“Yay Fest” öz əyləncəsi ilə davam edir

Azərbaycan gənclərini bir araya toplayan “Yay Fest” uğurla davam edir. Əyləncəli, öyrədici və dinamik atmosferdə yenidən başlayan festivalın 5-ci düşərgəsi artıq yekunlaşır. Bu il ümumilikdə 2000-dən çox gəncin iştirak edəcəyi “Yay Fest” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Oxu.Az xəbər verir ki, çadır tipli düşərgə formatında baş tutan “Yay Fest”in başlıca məqsədi, dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərə müxtəlif sahələrdə geniş imkanlar yaratmaq və onların inkişafına kömək etməkdir. Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli və maraqlı keçirmələrini təmin etmək, müxtəlif bölgələrdən gələn gənclərin şəbəkələşməsinə dəstək olmaqdır.

Xüsusi vurğulayaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, bu ilki düşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi və COP29-a həsr olunub.

İyulun 15-dən etibarən başlayan “Yay Fest”in 5-ci düşərgəsi gənclər üçün unudulmaz, əyləncəli, yaddaqalan və öyrədici olub. Beynəlxalq Gənclər Gününü də özünü əhatə edən düşərgə proqramında gənclərin vətənpərvər ruhda tərbiyə olunması və onların inkişafına dəstək verən fəaliyyətlər xüsusi önəm daşıyıb. Həmçinin, “Yay Fest”in 5-ci düşərgəsində qardaş Türkiyədən olan gənclər də iştirak ediblər. Düşərgə çərçivəsində “IDEA” İctimai Birliyi tərəfindən keçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərin ekoloji maariflənməsini artırmaqla yanaşı, onların ekoloji təhlükəsizliyə məsuliyyətli yanaşmasını təşviq edib. Açıq havada təşkil olunan ekoloji oyunlar, komanda işləri, hayking və əyləncəli fəaliyyətlər gənclərə həm maraqlı, həm də öyrədici təcrübə yaşadıb. Gənclər üçün hər axşam konsert və əyləncə proqramları təşkil olunub. Həmçinin, düşərgə iştirakçıları qardaş Türkiyənin gəncləri, müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraq şəbəkələşmənin vacibliyini bir daha anlayıblar. Gənclər üçün hazırlanmış maraqlı və əyləncəli proqram, onların həm asudə vaxtını səmərəli keçirməsinə, həm də şəxsi və peşəkar inkişafına töhfə verib.

Gəncliyin enerji dolu atmosferi olan “Yay Fest” gənclər üçün əyləncə və dinamik bir mühit yaratmaq üçün öyrənmə imkanları ilə zəngindir. 2019-cu ildən bəri təşkil olunan festival 2 ay ərzində davam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdən ibarət olacaq. Ötən illərdə olduğu kimi bu il də tematik mövzulara uyğun 8 ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır. Bu festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən yaradılıb.

“Yay Fest” barədə məlumat əldə etmək, maraqlı, əyləncəli proqramlarla zəngin olan bu möhtəşəm tədbirdə iştirak şansı əldə etmək üçün “Yay Fest”in “Instagram” ( www.instagram.com/yayfest.az/) səhifəsini izləyin.

Ölkənin ən böyük gənclər festivalının bir parçası olmaq, unudulmaz anlarını yaşamaq üçün “Yay Fest”ə qoşulun və əyləncəli yay təcrübəsindən yararlanın!



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı