eyni zamanda, Xəzər dənizi də Azərbaycanın tarixi turizm bölgəsi hesab oluna bilər.

Azərbaycanın tarixi turizmi, digər turizm növləri kimi turist üçün cəlbedici məhsullar təqdim etməyə xidmət edir. Bu məhsulların müəyyən edilməsi, onun turlara çevrilməsi üçün tarixi turizmin əsas istiqamətlərinin Azərbaycan üzrə xüsusiyyətlərini müəyyən etmək zəruridir. Tarix və mədəniyyət abidələri ümumiyyətlə, o cümlədən, Azərbaycanın tarixi turizm sistemində mərkəzi yer tutur. Tarixi turizmin meydana gəlməsində tarix və mədəniyyət abidələri həlledici rola malik olub. Azərbaycana gələn səyyahlar ölkənin rast gəldikləri tarix və mədəniyyət abidələrinin təsvirləri ilə birgə, rəsmlərini də əsərlərində verib.

Keçmişə aid abidələrin turizm üçün mövcud imkanlarının müəyyən edilməsi şərtdir. Bunun üçün ölkənin tarix və mədəniyyət abidələrinə kompleks şəkildə yanaşmaq lazımdır. Burada tarix və mədəniyyət abidələrinin ölkə tarixinin dövrləri üzrə təsnifatı ən vacib yer tutur. Bu bir tərəfdən dövrlə abidə arasındakı əlaqəni, digər tərəfdən dövrlər arasındakı əlaqəni müyyən etməyə imkan verir. Çox maraqlıdır ki, Azərbaycanın tarix və mədəniyyət abidələrinin Azərbaycan tarxinin dövrləri üzrə bölgüsündən aydın olur ki, mürəkkəb və gərgin tarixi gedişata baxmayaraq, bütün dövrlər özünəməxsus abidələr ilə təmsil olunur. Burada ən cəlbedici məsələlərdən biri də ondan ibarətdir ki, Azərbaycan tarixinin dövrləri Yaxın və Orta Şərqin tarixi ilə sıx bağlı olduğundan, əslində daha geniş informasiyaya, cəlbediciliyə malik olur.

Azərbaycanın tarix və mədəniyyət abidələrinin tarixi baxımından potensial imkanlarından biri də ölkənin turizm bölgələri üzrə təsnifatı zamanı özünü göstərir. Adətən, şəhər tarixi üzrə turlar zamanı böyük şəhərlər əhatə olunsa da ölkənin turizm bölgələri bəzən diqqətdən kənarda qalır. Azərbaycanın dünya və ölkə miqyaslı tarix və mədəniyyət abidələrinin tarixi-turizm bölgələri üzrə təsnifatı belə bir mənzərə yaradır: bu abidələrdən 138-i Qarabağ, 122-si Bakı-Abşeron, 48-i Gəncə Qazax, 45-i Naxçıvan, 45-i Şəki Zaqatala, 19-u Şirvan, 13-ü Quba-Xaçmaz, qalanlar isə Cavad-Salyan və Lənkəran-Astara bölgələrinin payına düşür. Bölgələr üzrə təsnifat ümummilli tendensiyalar ilə yanaşı, regional xüsusiyyətləri də müəyyən etməyə imkan verir.

Tarixi arxeologiyasız təsəvvür etmək mümkün deyil. Arxeologiya yazıya qədərki dövr tarixi üzrə əsas söz sahibidir. Xronoloji baxımdan isə orta əsrlərə qədər gəlib çıxır və yazılı qaynaqların məlumatını genişləndirir. Arxeoloji tədqiqatların Azərbaycan tarixi üçün əhəmiyyəti xüsusilə böyükdür, çünki ölkənin tarixi keçmişi haqqında, əsasən, qeyri-yerli qaynaqlar üstünlük təşkil edir ki, onlar da reallığı təhrif edir. Ona görə də, Azərbaycan üçün qədim və orta əsrlər tarxinin tə       qdimatında tarixi-arxeoloji abidələr xüsusi yer tutur. Azərbaycan arxeologiyası bütün dövrlər üzrə dünya və ölkə əhəmiyyətli abidələr ilə təmsil olunur. Burada nadir mağara düşərgələri (Azıx, Damcılı, Qazma, Tağlar), yaşayış yerləri (Töyrətəpə, Çalağantəpə, Leylatəpə, Əliköməktəpə və s.), kurqanlar və s.vardır. Qədim şəhər yerləri də arxeoloji irsdə vacib yer tutur. Təsadüfi deyil ki, Azərbaycanın əksər arxeoloji abidələrinin öyrənilməsində beynəlxalq ekspedisyalar iştirak edir. Bu Azərbaycanın arxeoloji abidələrinin dünya üçün əhəmiyyətinin göstəricilərindəndir. Bütün bunlar arxeoloji abidələri Azərbaycanın tarixi turizminin önəmli istiqamətlərindən birinə çevirib. Arxeoparkların yaradılması ilə arxeoloji turizmin inkişafı daha da genişlənib. Bununla eyni zamanda, turistlərin bilavasitə qazıntı işlərində iştirakının təmin edilməsi, əldə olunan tapıntılardan, müəyyən qaydalar daxilində, onlara hədiyyə edilməsi və s. arxeoloji turizmin ən perspektivli istiqamətlərindən biri kimi ayrılmaqdadır.

Azərbaycanın tarix və mədəniyyət abidələrinin ən unikal xarakteristikasından biri də ondan ibarətdir ki, onlar funksiyasına görə qırxdan çox istiqaməti (məbəd, türbə, körpü və s.) əhatə edir. Bu da Azərbaycanın tarixi memarlığını, tikinti mədəniyyətini xüsusi turizm sahəsi kimi ayırmağa imkan verir.

Dünyada turizmin intensiv inkişaf edən istiqamətlərindən biri də dini turizmdir. Azərbaycan bu sahədə nadir imkanlara malik ölkələrdəndir. Azərbaycan atəşpərəstliyin ən qədim məskənlərindəndir. Atəşpərəstliyin mərkəzi-Qazaka da Azərbaycanın cənubunda yerləşirdi. Burada dini bayramlar keçirilirdi. Sasani hökmdarları baş məbəddə tac qoyurdu. Azərbaycanın şimalında, o cümlədən, Suraxanıda da atəşpərəstlərin məbədi yerləşirdi. O islam dininin yayılmasınadək mövcud oldu. Buna baxmayaraq, atəşpərəstlərin müqəddəs məbədi kimi zəvvarları özünə cəlb edirdi. XVII əsrdə onun yerində Hindistandan olan zəvvarlar yeni, Atəşgah məbədini tikdilər. Məbəd 1880-ci ilədək fəliyyət göstərdi. Azərbaycanın dini turizm tarixi baxımdan nadir fakt ondan ibarətdir ki, ölkə dini turizmin zəvvarlıq növünə də malik olub. Aleksandr Dümanın, rəssam Qaqarinin Atəşgaha səfəri zamanı burada atəşpərəstlərin dini mərasimləri həyata keçirilirdi. Məbədin bağlanmasından sonra Azərbaycanda yeganə zəvvarlıq turizmi aradan qalxdı.

Hazırda dini turizmin digər bir sahəsi-dini abidələr, fəaliyyət göstərən dini təsisatlar, xalq inanc yerlərinə səyahətlər əsas yer tutur.

Şəhər turizmi, xüsusilə, şəhər tarixi ilə bağlı yerlərə səyahət tarixi turizmin ənənəvi sahələrindən biridir. Azərbaycanda da şəhər tarixi turizmi mühüm yer tutur.  Bu da təsadüfi deyildir, çünki Azərbaycan qədim zamanlardan etibarən şəhərlər diyarı olmuşdur. Şəhərlər qədim zamanlardan Azərbaycana gələn səyyahların da diqqət mərkəzində olub. İlk vaxtlar şəhərlərin ümumi görünüşü və ya planına üstünlük verilsə də, sonralar şəhərlərin tarix və mədəniyyət abidələri və sosial-iqtisadi həyatının təsvirinə də üstünlük verilib.Yalnız bugünədək gəlib çatan şəhərlər deyil, tarix səhnəsini tərk edən Azərbaycan şəhərləri (Beyləqan, Şabran və s.) də arxeoloji qazıntılar nəticəsində aşkar edilib və turizm nöqteyi-nəzərindən maraqla qarşılanır. Hazırda tarixi qoruqların da xeyli hissəsi (İçərişəhər, Şabran, Gəncə, Şuşa, Ordubad, Zaqatala, Qəbələ) məhz şəhərlər əsasında yaradılıb.

Tarixdə iz qoyan mühüm siyasi hadisələrin baş verdiyi məkan və binalar da insanlar üçün daima maraq kəsb edib. Bu baxımdan Azərbaycan,  nəinki ölkənin özü üçün, eləcə də beynəlxalq aləm üçün önəmli olan məkanlara malikdir. Onların sırasında qeyri-adiliyi ilə diqqəti cəlb edənlər də çoxdur. Hülakülar dövlətində hakimiyyət dəyişikliyinin mərkəzi Qarabağ olub. Arqun xan (1284-1291) burada ölüb. Məşhur Qazan xan (1295-1304) burada taxta çıxıb. Əbu Səid (1316-1335) burada vəfat edib, ondan sonra yenə burada hakimiyyətə Arpa xan (1335-1336) gəlib. Şah İsmayıl Azərbaycan dövləti qurmaq uğrunda mübarizəsini Gülüstan qalası ətrafında bəyan edib. Məşhur Nadir xan hakimiyyətini leqallaşdırmaq üçün “şah seçkisi”-ni Muğanda keçirib.  Burada qısa müddətdə böyük bir “şəhər” əmələ gəlib. Müasir dövrdə Azadlıq meydanında mühüm siyasi hadisələr baş verib və s.

Hərbi tarixi turizmdən bəhs edildikdə döyüş yerləri, onlardan qalan miras diqqəti cəlb edir. Azərbaycan tarixən strateji cəhətdən xüsusi önəmə malik olduğu üçün istər qərb, istərsə də şərq imperiyalarının tarixi döyüşləri və hərbi yürüşlərinin şahidi olub. Hərbi tarixi turizm burada hərbi tarixi yerlər və hərbi tikililər (qalalar, hərbi istehkamlar, müdafiə divarları və s.) ilə təmsil olunur. Xəzərsahili müdafiə istehkamları dünya əhəmiyyətli abidələr sırasına daxildir. Azərbaycanın hərb tarixində vacib yer tutan hadisələr münasibətilə keçirilən hərbi paradlar da hərbi turizmin inkişafında önəmli rol oynayır. Bu baxımdan Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradı xatırlatmaq olar.

İndustrial turizm daha çox sənaye tarixilə bağlıdır. Ona görə də bunu tarixi turizm sisteminə daxil etmək olar. Çox maraqlıdır ki, industrial turizm dünyada yeni istiqamət hesab olunsa da, Azərbaycanda daha dərin tarixə malikdir və hətta, Azərbaycanı onun banilərindən hesab etmək olar. Bakıda neft bumu və neft sənayesi tarixi bunu sübut edir. 1846-cı ilin yanvarında dünyada ilk dəfə olaraq məhz Bakıda, Bibiheybətdə sənaye üsulu ilə neft hasil edilib. Bu münasibətlə orada ilk neft quyusuna abidə qoyulub. XIX-XX əsrin əvvəllərində Azərbaycanda olan səyyahlar mütləq neft sənayesi ilə tanış olub, səyyah-rəssamlar (Ostroumova-Lebedeva, Simpson və b.) neft təsərrüfatını əsərlərində əks etdirib. Naxçıvanda duz,  Gədəbəydə mis  sənayesindən qalan mühəndis qurğuları və tikililər də bu sahəyə aiddir və turizmin məqsədlərinə xidmət edə bilər.

Azərbaycanlıların tarixi etnoqrafiyası və etnik tarixi də tarixi turizm üçün geniş imkanlara malikdir. Azərbaycanın tarixinin müxtəlif dövrlərində burada etnik miqrasiyalar baş verib. Bakıda neft sənayesinin sürətli inkişafı buraya sənaye, tikinti və mədəniyyət sahəsində çalışan mütəxəssisləri cəlb edib. Hazırda Azərbaycanda istər şərq, istərsə qərbdən olan bir sıra etnoslara aid tarixi irs kifayət qədər geniş yer tutur. Bu etnik turizmin xüsusi sahəsi kimi nostalji turizminin inkişafı üçün mühüm zəmin yaradır.

Xəzər dəniz turizmi obyekti kimi böyük önəmə malikdir. Bununla eyni zamanda, Xəzərin tarixi turizm imkanları onu daha da zənginləşdirir. Xəzər dənizi Azərbaycan tarixində də mühüm yer tutub, ölkənin siyasi və sosial-iqtisadi inkişafında ciddi rol oynayıb. Xəzərin qabarma və çəkilmələri də ölkə həyatında əhəmiyyətli yer tutub. XIII əsrdə tikilən Bayıl qəsri suyun altında qalıb. Dənizdə neftçıxarmanın inkişafı ilə Neft daşları təşəkkül tapıb. Xəzərdə sualtı arxeologiya nəticəsində xeyli artefaktlar aşkar edilib.  Xəzərdə dəniz gəzintisi ilə şəhərin görünən panoramı onun tarixi və müasir memarlığnın harmoniyasını əyani müşahidə etmək imkanı yaradır.

Azərbaycanın tarixi turizmində tarix və tarix diyarşünaslıq muzeyləri və tarixi qoruqlar da xüsusi yer tutur. Muzey turizmi, ümumiyyətlə turizmin ən çox inkişaf etmiş sahələrindən biridir. Azərbaycanın muzeylər sistemində tarix və tarix-diyarşünaslıq muzeyləri xüsusi yer tutur, iki yüzdən çox muzeyin əksər hissəsini məhz onlar təşkil edir. Bu da muzey turizmində tarixi turizmin xüsusi rolunu göstərir.

Muzey turizmi kimi ənənəvi sahə ilə müqayisədə tarixi qoruqlar nisbətən sonrakı dövrə aiddir. Hazırda Azərbaycanda tarix və mədəniyyət abidələrinin əhəmiyyəti nəzərə alınaraq ölkədə 28 dövlət tarixi qoruğu yaradılıb. Tarix qoruqları tarixi turizmin inikişafı üçün böyük potensiala malikdir.

Son dövrlərdə dünya turizmində hadisəvi turizm ən intensiv inkişaf edən sahələrdəndir. Bu daha çox müasir dövrdə baş verən mühüm hadisələr (musiqi, idman və s.) ilə bağlı olsa da, keçmişdə baş vermiş hadisələrin ildönümləri də buraya aid oluna bilər. Bu baxımdan Azərbaycanda demək olar ki, ildönümləri hər il qeyd edilən tarixi hadisələr üzrə tədbirlər həyata keçirilir. Tarixi turizm də bu sahəyə öz töhfəsini verə bilər. Bu baxımdan mart soyqırımı, Bakının azad edilməsi, 20 yanvar hadisəsi və digər tarixi hadisələrin ildönümləri üzrə turizm proqramları, marşurutlar və s. tətbiq oluna bilər.

Tarixi hadisələrin rekonstruksiyası da tarixi turizmin yeni, lakin perspektivli sahələrindən hesab olunur. Bu istiqamətli tədbirlər turistlərin böyük marağına səbəb olur. Azərbaycan tarixi turizminin bu istiqamətdə inkişafı da böyük perspektivə malik ola bilər. İqtisadiyyatın mühüm sahəsi kimi turizmdə marketinq xüsusi sahə kimi ayrılb. Burada əsas məqsəd turizm bazarının kompleks təhlili, turist məhsullarının istehsalı, həmin məhsulların reallaşdırılması sistemlərinin araşdırılması və reklam mühüm yer tutur. Turizmdə marketinq iqtisadiyyatın digər sahələri ilə müqayisədə müəyyən xüsusiyyətlərə malik olduğu kimi, turizm daxilində növlər üzrə də bəzi spesifik cəhətlər ilə fərqlənir. Bu baxımdan tarixi turizmdə marketinq və reklamın da özünəməxsusluğunun müəyyən edilməsi onun inkişafı üçün önəmli rol oynaya bilər. Burada mərkəzi yeri turizm bazarına tələb olunan tarixi turizm məhsulunun müəyyən edilməsi, onun istehsalı və bazara çıxarılmasının təmin edilməsidir.

Tarixi turizm istiqamətlərinin müəyyən edilməsi elmi-idraki baxımdan zəruridir, lakin onun əsasında tələb olunan turizm məhsulları hazırlanıb, bazara çıxarılmırsa onun təcrübi əhəmiyyəti olmur. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan dünya üzrə tarixi turizm sahəsində meydana gələn bütün tələblərə cavab verə bilən turist məhsulları təklif etmək imkanına malikdir. Lazımi dövrdə və şəraitdə hansı məhsula ehtiyac olduğunu müəyyən etmək üçün ona təsir edən faktorları araşdırmaq zəruridir. Azərbaycana şərq ölkələrindən gələn turistlər ilə, qərbdən gələn turistlər üçün eyni tarixi turizm məhsulu maraqlı olmaya bilər. Burada reklam, xüsusilə onun turizmdə geniş tətbiq edilən növlərindən istifadə əhəmiyyətlidir. Azərbaycan tarixi turizm imkanlarının reallaşdırılması üçün bu sahədə səmərəli brendinqə də ehtiyac vardır. Artıq Azərbaycanda Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah və s. tarixi turizm brendi kimi formalaşıb. Bunlar müsbətdir, lakin bu sahədə də işlər davam etdirilməlidir.

Azərbaycan tarixi turizminin qaynaqları və istiqamətlərindən aydın oldu ki, onun obyektləri ən qədim zamanlardan müasir dövrədək müxtəlif tarix və mədəniyyət nümunələrini əhatə edir. Bu obyektlərdən istifadənin təmin olunması üçün onun mühafizəsi zəruridir. Azərbaycanda tarixi inkişafın müxtəlif dövrlərində hərbi əməliyyatlar və təbii fəlakətlər zamanı xeyli abidələr məhv edilib. Bir xeyli abidə isə kifayət qədər qorunub, mühafizə olunmadığına görə məhv olub. Möminə Xatun türbəsinin ətrafındakı tarixi abidələr və yaxud, Şəmkir qülləsi buna nümunə ola bilər. Hazırda Azərbaycan Respublikasında tarix və mədəniyyət abidələrinin mühafizəsi dövlət siyasətidir və bir sıra qanunvericilik sənədləri ilə tənzimlənir. Bununla eyni zamanda, istər daxili, istərsə də beynəlxalq turizmin inkişafı tarix və mədəniyyət abidələrinin mühafizəsi və istifadəsinə yeni bir aspektdən yanaşmanı irəli sürüb.  Bu mühüm tendensiya Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (ingilis dilində UNWTO) rəsmi sənədlərində (Manila bəyannaməsi (1980), Osaka bəyannaməsi (2001) və b. ) də əksini tapıb. Manil bəyannaməsində qeyd edilir ki, “müxtəlif ölkələrin turizm ehtiyatları həm təbii zənginliklər, həm də maddi dəyərlərdən ibarətdir. Məsələ ondan ibarətdir ki, bəzi turizm ehtiyatlarının limitsiz istifadəsi onların tükənməsinə və hətta yox olmasına da gətirib çıxara bilər…Bütün turizm ehtiyatları bəşəriyyətin ümumi sərvətidir. Milli qurumlar və bütövlükdə beynəlxalq ictimaiyyət onların qorunması üçün tədbirlər görməlidirlər. Tarixi, mədəni və dini obyektlərin istənilən vəziyyətdə, xüsusən, hərbi münaqişələr zamanı qorunması dövlətin əsas vəzifələrindən birinə çevrilməlidir.” Osaka bəyannaməsində isə turizmdə mədəni irsin mühafizəsinə ayrıca bölmə həsr edilib. Azərbaycan Respublikası da turizmdə tarix və mədəniyyət abidələrinin mühafizəsi və istifadəsinə xüsusi diqqət yetirir. Turizmə dair Strateji Yol xəritəsində bu məsələ mühüm yer tutur.

Turizmin, o cümlədən, tarixi turizmin inkişafında peşəkar kadr hazırlığı həlledici yerlərdən birini tutur. Turizm təhsili Azərbaycan üçün yeni sahə olsa da burada ciddi addımlar atılıb. Burada əsas yer Azərbaycan Turizm və Menecment Universitetinə aiddir.  Universitetin tarixi turizm sahəsində mütəxəssislər yetişdirməsi də zəruri tələbdir. Bunun üçün onun tərkibində müvafiq struktur dəyişikliyi edilə bilər. Universitetdə mövcud olan “Muzeyşünaslıq. Arxiv işi. Tarixi abidələrin qorunması” ixtisası əsasında onları da özündə birləşdirən “Tarixi turizm” ixtisası yaratmaq olar. Bu barədə dünyada da analoqlar vardır. Dünyanın bir sıra universitetlərində hətta, tarixi turizm fakültələri fəaliyyət göstərir. Bu sahədə ciddi uğurlar əldə etmək üçün digər universitetlərin coğrafiya, iqtisadiyyat və digər fakültələri kimi tarix fakültələrində müvafiq struktur dəyişikliyi ilə bu işə cəlb etmək mümkündür.

 

Kərim ŞÜKÜROV,

AMEA Tarix İnstitutunun baş direktoru,

tarix üzrə elmlər doktoru, professor