Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir.

“Report” xəbər verir ki, məqsəd sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir.

Şuşada keçirilən tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt və azadolmalar, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpa və iqtisadi reinteqrasiyasında sahibkarların rolu mövzularında panel müzakirələr təşkil olunacaq. Sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, məhsulların ixrac potensialı, logistika imkanları təqdim ediləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq. Həmçinin G2B (dövlət-biznes) formatında görüşlər keçiriləcək.

Qeyd edək ki, “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirin dünən açılışı olub. Dünən tədbir çərçivəsində biznes nümayəndələri Ağdam Sənaye Parkında olublar.

Sahibkarlara məlumat verilib ki, Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Sənaye parkında ümumi investisiyalarının həcmi 216 milyon manatdan çox olan 25 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən sənaye parkında ümumilikdə 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək rezidentlər tərəfindən sənaye parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. Tezliklə Ağdam Sənaye Parkında müxtəlif istehsal müəssisələri fəaliyyətə başlayacaq.

Qeyd edilib ki, azad edilmiş ərazilərdə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları vaxtdan başlayaraq, 10 il müddətinə əmlak, mənfəət və torpaq vergilərindən azaddırlar. Bundan başqa, sənaye parklarında aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına elektrik, təbii qaz, içməli və texniki su, sürətli internetlə təmin edilmiş infrastruktur qurulur. Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verəcək.

Tədbirin iştirakçıları Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar.

Xankəndi şəhəri ilə tanışlıq çərçivəsində istehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı