Müzəffər Azərbaycan ordusunun yaranması və inkişaf tarixi

Müzəffər Azərbaycan ordusunun yaranması və inkişaf tarixi

106-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi Xalq Cümhuriyyətinin yarandığı dövrdən başlamışdır.  AXC yarandığı ilk gündən  xüsusilə  iyunun 4-də Türkiyə ilə sülh müqaviləsi imzalandı. Müqavilənin 4-cü maddəsinə uygun olaraq  Türkiyədən hərbi yardım istənildi. General Nuru paşanın rəhbərliyi altında 300 nəfərlik hərbi müşavir Gəngəyə gələrək ordu quruculuğuna yardım  göstərdilər.1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissə – 600 nəfərlik əlahiddə Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, 1894-1899-cu il təvəllüdlü şəxslər orduya çagrıldı. İlk nazir mülki şəxs Xosrov bəy Sultanov təyin edildi. Sonra – dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin olundular. AXC-nin Hüseyn xan Naxçıvanski, Cəmşid  bəy Naxçıvanski, Cavad bəy Şıxlinski, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Həbib bəy Səlimov kimi generalları olmuşdur. Hətta Əliağa Şıxlinskini 1904-1905-ci il Rus-Yapon müharibəsində Port- Artur döyüşündəki igidliyinə görə rus artileriyasının allahı adlandırmışlar. Qeyd etmək lazımdır ki, çar rusiyası dövründə kasıb ailədən çıxanları orduya çagırmırdılar yalnız aristokratik ailədən çıxanları orduya çagırılırdı, kasıb müsəlman əhali isə orduya çagrılmadığına görə “Gizyə” yəni can vergisi verirdilər.

AXC-nin   hərb sahəsində ilk uğuru  sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi.

Sovet rejimi qurulduqdan sonra Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, bir çox vətənpərvər hərbçilər repressiyaya məruz qaldı. Əliaga Şıxlinski, Səməd bəy Mehmandarov isə N.Nərimanovun köməyi ilə repressiyadan xilas oldu. Onların hərb sahəsindəki təcrübəsindən  Moskva hərbi Akademiyasında istifadə olundu. Qeyd etmək lazımdır ki, Əliağa Şıxlinski  Müqəddəs Stanislav, Müqəddəs Anna, Müqəddəs Vladimir ordeninin hər üç dərəcəsinə,Səməd bəy Mehmandarov isə Müqəddəs  Vladimir ordeninin 4, 3, 2-ci dərəcələri ilə təltif olunmuşlar.

Sovet hakimiyyəti dövründə Azərbaycanlı hərbi kadrların yetişdirilməsinə laqeyd manasibət göstərilir, orduya gedənləri tikinti batalyonlarına göndərirdilər. Lakin II dünya müharibəsinin ilk günlərindən  30 min Azərbaycanlı könüllü cəbhəyə getmiş, onun 1000 nəfəri qadın idi. Müharibə illərində Azərbaycandan 640 min cəbhəyə getmiş, 400 min həlak olmuşdur. Müharibə illərində  Azərbaycanlılar həm ön cəbhədə, həm partizan hərəkatında, həm antifaşist müqavimət hərəkatında, həm də arxa cəbhədə fədakarlıq nümunəsi göstərmişdi. Müharibə illərində respublikamızın ərazisində  87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmiş, döyüşən orduya yardım üçün Azərbaycandan  Müdafiə fonduna arxa cəbhədən 15 kq qızıl, 952 kq gümüş, 311 mln manat istiqraz, 125 vaqon isti paltar göndərilmişdi. Müharibə illərində Azərbaycanda 130 adda hərbi sursat o cümlədən “YAK-3” qırıcı təyyarələri Bakıda yığılırdı. Müharibənin qələbə ilə başa çatmasında Azərbaycan nefrçilərinin də böyük xidmətləri olmuşur. Həmin illərdə SSRİ-də çıxarılan 110 mln ton neftin 75 mln-u Azərbaycan vermişdı, həmçinin cəbhəyə 23 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi mümkün olmazdı. Marşal Konstantin Rokossovski isə qeyd edirdi ki, “Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır”.

Cəbhəyanı Brest qalasında döyüşlərdə 44 Azərbayacnlı iştirak etmişdi. Qala divarlarına yazmışdılar ki, ölürük amma təslim olmuruq. 1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustinka kəndi uğrunda döyüşdə kiçik leytenant İsrafil Məmmədov Azərbaycanlılar arasında ilk Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Zabit Hüseynbala  Əliyev Leninqrad səmasında düşmənin 6 təyyarəsinin məhv etmişdi, dəniz piyadaçısı Qafur Məmmədov Tuapse yaxınlığındakı döyüşlərdə şücaətinə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Gəray Əsadov Aleksandr Matrosovun qəhrəmanlığını təkrar etmişdir. Həzi Aslanov birinci dəfə Stalinqrad döyüşlərində, ikinci dəfə    isə 1944-cü ildə  Berezna  çayını keçib 508 yaşayış məntəqəsinin azad etdiyinə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş, lakin onu gizli saxlamışlar, 47 il sonra müstəqillik dövründə hərbi jurnalist Musa Bağırov Rusiya hərbi arxivndə işləyərkən bu məlumata rast gəlib onu elmi dövriyyəyə gətirmişdir. Təkcə Stalinqrad döyüşündə 2 min Azərbaycanlı iştirak etmişdir.

Müharibə illərində Azərbaycanda  402-ci, 416-cı, 77-ci, 223-cü, 271-ci milli diviziyalar yaradılmış, şərəfli döyüş yolu keçmişlər. Belə ki, 77-ci diviziya Kerç, Taman adası, Mazdok, Novorossiysk, Minvod, Stavropolun azad olunmasında fərqlənmişdir. 416-cı diviziya Taqanroqdan Berlinə kimi şərəfli yol keçmişdir. 223-cü diviziya Bolqarıstan, Macarıstan, Rumıniyanın azad olunmasında, 271-ci diviziya isə Polşa və Çexoslovakiyanın azad olunmasında iştirak etmişdir. Bu döyüşdə mərhum akad. Z.Bünyadov başda olmaqla 20 Azərbaycanlı Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür.   Müharibə illərində Azərbaycandan 130 nəfər göstərdikləri qəhrəmanlığa görə ən yüksək mükafata –Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş, 176 min əsgər və zabitimiz  isə müxtəlif orden və medallarla təltif edilmiş, 30 nəfər şöhrət ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.Müharibə illərində Azərbaycanın  Həzi Aslanov, Heybət Heybətov, Yaqub Quliyev kimi generalları olmuşdur.

Dövlət müstəqilliyimzin bərpasından sonra Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Ümumqoşun hərbi məktəbində görüşlər zamanı  H.Əliyev dəfələrlə məktəbin rəhbərliyindən  orada təhsil alan Azərbaycanlıların sayı ilə maraqlanmış, onların sayının artırılmasını  komandanlıq qarşısında bir vəzifə olaraq qoymuşdur. 1971-ci il iyunun 20-də H.Əliyevin fərmanı ilə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi açıldı. Heydər Əliyev azərbaycanlı gəncləri, həmçinin SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarimizin müstəsna rolu olumuşdur. H.Əliyevin rəhbərliyi ilə 1994-cü ilin sonu 1995-ci ilin əvvəllərində 54 minlik Milli ordu yradıldı.  1994-cü ilin yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 1999-cu ildə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdır.

İlham_Əliyev

 

Prezident İlham Əliyevin hakimiyyəti dövründə Milli ordu quruculugu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, silahlı qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə əsaslı addımlar atıldı. Prezidentin 16 dekabr 2005-ci il 1181 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan silahlı qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel döyüşlərində bir daha göstərdi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Azərbaycan Ordusu daha bir uğurunu 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazandı. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarəti altına keçdi, II Qarabag müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Təsadüfi deyil ki, XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir. 2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Düşməndən qənimət olaraq götürülmüş silah-sursat və texnika ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız bu paradda nümayiş etdirildi. Vətən müharibəsində 3000-dən çox əsgər və zabitimiz doğma torpaqlarımızın azad edilməsi uğrunda şəhid oldu. 83 nəfər Vətən müharibəsi qəhrəmanı adına layiq görülmüş, 159 mindən çox hərbçi isə müxtəlif orden və medallarla təltif olundu. Erməni işğalı xalqımızı mənəvi cəhətdən sarsıtsa da onun mənliyini, milli qürurunu sındıra bilmədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan ordusunun rəşadəti, xalqın milli birliyi nəticəsində  torpaqlarımız mənfur düşməndən azad edildi. 2023-cü il 19-20 sentyabr 23 saatlıq antiterror əməliyyatı ilə Qarabagda ölkəmizin konstitusion quruluşu tam bərpa olunmuş, Agdərə, Əsgəran, Xocalı və Xankəndində Azərbaycan bayragı qaldırıldı.

II Vətən müharibəsi xalqımızın qəhrəmanlıq tarixinə yeni bir səhifə yazdı, gələcək nəsillər üçün çox dəyərli örnək oldu. Bu qələbə dövlətimizin siyasi nüfuzunu, hərbi qüdrətini dünyaya sübut etdi və Azərbaycan xalqının mübariz xalq olduğunu göstərdi.

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, silah-sursat təchizatı artırılır, Komando bölmələri yaradılırdı. 2021-ci il dekabrın 24-də Ali Baş Komandanı İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında çıxış edərək Komando hərbi bölməsinin yaradılmasının əhəmiyyətini qeyd edərək bildirib ki, yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər.  Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu artıracaqdır”.

Hakim İsakov

              Hakim İsakov  

             Tarix üzrə elmlər doktoru

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı