ŞUŞA İLİ

Kitabxanada növbəti tədbir “Şuşa İli”nə həsr olunub

Yanvarın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) “Şuşa İli” münasibətilə “Fatehlərin Zəfəri” adlı tədbir təşkil edilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxana əməkdaşları, oxucular və digər qonaqlar iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azad edilməsi uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin aparıcısı Ağgül Mərdanova Şuşa Zəfəri haqqında danışıb, azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, Şuşanın azadlığının ölkəmiz üçün çox böyük tarixi əhəmiyyətindən bəhs edib.

Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova çıxışında bu ilin respublikamızda “Şuşa İli” kimi qeyd olunmasının əhəmiyyətindən, kitabxananın bununla bağlı il ərzində həyata keçirəcək tədbirlər planından söhbət açıb.

Sonda Şuşa Zəfərinə və “Şuşa İli”nə həsr olunmuş videoçarxlar nümayiş edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin yanvarın 5-də imzaladığı Sərəncamla ölkəmizdə “Şuşa İli” elan olunub.