ŞUŞA İLİ

Politoloq: “Şuşa İli” çərçivəsində çoxsaylı təşəbbüslərin şahidi olacağıq

2021-ci il dekabrın 31-də Prezident İlham Əliyev Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edərək 2022-ci ilin “Şuşa İli” elan ediləcəyini bildirdi. Bu il yanvarın 5-də isə dövlətimizin başçısı 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun xüsusi təyinatlılarının Şuşanı işğaldan azad etməsi əsl qəhrəmanlıq salnaməsi kimi tarixə çevrilib. Strateji mövqeyi ilə seçilən Şuşa şəhərinin işğaldan azad edilməsi müharibədə dönüş nöqtəsi kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalan şəhərdəki yüzlərlə tarixi və mədəniyyət abidələri vandalizm aktları nəticəsində dağıdılıb. Bu gün isə Şuşamız dirçəliş dövrünü yaşayır. Qarabağın tacı olan Şuşa şəhəri bütün xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasına çevrilib. 2022-ci ilin “Şuşa İli” elan edilməsi ölkəmiz üçün yeni çağırışları və paradiqmaları formalaşdıran xüsusiyyətlərdən biridir. Əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri çox zəngin inkişaf yolu keçərək Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan Şuşa şəhəri yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizdə əlamətdar səhifələr yaradıb.

“Beynəlxalq hüququn və ədalətin bərqərar olunması, BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa İttifaqının, NATO-nun, Avropa Şurasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətlər Təşkilatının və digər regional təşkilatların qərar və qətnamələrinin icra edilməsi istiqamətində 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etməsi bütün dünya azərbaycanlılarını sevindirdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qorunması yolunda Azərbaycan Silahlı Qüvvələri və diplomatiyası bundan sonra da milli maraq və mənafelərimiz kontekstində fəaliyyət göstərəcək. Cıdır düzündə “Xarıbülbül” Musiqi Festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa şəhəri sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. 2022-ci ildə Şuşanın beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm tədbirlərin keçirilməsi gözlənilir. Şuşanın ecazkar gözəlliyinin, mədəni və mənəvi gözəlliklərinin geniş auditoriyaya çatdırılması ilə bağlı “Şuşa İli” çərçivəsində çoxsaylı təşəbbüslərin şahidi olacağıq”, – deyə İlyas Hüseynov vurğulayıb.