Daha bir qurumdan əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi də gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Oxu,Az xəbər verir ki, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

İyunun 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

Azərbaycanın rayonlarında iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı