Leyla Abdullayeva XİN-də aparılan yoxlamalara aydınlıq gətirdi

Xarici İşlər Nazirliyi (XİN) qurumda aparılan maliyyə yoxlamalarına dair açıqlama yayıb.

Oxu.Az-ın məlumatına əsasən, XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, aparılan yoxlamanın əhatə etdiyi dövr göstərilmədiyindən, məsələyə aydınlıq gətirməyi vacib hesab edir.

“Vurğulamaq istərdik ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin 1 yanvar tarixindən 2020-ci ilin 3 iyul tarixinədək olan dövrü əhatə edir.

Məlum olduğu kimi, DTX-nin 2020-ci ildə apardığı əməliyyat nəticəsində XİN-in İşlər İdarəsinin məsul əməkdaşları saxlanılıb və aparılmış istintaq hərəkətləri nəticəsində XİN zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 dekabr 2021-ci il tarixli hökmünə uyğun olaraq, həmin şəxslərdən cinayət hərəkətləri nəticəsində əldə olunmuş vəsaitin XİN-ə ödənilməsi qeyd olunub”, – deyə Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin ötən il Xarici İşlər Nazirliyində apardığı nəzarət tədbirlərinin nəticələri açıqlanıb.

Bildirilib ki, dövlət büdcəsində dəftərxana və təsərrüfat mallarının alınması üçün nəzərdə tutulmuş vəsaitin satıcı təşkilatların hesablarına köçürülməsinə baxmayaraq, həmin malların, habelə mətbəə blanklarının bir hissəsinin faktiki olaraq alınmadığı aşkar olunub.

Məlumatda həmçinin deyilir ki, sözügedən XİN-də istifadə olunan kompüter avadanlığı və texniki vasitələr üçün ehtiyat hissələrinin, habelə hədiyyə və suvenirlərin alınması məqsədilə köçürülmüş vəsaitin müqabilində həmin material qiymətlilərinin xeyli hissəsinin faktiki olaraq alınmadığı, bankdan çıxarılaraq Nazirliyin kassasına mədaxil edilən büdcə vəsaitinin bir hissəsinin xərclənməsinə dair sənəd olmadığı halda isə məxaric edilməsi yolu ilə əsassız xərcləndiyi müəyyənləşib.

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı