“Sabrina” şadlıq evində dava: Xəsarət alan var

Kürdəmir rayonunda 2001-ci il təvəllüdlü Səməd həmyerlisi Samuraya xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonunun Mürtülü kəndində yerləşən “Sabrina” şadlıq evində baş verib.

Səməd həmin şadlıq evində həmkəndlisi Samirin övladının toy məclisi zamanı sərxoş halda heç bir əsaslı səbəb olmadan 1999-cu ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuş Samurayın məclisdə stol arxasında düzgün oturmadığını bəhanə edib və xuliqanlıq niyyəti ilə burun nahiyəsindən yumruqla bir dəfə qəsdən zərbə vurub.

Hadisəni törədən Səmədin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fərdi əməklə məşğul olur, evlidir, iki uşağı var: “Zərərçəkmiş Samurayı əvvəllər tanımamışam. Onunla düşmənçiliyim və ədavətim olmayıb. Hadisə günü, saat 13 radələrində ailə üzvlərim ilə birlikdə Kürdəmir rayonu Mürtülü kəndində yerləşən “Sabrina” şadlıq sarayında qohumumun toy məclisində iştirak etdim. Toy məclisində bir qədər spirtli içki qəbul etdiyimdən sərxoş vəziyyətdə oldum. Toy məclisi zamanı saat 17 radələrində sonradan tanıdığım Samurayın düzgün oturmadığını gördüm. Ona yaxınlaşaraq oturuşuna fikir verməsini dedim. Samuray da ünvanıma nalayiq ifadə işlətdiyi üçün əsəbiləşdim və Samurayın burun nahiyəsindən yumruqla bir dəfə zərbə vurdum. Samurayın yanında olan şəxs dərhal ayağa qalxaraq qarşıma keçdi. Məni sakitləşdirməyə çalışdı. Sonradan oraya gələn atam Səmid və yanlarında olan şəxslər bizi sakitləşdirdilər. Bizi aralaşdırdılar. Mübahisələri qısa zaman kəsiyində davam etdi. Bizim mübahisəmizə toyda iştirak edən çoxlu sayda adamlar şahid olublar”.

İş üzrə zərərçəkmiş Samurayın sözlərinə görə, təqsirləndirilən Səmədi əvvəllər tanımayıb, onunla ədavəti və düşmənçiliyi yoxdur: “Hadisə günü, saat 13 radələrində qohumum Samirin toy məclisində iştirak etmək üçün ailə üzvlərim ilə birlikdə Kürdəmir rayonu Mürtülü kəndində yerləşən “Sabrina” şadlıq sarayına getdik. Saat 17 radələrində zalda qohumum ilə toy məclisini izləyən zaman Səmədin yanında adını bilmədiyim bir nəfər şəxslə birlikdə yanımıza gəldi. Səməd əyilərək qulağıma nə olduğunu deyərək soruşdu. Mən isə cavabımda Səmədə heç nə olmadığını dedim. Anidən yumruqla burun nahiyəmdən bir dəfə qəsdən zərbə vurdu. Həmin vaxt yanımda olan qohumum ayağa qalxaraq Səmədin qarşısına keçdi və onu sakitləşdirməyə çalışdı. Sonradan oraya gələn Səmədin atası Səmid və ətrafda olan şəxslər Səmədi sakitləşdirərək aralaşdırdılar. Hadisə barəsində bizim tərəfimizdən polis əməkdaşlarına məlumat verilmədi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumatın kim tərəfindən verilməsi barədə xəbərim yoxdur. Sonradan təqsirləndirilən şəxsi bağışlamışam. Onunla barışmışam”.

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səməd 1 il 8 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu Qarabucaq qəsəbəsində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içki içilən yerlərə getməmək vəzifələri qoyulub.

Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilib.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı