Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Uqledar bölgəsini tərk edib. Bunda məqsəd şəxsi heyəti və hərbi texnikanı qorumaq olub.
Oxu.Az-ın “RBC Ukrayna”ya istinadən xəbərinə görə, bu barədə “Xortisa” əməliyyat-strateji qoşun qrupu “Telegram” kanalında məlumat verib.
“Nəyin bahasına olursa olsun, düşmən şəhərə nəzarəti ələ keçirmək cəhdi ilə cinah hücumlarını həyata keçirmək üçün ehtiyat göndərməyi bacardı və bu da Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin müdafiəsini zəiflətdi. Düşmənin hərəkətləri nəticəsində şəhərin mühasirəyə alınması təhlükəsi yarandı”, – deyə məlumatda bildirilib.
Qeyd edilib ki, Ukrayna hərbçilərinin və texnikasının həyatını xilas etmək üçün komandanlıq Uqledardan qüvvələrin çıxarılmasına icazə verib.
“Şəxsi heyətin və hərbi texnikanın qorunub saxlanılması və gələcək fəaliyyətlər üçün mövqenin tutulması məqsədilə ali komandanlıq tərəfindən bölmələrin Uqledardan çıxarılması üçün manevrin həyata keçirilməsinə icazə verilib”, – deyə müdafiə qüvvələrindən nəzərə çatdırılıb.