BTQ-nin təşkilatçılığı ilə ABŞ-də kolonializmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib

ABŞ-nin Nyu-York şəhərində Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə kolonializmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, tədbirdə kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqların təmsilçiləri – Fransa və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən, habelə Korsika, Fransız Qvianası, Qvadalupe, Martinika, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.

Çıxışlarda bildirilib ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib və Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Tarixin müxtəlif dövrlərində milyonlarla afrikalı bu ölkənin qul siyasətinin qurbanı olub. Qeyd edilib ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edib, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb.

Təmsilçilər qeyd ediblər ki, Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə məhəl qoymur, neokolonializm siyasətini davam etdirir.

Müzakirələrdə kolonializm siyasətinin fəsadları müxtəlif aspektlərdən dəyərləndirilib. Qeyd olunub ki, bu çirkin siyasət nəticəsində, sadəcə, ölkələrin suverenliyi məhdudlaşdırılmayıb, həm də yeraltı və yerüstü sərvətləri talan edilib. Bildirilib ki, bu siyasətdən qadınlar xüsusilə əziyyət çəkiblər, onlar həyatlarının müxtəlif mərhələlərində fiziki və mənəvi zorakılıqlara məruz qalıb və istismar olunublar. Təəssüflə qeyd olunub ki, XXI əsrdə belə qadınlar hələ də koloniyalarda köləliyə məruz qalmaqda davam edir.

Tədbirdə Korsika, Fransız Qvianası, Qvadalupe, Martinika, Maohi Nuidən olan müstəqillik hərəkatlarının rəhbər şəxsləri Fransanın müstəmləkəsi altında olan ölkəsindəki vəziyyətdən bəhs ediblər və həmin ərazilərdəki vəziyyətə dair gerçəkləri dünya ictimaiyyətinə çatdırması üçün çağırışlar ediblər. İştirakçılar müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanmanın vacibliyinə diqqət çəkib, BTQ-yə müstəmləkəçilikdən əziyyət çəkən yerlərin problemlərini işıqlandırmaqda sərgilədiyi mövqeyə görə xüsusi təşəkkür ediblər. Çıxışlarda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə dekolonizasiya prosesi ilə mübarizəyə verdiyi töhfələrdən bəhs olunub.

Qeyd edək ki, sabah BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə – C24-ün illik iclası çərçivəsində “Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı konfrans keçiriləcək.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı