Birinci sinfə yeni başlayan şagirdlərdən oxu, yazı bacarıqlarının tələb olunması sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Bir qisim uşaqların məktəbə başlayanda bu biliklərə sahib olmağının vacibliyindən bəhs etsə də, digər qisim oxu, yazı bacarığının birinci sinifdə tədris edilməsinin gərək olduğunu söyləyir.
Bəzi mütəxəssislər isə məktəbəhazırlığın bağçalar tərəfindən aparılmasının zəruri olduğunu vurğulayırlar.
Maraqlıdır, görəsən, məktəbəhazırlıq bağçaların öhdəliyinə verilməlidirmi?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan sosioloq Lalə Mehralı məktəbəhazırlığın bağça müəllimləri tərəfindən tədris olunmasının zəruri olduğunu bildirib:
“Əsl məktəbəhazırlıq təhsilini bağça pedaqoqları verirlər. Onlar bunun ixtisas təhsilini alıblar. Məhz məktəbəqədər təhsil ixtisasını bitirən müəllimlər məktəbəhazırlıq yaşına çatan uşaqlara nə öyrətmək lazım olduğunu bilirlər. Onlar altı yaşda məktəbə gedəcək uşağın nəyi bilməsinin vacib olduğu barədə məlumatlıdırlar. Bu səbəbdən də uşaqları ətraf aləm, rənglər, fiqurlar, heyvanlar, əşyalar ilə tanış edirlər. Ətraf aləmlə tanış olan uşaq çevrəsində nə baş verdiyini anlayacaq və birinci sinfə gedəndə də oxumağı, yazmağı öyrənəcək”.
Sosioloq qeyd edib ki, hazırkı dünya praktikasına görə, beş-altı yaşlı uşaqların məktəbə başlamasının onlara faydadan çox, zərəri var:
“Təhsil sistemində heç də asanlığa doğru dəyişiklik olmur. Hər yeni ildə ötən illə müqayisədə daha ağır proqramların tədrisi aparılır. Birinci sinif tədris proqramı altı yaşlı uşaqların zehni üçün yükdür, qaldı ki beş yaşlı uşaqlar məktəbəhazırlıq qruplarına gedə və birinci sinfin tədris proqramı ilə yüklənələr. Uşaqlar məktəbəhazırlıq qruplarında oxumaq, yazmaq, saymaq və s. öyrənirlər. Bunların hər biri birinci sinifdə tədris edilməlidir. Lakin məktəbəhazırlığa gedən beş yaşlı uşaq bunu öyrənməyə məcbur olur.
Bizdə məcburi təhsil ibtidai sinifdən başlayır. Valideynlər övladlarını səkkiz yaşına qədər birinci sinfə göndərə bilərlər. Lakin onlar uşaqlarını məktəbə qoymağa tələsirlər. Uşağı oynamalı, əylənməli yaşında təhsil almağa məcbur edirlər. Məktəbəhazırlıq qruplarında birinci sinif dərsləri ilə yüklənən şagird birinci sinifdə nə öyrənəcək? Bu o deməkdir ki, birinci sinifdə də ikinci sinfin tədrisi aparılacaq? Uşaqların birinci sinifdə oxuyanda dərsə marağının olmamasının səbəbi də budur. Onlar artıq birinci sinif dərslərini bilirlər və dərsin marağında olmurlar. Uşaqların əlindən bu həyəcanı almaq olmaz”.
Təhsil eksperti Elçin Əfəndi vurğulayıb ki, məktəbəhazırlıq təhsilinin bağçaların öhdəliyinə verilməsi məqsədəuyğun deyil:
“Məktəbəqədər təhsil pilləsi ilə məktəbəhazırlıq təhsil pilləsi fərqli anlayışlardır. Məktəbəqədər təhsil bağçalarda verilir, bunun məktəblə hər hansı bağlılığı yoxdur. Ola bilər ki, məktəb daxilində hər hansı korpusda bu olsun, lakin bu da bağça üçün nəzərdə tutula bilər. Ümumilikdə, məktəbəhazırlıq təhsili isə məktəbdə olur və birinci sinifdən öncəki təhsili əhatə edir. Bu, bağça ilə ibtidai təhsil arasında olan təhsil pilləsidir. Məktəbəhazırlıq ibtidai təhsildən öncə məktəbə, şagirdlərə uyğunlaşma baxımından vacibdir. Onun hazırda olduğu qaydada qalması daha məqsədəuyğundur”.
Pedaqoq Nigar Gülməmmədli isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, məktəbəhazırlıq qruplarında birbaşa birinci sinfin dərs materiallarından istifadə edilməsi uşaqların yaşı üçün uyğun deyil:
“Altı yaşa qədər uşaqların əsas fəaliyyət növü oyundur. Uşaqlara öyrədilən istənilən yeni bacarıq, mövzu bir qədər oyunəsaslı olarsa, uşaqlar həmin mövzuları daha tez mənimsəyərlər. Erkən yaşda uşaqların həddindən artıq yüklənməsi daha sonra onlarda təlimə qarşı istəksizliyin yaranmasına səbəb ola bilir. Artıq birinci sinfə gedən uşağa məktəb dedikdə gözündə sıxıcı, yorucu bir yer canlanır”.
Onun sözlərinə görə, birinci sinfə qədəm qoyan uşaqların hər birinin hərfləri bilməsi, oxumağı bacarması mümkün deyil:
“Birinci sinfə yeni başlayan uşaqlar arasında öyrənmə çətinliyi olan uşaqlar olur. Bu da həmin uşaqlara birbaşa oxu materiallarının tədris edilməsi zamanı onların təlim fəaliyyətində geri qalmasına səbəb olur. Öyrənmə çətinliyi çəkən və gec öyrənən uşaqları da valideynləri məcbur qalırlar ki, əlavə hazırlıqlara yazdırsınlar”.
Aygün Mirakif