Sergey Markov: “Ermənistanın vəzifəsi Rusiyanın arasını Azərbaycan və Türkiyə ilə vurmaqdır”

Bu həftə İrəvan Bakıya təcili olaraq hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamağı təklif etdi.

Bu bəyanat Ermənistan Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı son vəziyyətin müzakirəsinin yekununda səsləndirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi baş verənlərə operativ reaksiya verib və qeyd edib ki, regionda gərginliyin artmasına birbaşa səbəb Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir:

“Məhz Ermənistan respublikasının üçtərəfli bəyanatın müddəalarını pozması regionda gərginliyi artırır və sülhməramlı səylərə zərbə vurur”.

Ermənistanın bəyanatı həm də ona görə təəccüblüdür ki, təxminən il yarım ərzində məhz Azərbaycan Respublikası sülh sazişini imzalamaqda və ərazi bütövlüyünün qarşılıqlı tanınmasında israr edib. İrəvan isə bu məsələdə konkret cavab verməyə tələsmirdi.

Bəs erməni tərəfinə Azərbaycanla hərtərəfli sülh sazişinin bağlamağın zəruriliyi barədə yekun nəticəyə gəlməyə əvvəllər nə mane olurdu?

Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Oxu.Az-ın bu sualını cavablandırarkən bildirib ki, əslində İrəvan heç bir sülh sazişinin imzalanmasını istəmir:

– Ermənistan rəhbərliyi hiyləgər siyasət aparır, onun əsas vəzifəsi Qarabağda rus əsgərlərinin əli ilə döyüşməkdir. Bu, onların strategiyasıdır və bunu gizlətmirlər də. Bəli, İrəvanda fransız əsgərlərin əli ilə döyüşməkdən də məmnun olardılar, amma fransızlar belə bir istəklə alışıb yanmırlar. Bu, son dərəcə təhlükəli strategiyadır, lakin onlar İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bu yollara əl atırlar. Məlum oldu ki, Ermənistan ordusu Azərbaycan ordusundan xeyli geridədir. Hələ Azərbaycan Silahlı Qüvvələrini və müttəfiq Türkiyə Silahlı Qüvvələrini nəzərə alsaq, Ermənistan üçün vəziyyət ümumiyyətlə dəhşətlidir. Ermənistanın məqsədi Rusiyanın arasını Azərbaycan və Türkiyə ilə vurmaqdır. Onlar bunun üzərində işləyir. Məhz buna görə də Mixail Delyagin (Rusiya Federasiyası Dövlət Dumasının deputatı, parlamentin iqtisadi siyasət komitəsinin sədr müavini – red.) onların xahişi ilə Azərbaycana qarşı sərt bəyanatlar səsləndirir.

Onlar çalışırlar ki, Azərbaycan mətbuatında Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı hansısa məlumatlar tapıb onu gündəmə gətirsinlər. Və Rusiya rəhbərliyinə sülh tərəfdarı olduqlarını göstərmək üçün Ermənistan tərəfi belə təkliflər (Azərbaycanla sülh sazişinin imzalanması haqqında – red.) irəli sürür. Mən artıq Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı ilə tanış olmuşam. Əgər Bakı çoxdan sülh sazişini təklif edibsə, İrəvan niyə eyni məsələni təkrarən irəli sürür? Ermənistan artıq mövcud olan razılaşmalara əməl etməklə məşğul olmalıdır. Razılaşmalar onlara hörmət edildiyi zaman dəyərli olur.

– Siz Mixail Delyaginin açıqlamasını qeyd etdiniz. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Azərbaycana qarşı qeyri-dost bəyanatlardan çəkinməyə çağırıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da çıxış edərək deputatın sözlərini qəbuledilməz adlandırıb. Eyni zamanda, o, Moskvanın Bakı və İrəvanla daimi təmasda olduğunu və sülh müqaviləsinin bağlanmasına fəal şəkildə vasitəçi olacaqlarını bildirib. Dmitri Peskov isə bildirib ki, Rusiya Qarabağda sülhün qorunması üçün ciddi səylər göstərir. Bu arada Ermənistan mətbuatında çıxan bir çox yazıda İrəvanı Bakı ilə müqavilə bağlamağa məcbur edən tərəfin məhz Rusiya olduğu vurğulanır. Deyə bilərikmi ki, Moskvanın son bəyanatları Rusiya Federasiyasının Ermənistana təzyiq göstərdiyini göstərir?

– Bəli, əlbəttə, Moskva hər zaman Ermənistana təzyiq göstərir. Erməni silahlı birləşmələrinin (Qarabağdan – red.) çıxarılmasının zəruriliyi qeyd olunur. Azərbaycan Qarabağdan silahlı birləşmələrin çıxardılmamasından narazıdır. Amma Rusiya da təkid edir ki, İrəvan onları geri çəksin. Nəqliyyat dəhlizi ilə bağlı suallar da var. Moskvanın təzyiq imkanı var, amma Rusiyada ultimatum vasitələrinə əl atmırlar. Rusiya Federasiyasının rəhbərliyi Ermənistanla Azərbaycan arasındakı münaqişədə neytrallığa sadiq qalaraq, eyni zamanda Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğunu qəbul edir.

Nair Əliyev

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı