Hacıqabul Sənaye Parkı: yeni status – yeni imkanlar

Sənaye zonaları bu gün Azərbaycan iqtisadiyyatının dinamik inkişafının drayverlərindəndir. Bu sənaye mərkəzləri iqtisadi resursların şaxələndirilməsi, neft sektorundan asılılığın azaldılması və qeyri-neft-qaz sektorunda davamlı artımın stimullaşdırılmasında mühüm rol oynayır.

Qlobal iqtisadi proseslər və transformasiyalar nəticəsində yaranan müasir çağırışlar kontekstində Azərbaycanın qarşısında mühüm vəzifələr durur. Sənaye zonaları qeyri-neft-qaz sektorunun rəqabət qabiliyyətinin artırılması, biznes mühitinin yaxşılaşdırılması, idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, insan kapitalının inkişafı və s. istiqamətlərdə töhfə verir. Sənaye zonalarında birbaşa xarici investisiyaların cəlb edilməsi yolu ilə innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Sənaye zonaları həm də müəssisələrdə kadrların intellektual potensialının və ixtisas səviyyəsinin yüksəldilməsinə kömək edir ki, bu da davamlı iqtisadi artımın mühüm şərtlərindən sayıla bilər.Son onilliklərdə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun, eləcə də regionların iqtisadi inkişafına diqqət artırılıb. Ölkədə sahibkarlığın hərtərəfli inkişafı üçün müxtəlif dəstək və stimullaşdırma mexanizmləri yaradılıb. Bunlara vergi güzəştləri, güzəştli kreditləşmə, biznes kreditlərinə dövlət zəmanəti və s. daxildir.

Prezident İlham Əliyevin sərəncamları ilə həm ölkə səviyyəsində, həm də ayrı-ayrı regionlarda dayanıqlı və səmərəli iqtisadi inkişafa nail olmaq məqsədilə ölkədə səkkiz sənaye parkı və dörd sənaye məhəlləsi yaradılıb və uğurla fəaliyyət göstərir.

Sənaye zonalarının səmərəliliyi konkret göstəricilərlə təsdiqini tapır. 2015-ci ildən 2024-cü ilin birinci rübünə kimi onların rezidentləri tərəfindən 12,74 milyard manatlıq məhsul satılıb ki, bunun da 4,1 milyard manatını ixrac təşkil edib. 2024-cü ilin mart ayının nəticələrinə görə, sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 14,6%, ixracda isə 28,2% təşkil edib. Sənaye zonaları ixracın coğrafiyasının genişlənməsində mühüm rol oynayır – bu günə kimi onlarda istehsal olunan mallar 70-dən çox ölkəyə ixrac edilib.

Bu gün sənaye zonalarında 142 sahibkarlıq subyekti rezident statusuna malikdir. Onların layihələrinin ümumi dəyəri 7,79 milyard manat təşkil edir və bunun 6,7 milyard manatı artıq sərmayə olaraq yatırılıb. Sənaye zonalarında 10,5 mindən çox daimi iş yeri açılıb. Sənaye zonalarının inkişafı və genişləndirilməsinin növbəti mərhələsində mövcud layihələrə əlavə olaraq 1 milyard manat investisiya yatırılacaq, 6,5 mindən çox yeni iş yeri açılacaqdır.
Regionlarda sənayeləşmənin inkişafının bariz nümunələrindən biri 2017-ci ildə yaradılmış Hacıqabul Sənaye Məhəlləsi, onun əsasında 2024-cü ilin iyununda Azərbaycan Prezidentinin Sərəncamı ilə Hacıqabul Sənaye Parkının yaradılmasıdır.
Hacıqabul Sənaye Məhəlləsinin sənaye parkına çevrilməsi ilk növbədə layihənin özünün uğurundan xəbər verir. Hacıqabulda sənaye parkının yaradılması rayonun gələcək inkişafını təmin etmək üçün zəruri addımdır. Dövlət başçısının Sərəncamına qədər Hacıqabul Sənaye Məhəlləsi ölkənin aparıcı sənaye məhəlləsi idi – planlaşdırılan investisiyaların həcminə, yaradılan və yaradılması nəzərdə tutulan iş yerlərinin sayına, istehsal olunmuş məhsulların həcminə görə birinci, faktiki investisiyaların həcminə görə ikinci sənaye məhəlləsi.

Qeyd edək ki, hazırda Hacıqabul Sənaye Parkında 14 sahibkarlıq subyekti qeydiyyatdan keçib, onlardan 9-u artıq fəaliyyətə başlayıb. Mövcud layihələrə investisiyaların ümumi həcmi 44,2 milyon manat təşkil edir, artıq 400-ə yaxın daimi iş yeri yaradılıb. Ümumilikdə sənaye parkının bütün rezidentləri tərəfindən investisiyaların həcminin 163 milyon manatdan çox olacağı gözlənilir.

Yeni status, ilk növbədə, müasir innovativ və yüksək istehsal texnologiyalarından istifadə edən müəssisələrin yaradılması imkanlarının genişləndirilməsi, böyük investisiyaların cəlb edilməsi üçün daha böyük potensial, yeni iş yerləri, daxili bazarın yerli istehsal məhsulları ilə təminatı və nəticədə, Azərbaycanın qeyri-neft ixracının artırılmasına xidmət edəcək.

Sənaye məhəllələri kiçik və orta sahibkarlığın inkişafına yönəlibsə, sənaye parklarında daha iri layihələr həyata keçirilir.

Hacıqabul Sənaye Parkına istehsal imkanlarının daha da genişləndirilməsi və yeni investorların cəlb olunmasına inam həm də sənaye parklarının rezidentləri üçün əlavə üstünlüklərin verilməsi ilə bağlıdır. Xüsusən də onlar əhəmiyyətli vergi, gömrük və inzibati güzəştlər alırlar. Sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərini ödəməkdən, habelə texnoloji avadanlıq və qurğuların idxalı zamanı ƏDV və gömrük rüsumlarından azaddırlar. Dövlət onların inkişaf etmiş logistika, mühəndis və ofis infrastrukturuna çıxışını da təmin edir – yollar, elektrik, su və qaz xətləri, eləcə də yüksəksürətli internet artıq çəkilib. Hacıqabul Sənaye Parkının ərazisində artıq dəmir yolu var. Cəmi 10 km aralıda dəmir yolu stansiyası yerləşir ki, bu da logistikanı xeyli asanlaşdırır. Bundan əlavə, Ələt Azad İqtisadi Zonası 50 km məsafədədir ki, onun açılışından sonra Hacıqabul Sənaye Parkının investisiya cəlbediciliyi və onun rezidentlərinin məhsullarının dünya bazarlarına çıxarılması imkanları xeyli genişlənəcək.

Azərbaycanın bütün sənaye zonalarının öz spesifikasiyası var. Bu da sənaye istehsalının şaxələndirilməsinə, ölkə iqtisadiyyatının qeyri-neft-qaz sektorunun çevikliyini və çoxşahəli inkişafını təmin etməyə imkan verir. Hacıqabul Sənaye Parkı avtomobil sənayesi, tikinti materialları və qablaşdırma məhsullarının istehsalı üzrə ixtisaslaşıb.

Hacıqabul Sənaye Parkının ərazisində həyata keçirilən irimiqyaslı layihələrdən biri də minik avtomobilləri istehsalı müəssisəsinin yaradılmasıdır. İştirakçıları Azərbaycanın “Azərmaş GP” və Özbəkistana məxsus “UzAvtoSanoat” SC olan Azərbaycan-Özbəkistan birgə müəssisəsi avtomobil istehsalına 104 milyon manat sərmayə qoymağı planlaşdırır. Layihənin həyata keçirilməsi 1,2 min yeni iş yerinin yaradılmasına imkan verəcək. Zavodun gücü ildə 30 min avtomobil təşkil edəcək. Şirkət avtomobillərin yığılması, qaynaqlanması və avtomobillərin rənglənməsi ilə məşğul olacaq. Zavodda istehsal olunan məhsulların həm daxili bazarda satışı, həm də ixracı nəzərdə tutulur. Zavodda ABŞ, İtaliya, Çin, Cənubi Koreya və Özbəkistanın müasir texnologiyalar tətbiq olunacaq. Müəssisənin 2025-ci ilin mayında istifadəyə verilməsi planlaşdırılır.

Azərbaycan, Özbəkistan və Qazaxıstan şirkətlərinin Türk Avtomobil Sənayesi layihəsində birləşmək planlarını nəzərə alaraq Hacıqabul Sənaye Parkında avtomobil istehsalına daha geniş kontekstdə baxılmalıdır. Bu layihə türk ölkələrinin avtomobil sənayesinin inkişafı üçün ümumi konqlomeratın yaradılmasına yönəlib. Üç ölkənin yaratdığı enerji sənaye potensialının qurulmasına və dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Türk Avtomobil Sənayesi çərçivəsində əməkdaşlıq uzunmüddətli perspektivdə bütün iştirakçı ölkələrin avtomobil sənayesinin rəqabət qabiliyyətini artıracaq dayanıqlı istehsal bazasının yaradılmasını nəzərdə tutur. Bu birləşmə Avrasiya qitəsində avtomobil sənayesinin inkişafına yeni təkan verəcək və 65 milyondan çox əhalisi olan bazarları birləşdirəcək. Yeni alyans gələcəkdə Azərbaycan vasitəsilə Türkiyə, Avropa İttifaqı, Yaxın Şərq və Şimali Afrika bazarlarına çıxış əldə edəcək.
Bundan əlavə, paralel olaraq Hacıqabul Sənaye Parkında istehsalın lokallaşdırılması istiqamətində işlər aparılır ki, bu da ehtiyat hissələrinin istehsalı üzrə yeni müəssisələrin yaradılması deməkdir. Ümumilikdə, atılan bütün addımlar istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsinə, onların rəqabət qabiliyyətinin artmasına, yerli avtonəqliyyat parkının yenilənməsinə və ixrac coğrafiyasının genişləndirilməsi imkanlarına gətirib çıxaracaq.

Bu sənaye parkına maraq göstərən təkcə özbəkistanlı investorlar deyillər. Türkiyənin plastik su qablaşdırma istehsalçısı “Uysal” və Rusiyanın istilik izolyasiya panelləri istehsalçısı “Penoplex Prikavkazye” artıq Hacıqabulda fəaliyyət göstərir.
Sənaye parkının rezidentləri arasında logistika xidmətləri və sənaye tullantılarının utilizasiyası üzrə ixtisaslaşmış “Eco Logistics” şirkəti də var. Onun fəaliyyəti iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi sahəsində mövcud tendensiyalar fonunda önəmlidir.

Sənaye tullantılarının təkrar emalı və tullantıların davamlı idarə edilməsi yaşıl keçidin və enerjiyə qənaətin vacib aspektləridir. Azərbaycan ekoloji məsələlərə ciddi diqqət yetirir. Son illərdə isə yaşıl keçidə və istehsal proseslərinin enerji səmərəliliyinin artırılmasına diqqət artırılıb. 2024-cü ilin “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edilməsi və qarşıdan gələn COP29-un Bakıda keçirilməsi ölkənin beynəlxalq ekoloji standartlara sadiqliyini və qlobal iqlim dəyişikliyi təşəbbüslərində fəal iştirakını vurğulayır.

Hacıqabul Sənaye Parkında gələcəkdə başqa irimiqyaslı layihələr də həyata keçirilə bilər. Bu sənaye parkı əlavə investisiyaların cəlb edilməsi və innovativ texnologiyaların tətbiqi üçün mühüm platformadır. Burada sənaye istehsalının uğurla şəkildə genişləndirilməsi regionun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək, eləcə də iri sənaye təşəbbüslərinin gerçəkləşdirilməsi üçün əlverişli şərait yaradacaq.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı