Bazarda problem: Azərbaycana gətirilən avtomobil təkərləri Rusiya ilə sərhəddə qaldı – FOTO

Rusiyada avtomobil təkərlərinin qiymətləri son bir ay ərzində təxminən 10-30 % artıb. Rusiyada istehsalı dayandıran xarici markaların təkərləri isə nəzərəçarpacaq dərəcədə bahalaşmaqdadır. Rublun məzənnəsindəki dalğalanmalardan sonra hər gün qiymətlər dəyişir.

Təbii ki, bu proses Azərbaycana da təsirsiz ötüşmür.

Ölkəmizdə fəaliyyət göstərən təkər şirkətlərindən birinin rəhbəri olan Sahib Feyzullayev “Report”a Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra yerli bazarda yaşanan problemlərdən danışıb.

O bildirir ki, logistika problemləri qiymətlərin iki dəfəyə yaxın artmasına səbəb olub:

“Müştərilər də azalıb. Gələn müştərilər də nağd pul əvəzinə kredit kartı ilə ticarətə üstünlük verirlər. Hazırda aldığımız məhsulların böyük bir qismi Rusiya-Azərbaycan sərhədində qalıb. Konkret olaraq bizim sifariş verdiyimiz dörd TIR mal sərhəddədir. Bir TIR-da təxminən 30-50 min manatlıq mal var”.

S.Feyzullayev Yaponiyanın “Yokohama” şirkətinin Rusiyadan çıxmasını da əsas problemlərdən hesab edir:

“Vəziyyət belə davam etsə, biz malları Yaponiyadan sifariş verməli olacağıq. Bu isə çox əlverişsizdir. İlk növbədə malların ölkəmizə çatdırılmasına uzun müddət tələb olunacaq: təxminən altı-yeddi ay”.

İş adamı deyir ki, əvvəl 85 manata satdığı təkəri indi 95-97 manata satır. Bu qiymət artımının davam edəcəyini də istisna etmir:

“Yolunu gözlədiyimiz mallar gələndən sonra növbəti qiymət artımı olacaq. Çünki logistika xərcləri olduqca yüksəlib”.

Başqa bir şirkət rəhbəri Süleyman Qəribov hesab edir ki, Rusiyadan alınan təkərlər əsasən sovet maşınları üçündür:

“Onun da alternativini Çindən gətirmək mümkündür, ona görə də bu bazarda təkər satışında qiymət artımı müşahidə olunmur. Gələcəkdə də qiymətlərin yüksələcəyini düşünmürəm. Doğrudur, Yaponiyanın Rusiyada olan zavodundan təkər alan iş adamları, şirkətlər var. Onlarda, ola bilsin, problem yaransın. Yəqin ki, onlar Yaponiyanın özündən ticarətə başlayacaqlar.

İndiyədək isə yapon firmalardan təkər alan bizim iş adamlarımız Moskva nümayəndəliyi ilə sənədləşmə aparırdılar. Mən təkərləri Çindən alıram. Oradan da aldığım üçün Rusiya ilə nə logistikada, nə də daşınmada heç bir əlaqəm olmur. Yerdə qalan mallar da hamısı Dubayın Cəbal Əli limanından gəlir. ABŞ İrana sanksiya qoyduğu üçün bəzi ölkələr oraya mal göndərmir. İran ərazisindən də tranzit ilə malları gətirmək mümkün deyil. Çində elə zavod var ki, İran gəmilərinə mal yükləmir, ona görə biz Cəbal Əliyə, oradan da İran ərazisini aşaraq Azərbaycana gətiririk”.

Onun sözlərinə görə, hazırda sovet maşınları üçün Çindən gətirilən bir ədəd təkərin qiyməti 50-55 manatdır.

Məşhur təkər firmalarından birinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Səlimov deyir ki, məhsulu sırf Avropadan aldıqları üçün heç bir problem yaşamırlar:

“Türkiyədən, Çindən də mallar alırıq. Amma daşınmalar Rusiya ərazisindən keçmədiyi üçün logistika ilə bağlı problemimiz də yoxdur.

Xammalın bahalaşması ilə bağlı qiymət artımı var. Yəni bahalaşma Almaniyada, məhsullarımızın istehsalçısı olan zavodlarda baş verir. Bunun isə Rusiyaya və oradakı proseslərə heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, əslində xammalın bahalaşması da dolayı yolla Rusiya ilə bağlıdır. Çünki təkərin istehsalı üçün istifadə edilən xammal (rezin) neftdən alınır. Neftin qiyməti bahalaşdığı üçün rezin də bahalaşıb. Neftin dünya bazarlarındakı qiyməti də elə Rusiyadakı proseslərdən asılıdır.

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı