Azərbaycan və Gürcüstan XİN başçıları bölgədəki mövcud vəziyyəti müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq gündəliyində duran məsələlər, parlamentlərarası əməkdaşlığın perspektivləri, habelə regionda cari vəziyyət müzakirə olunub.

İki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, energetika, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə strateji tərəfdaşlıq xarakteri daşıyan qarşılıqlı faydalı əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. “Orta Dəhliz” üzrə işlərin və birgə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə arasında həm xarici işlər nazirləri, həm də Parlamentlər səviyyəsində üçtərəfli format çərçivəsində birgə səylərin genişlənməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyinin inkişafında parlament diplomatiyasının, parlament sədrləri və nümayəndələrinin qarşılıqlı səfərlərinin, dostluq qrupları arasında geniş əməkdaşlığın əhəmiyyətli rol oynadığını qeyd edib.

İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın xalqlarımız arasında mövcud dostluq və mehriban qonşuluq münasibətlərinə verdiyi töhfə müsbət qiymətləndirilib.

Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29 çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesi barədə məlumatlandırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov həmçinin Parlamentin fəxri qonaqları kitabına ürək sözlərini yazıb.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı