Dənizin səsini batıran atəş, pusqu və basqın: HDQ xüsusi təyinatlılarının nəfəskəsən əməliyyatları – FOTO, VİDEO

“Terrorçu”lar gəmini ələ keçiriblər. Dəniz xüsusi təyinatlıları gəmini azad etməlidirlər. Ətrafda onları müşahidə edən xeyli sayda patrul heyəti var. “Terrorçu”lara dəstək üçün gələn diversiya qruplarının gəmiyə müdaxilə etməməsi üçün vəziyyəti nəzarətdə saxlayırlar. Qızğın mübarizə gedir. Silah səslərindən qulaqlar batır. Diqqətlə gəmidə baş verənləri izləyirik…

Dəniz xüsusi təyinatlıları sahilə çıxırlar: Real döyüş səhnələrinə bənzəyən əməliyyatlar


Dəniz xüsusi təyinatlıları sahilə çıxırlar: Real döyüş səhnələrinə bənzəyən əməliyyatlar


Hadisə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlimində cərəyan edir. 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Oxu.Az əməkdaşlarının baş çəkdiyi təlimdə dənizçilər məharətlərini nümayiş etdirirlər.

Gəmidə baş verən şərti əməliyyata etinasız qala bilmirik, real döyüş səhnələrinə çox bənzəyir. Xüsusi Təyinatlı Qüvvələrin nümayəndələri gəmini azad etmək və “terrorçu”ların zərərsizləşdirilməsi istiqamətində tədbirlər görürlər. Qayıqlar yaxınlaşır, içərisindəki xüsusi heyət gəmiyə doğru atma pilləkanları işə salır. Mühafizə təşkil olunduqdan sonra qrup iki hissəyə bölünür. Bir qrup komanda idarəetmə məntəqəsinə, digəri isə mühərrik bölməsinə qalxır. Yenidən silah səsləri eşidirik. Xüsusi təyinatlılar döyüşə “buddy”lər (iki-iki bölünməklə) şəklində başlayırlar. Gərgin anların şahidi oluruq.

Bir müddətdən sonra silah səsləri kəsilir. Bildirilir ki, artıq şərti terrorçular zərərsizləşdiriliblər və gəmi azad edilib.

Ancaq “döyüş” bununla bitmir. Növbəti nümayişdə Hərbi Dəniz Qüvvələrinin bir qrup xüsusi təyinatlı heyəti tərəfindən basqın və pusqu əməliyyatının real döyüş şəraitinə uyğunlaşdırılmış təlimini izləyirik.

Azsaylı şərti düşmənlə qarşılaşma epizoduna start verilir. Xüsusi təyinatlılar şərti işarələrlə işləyirlər. Düşmən arxasında icra olunan hərəkətlər, eyni zamanda, düşmənlə qarşılaşma zamanı fəaliyyət nümayiş etdirilir. İlk olaraq dron havaya qalxır, müşahidə aparır, daha sonra qrup komandirinə məlumat verilir ki, irəlidə düşmən var. Buna uyğun olaraq, onlar taktikanı müəyyənləşdirirlər. Xüsusi təyinatlı qrup cərgə şəklində irəliləməklə həm sağ, həm də sol tərəfi nəzarətdə saxlayır. Bu taktiki düzülüşün əsas məqsədi ondan ibarətdir ki, hər kəs müşahidə aparmaqla paralel, həm də atəş aça bilsin. Şərti düşmən az sayda olduğu üçün xüsusi təyinatlı qrup bir-birini dəstəkləyir və xüsusi taktikadan istifadə edərək qabağa gedir. Bəziləri oturaraq atəş açır, digərləri irəliləyirlər. Düşmən sayı çoxaldıqca taktika dəyişir: arxada olanlar darağı dəyişir, öndəkilər isə atəş açırlar.

Bu nümayişlər şərti olsa da, hər komanda verildikcə insan özünü hadisələrin içində hiss edir və sanki bilmədən göstərişin bir parçasına çevrilir. Elə növbəti nümayiş də bu qəbildəndir:

Bir gün əvvəldən iki kəşfiyyatçı sahilə çıxaraq müşahidə aparır. Hansı istiqamətdən sahilə girişin əlverişli olması barədə qrupa məlumat verilir. Epizodun adı şərti olaraq “Dəniz xüsusi təyinatlıları tərəfindən düşmən sahilinə çıxış taktikası”dır.

Düşmən sahildəki binada yerləşib. Kəşfiyyat qrupunun məlumatından sonra onlar iki qrupa bölünürlər. Birinci qrup onların atəş dəstəyini təmin edir, digər qrup isə binada basqın əməliyyatını yerinə yetirir. Bu əməliyyat da müvəffəqiyyətlə icra edilir.

Bildirilir ki, hərbi hissə komandiri gəminin döyüşə hazırlanması üçün postlara komanda verib. Həmin postlardan isə geriyə, baş komanda məntəqəsinə məruzələr gəlir. Bundan sonra komandir arxayın olur ki, postların hər biri məruzə etdi. Növbəti addım olaraq gəmi hərəkətə başlayır və sahildən uzaqlaşır.

Dalğıc-kəşfiyyatçılardan biri Oxu.Az-a müsahibəsində bildirir ki, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları Vətən müharibəsində çox böyük nailiyyətlər əldə ediblər:

“Dəniz Qüvvələrinin xüsusi təyinatlıları Vətən müharibəsindən sonra da Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş döyüşlərdə, 2023-cü il antiterror tədbirlərində böyük nailiyyətlər əldə ediblər. Dəniz xüsusi təyinatlılarının kursları və beynəlxalq təlimləri davam edir. Burada da göstəricilərimiz yüksəkdir”.

Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının digər mənsubu isə əlavə edir ki, suda və quruda, istənilən hava şəraitində verilən bütün tapşırıqları yerinə yetirməyə daim hazırdırlar:

“Vətən müharibəsində bizim döyüş yolumuz Talış kəndi istiqamətindən başlayıb. Bir müddət sonra biz Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd istiqamətində hərəkətə başlamışıq. Arazqırağı və ətraf ərazilərin, Qubadlı şəhərinin işğaldan azad edilməsində Hərbi Dəniz Qüvvələrinin Dəniz Xüsusi Təyinatlıları yüksək qəhrəmanlıq göstərmişdilər. Vətən müharibəsində bizim əsas vəzifəmiz düşmən arxasına keçərək strateji nöqtələrin, hərbi hədəflərin koordinatlarını öyrənmək, həmin məlumatları artilleriyaçılarımıza ötürməklə həmin obyektlərin məhv edilməsini təmin etməkdən ibarət idi. Bununla da biz ordumuzun irəliləməsinə şərait yaradırdıq”.

Xüsusi təyinatlı mənsubu deyir ki, beynəlxalq tədbirlərlə yanaşı, bir neçə ölkədə müxtəlif kurslarda, təlimlərdə fəal iştirak ediblər:

“Bu yaxınlarda Türkiyədə 49 ölkənin iştirak etdiyi “EFES 2024″ çoxmillətli beynəlxalq təlimdə iştirak etdik. Birgə təlimlər və snayper yarışları oldu. Orada da bizim snayperlər yüksək nailiyyətlər qazanaraq Vətənə qayıdıblar”.

Hərbçilərlə söhbətləşdikdən sonra dərhal növbəti təlim başlayır. İstidir, amma təbii ki, bu, Azərbaycan hərbçisi üçün maneə deyil. Onlar hər şəraitə öyrəşiblər. Bir qrup dəniz piyadası tərəfindən ehtimal olunan düşmən maşınlarının pusquya salınaraq basqı əməliyyatının icrası epizodunu izləyirik.

Epizodlar iki hissədən ibarətdir: pusquya salma və pusqudan çıxartma.

Bir qrup xüsusi təyinatlı dəniz piyadası maşını pusquya salaraq terrorçuları zərərsizləşdirir, ikinci qrup isə oradan vacib sənədləri götürür. Bu nümayiş də peşəkar formada tamamlanır.

Dəniz piyadalarının xüsusi təyinatlı zabiti bildirir ki, onlar antiterror əməliyyatlarında Ağdam istiqamətində gedən döyüşlərdə 23 saat ərzində düşmənin bir çox postlarını, adsız yüksəklikləri ələ keçiriblər:

“2023-cü ildə antiterror tədbirlərində dəniz piyadaları olaraq böyük şücaət göstərmişik. Bundan başqa, Ağdam istiqamətində Fərrux yüksəkliyində düşmənin bir çox postlarını, adsız yüksəklikləri ələ keçirmişik. Bu döyüşlərdə yeddi şəhid vermişik. Bundan başqa, Vətən müharibəsində Qubadlı, Füzuli, Cəbrayıl istiqamətində döyüşmüşük. Qubadlının alınmasında şəxsən Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları iştirak ediblər. Allahdan şəhidlərə rəhmət diləyirik, ailələrinə başsağlığı veririk! Qazilərimizə tezliklə şəfa arzulayırıq! Ərazi bütövlüyümüzə qarşı hər hansı düşmən təxribatı olarsa, Ali Baş Komandanın əmri ilə canımızdan, qanımızdan keçməyə hazırıq”.

Bu nümayişlər bir daha göstərir ki, hərbçilərimiz öz peşələrinə çox böyük məsuliyyətlə yanaşırlar. Onların işi isə, həqiqətən, çox çətindir. Biz hərbçilərimizə yalnız təhlükəsizlik və azadlıq bəxş etdikləri üçün deyil, həm də onların göstərdiyi əzmkarlıq və qətiyyət üçün də borcluyuq. Hər bir hərbçimizə göstərdiyi fədakarlığa, vicdanlı xidmətə görə dərin minnətdarlığımızı bildirir, vətənin müdafiəsində əməyi keçən hər kəsə təşəkkür edirik!

Günün mübarək, qalib Azərbaycanın əsgəri!

Daha çox foto burada: PhotoStock.az

Almaz Qasımova



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı