SEPAH Azərbaycana qarşı fəallaşır – ŞƏRH

Azərbaycan bütün qonşuları ilə normal münasibətlər qurur və bunu sağlam strateji məntiqlə inkişaf etdirmək əzmində olan mövqe nümayiş etdirir. Bu yaxınlarda İranla da Cənubi Qafqazdakı yeni çağırışlar kontekstində yeni sənəd imzalandı və bu, münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarır.

Ancaq təəssüf ki, İran hərbi-siyasi sistemində dərin kök salmış qüvvələr və onların himayə etdiyi qrupların Azərbaycana qarşı şüuru dəyişmir ki, dəyişmir.

Çoxları elə bilirlər ki, Azərbaycanla münasibətlərə pəl vurmaq istəyən İran hakimiyyətidir, daha doğrusu, prezidentlik institutudur.

Ancaq məsələ bu qədər sadə deyil, İrandakı hakimiyyət müvəqqətidir, onun əsas funksiyası digər ölkələrlə iqtisadi prioritetlər əsasında münasibətlər inşa etməkdir.

Prezidentlik institutunun yazılmayan mənəvi funksiyası da mövcuddur, belə ki, hər-hansı ölkə ilə münasibətlər pozulanda İran iqtidarı ali rəhbərliyin ittiham edilməməsi üçün bufer zonaya çevrilir.

İran iqtidarı Tehranın köklü siyasətinə müdaxilə etmək potensialına malik deyil, həlledici qərarları ali dini rəhbər və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) verir.

SEPAH üçün həmişə düşmən lazımdır, rəsmi Tehranın “şiə hilalı” strategiyasının həlledici icraçısıdır, hər-hansı müsəlman ölkəsində iğtişaşlar olarkən SEPAH bundan qazanır və hakimiyyətlərə qarşı alternativlər formalaşdırır.

Kimlərsə düşünə bilərlər ki, “ərəb baharı” İranı narahat edirdi, bəlkə də belə idi, ancaq həm də sevindirirdi. Çünki “ərəb baharı” rəsmi Tehranın siyasi şiəlik xəttini vəcdə gətirirdi, həmin ölkələrdə hakimiyyətlərə alternativ qrupları fəallaşdırırdılar.

Azərbaycan-İran münasibətlərindəki gərginlik dövründə də Tehran belə meyilləri Azərbaycana daşımaq istəyirdi, lakin Bakı bunun qarşısını müvəffəqiyyətlə aldı və normal münasibətlərin qurulması üçün formulları masaya qoydu.

Ancaq düşmən axtarışı ilə özünün mövcudiyyətini gücləndirməyə çalışan SEPAH və ona bağlı qruplar Azərbaycan-İran sənədi imzalandıqdan sonra fəallığının rəngini tündləşdirir.

SEPAH-a yaxın media qurumları İranın ballistik raketləri ilə qürrələnərək virtual olaraq Bakını da hədəf götürürlər.

Bundan əvvəl isə Azərbaycan nümayəndə heyəti İrəvana gedib, İrəvandakı Göy məsciddə olarkən İrandakı radikal başlar səslərini ucaldaraq həmin məscidin İrana məxsusluğunu sübut etməyə girişdilər.

Azərbaycan-İran münasibətləri iqtisadi zəminlər üzərində inkişaf edərək yeni mərhələyə qədəm qoyacaq, amma Tehranın köklü radikal simaları özlərinin təbliğat dili olan qrupları önə verərək siyasi əlaqələrin inkişafına mane olacaqlar. Azərbaycan isə normal münasibətlərə açıqdır, təbii ki, özünün maraqları və qırmızı cizgiləri çərçivəsində.

Aqşin Kərimov

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı