DÜNYA

Uqandada məktəblər təxminən 2 ildən sonra yenidən açılır

İqtidar.Az xəbər verir ki, Uqandada Covid-19 səbəbiylə 2020-ci ilin mart ayında bağlanan məktəblər təxminən 2 ildən sonra yenidən açılıb. Təhsil naziri Con Muyinqonun verdiyi açıqlamada 2 ildir məktəbə gedə bilməyən orta hesabla 15 milyon şagirdin avtomatik olaraq növbəti sinifdən təhsilə başlayacağı bildirilib. Covid-19 epidemiyasından əvvəl tələb olunan ödənişləri artıran özəl məktəblərə lazımi dəstəyin tətbiq ediləcəyini ifadə edən Muyinqo, “Şagirdlərin təhsilə təhlükəsiz şəkildə başlaması üçün bütün məktəblərdə lazımi standartlar və prosedurlar tətbiq edilib. Bu tədbirlərə əməl etməyənlər üçün lazımi tədbirlər görülüb”- deyə bildirib. Paytaxt Kampalada da uzun müddətdən sonra təhsillərini məktəblərində davam etdirəcək şagirdlərin sıxlığı səbəbindən nəqliyyatın hərəkətində fasilələr yaranıb. Qeyd edək ki, bir çox uşaq hüquqları təşkilatı Uqandada 83 həftə ərzində məktəblərin qismən və tamamilə bağlanmasına sərt reaksiya vermişdi. Uqanda Prezidenti Yoveri Museveni sentyabr ayında bir çox Covid-19 tədbirini ləğv etmiş, eyni zamanda, məktəblərin də bir müddət bağlı qalacağını bildirmişdi.

İQTİDAR.AZ