Hər il olduğu kimi 5 oktyabr Müəllimlər günü ilə əlaqədar bəzi məktəblərdə yenə pul yığılması prosesinə başlanılıb.
Halbuki Elm və Təhsil Nazirliyi bu il də əlamətdar günlə bağlı məktəblərə təlimat göndərib.
Bildirilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.
Bu dəfə Beynəlxalq Müəllimlər günü ilə bağlı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi R.M.Sadıqov adına 136 nömrəli məktəbdə şagirdlərdən 20 manat pul yığılması tələb olunub. Pullar isə məktəbin 1B sinfinin valideyn komitəsi tərəfindən “WhatsApp” qrupu vasitəsilə yığılır.
Bununla bağlı Bizim.Media-ya həmin sinfin valideynləri şikayətlənib.
Bildirdiklərinə görə, məktəbdə vaxtaşırı pul yığılması hallarından təngə gəliblər. Onlar məktəbdə hər il Müəllimlər Günü ilə bağlı pul yığıldığını iddia ediblər. Üstəlik bu yaxınlarda təmirlə əlaqədar da onlardan pul istənilib.
Maraqlısı isə odur ki, valideyn komitəsinin sədri “WhatsApp” qrupunda göndərdiyi səs yazısında pul verməyən valideynləri qısnayaraq, 20 manatın əslində çox az məbləğ olduğunu deyib, hətta buna etiraz edənləri utandıracaq və aşağılayacaq tonla təhqir edib.
Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə yaratdıq. Qurumdan məsələnin araşdırılacağı bildirilib.
136 nömrəli məktəbdə Müəllimlər Günü ilə bağlı pul yığılır? – İDDİA