Ombudsman beynəlxalq təşkilatları Fransanın jurnalistlə bağlı hərəkətini pisləməyə çağırıb

 
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatları Fransa hökumətinin media nümayəndəsi ilə bağlı qərəzli hərəkətini pisləməyə və məsələ ilə bağlı zəruri araşdırmalar aparmağa çağırıb.

Səbinə Əliyeva xatırladıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi tərəfindən Almaniyanın Bonn şəhərində keçirilən tədbirdə iştirak etmək üçün həmin ölkəyə səfər edən azərbaycanlı jurnalist 11 iyun tarixində Köln/Bonn Hava Limanında saxlanılıb və ona Fransa tərəfindən Şengen ərazisinə girişinin bloklanması barədə məlumat verilib.

Ombudsman bildirib ki, azərbaycanlı jurnalistə qarşı bu cür pis rəftar beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də söz, media azadlığı hüququnu, informasiya əldə etmək hüququnu kobud şəkildə pozur, eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyətinə məhdudiyyətin tətbiq olunmasına rəvac verir.

“Qeyd olunmalıdır ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsasən, hər bir şəxs əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna, maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığına malikdir. Eyni zamanda, Fransa iştirakçısı olduğu “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına da zidd hərəkət edib” – deyə, insan hüquqları üzrə müvəkkil vurğulayıb.

S. Əliyeva xüsusilə qeyd edib ki, bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nəzərə alınmaqla, məhz iqlim dəyişikliyi mövzusuna həsr edilmiş tədbirdə Azərbaycanın media nümayəndəsinin iştirakına bu şəkildə maneə törədilməsi yolverilməzdir:

“Fransanın siyasi münasibətlər, habelə əsassız qərəzli yanaşmalar səbəbindən jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə əngəl törətməsi, habelə hərəkət azadlığını məhdudlaşdırmağa yönəlmiş bu cür addım atması aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən pislənilməli və məsələ ilə bağlı zəruri araşdırmalar aparılmalıdır”.



Mənbə

1
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı