“Qərb guya İrəvanla Bakı arasında münasibətlərin həllinə kömək etmək üçün özünün “sülhməramlı” kontingentini NATO ölkələrindən gətirib Cənubi Qafqazda yerləşdirməyə çalışır”.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri şurasının iclasında deyib.
“Amerikalılar və avropalılar Cənubi Qafqazda sabitliyin bərqərar olmasında açıq şəkildə maraqlı deyillər. İrəvanı Bakı ilə danışıqları ləngitməyə meyilləndirməklə Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün “sülhməramlı” kontingentinin – BMT-nin himayəsi altında de-yure və NATO-nin himayəsi altında de-fakto yerləşdirilməsinə nail olmağa çalışır”, – deyə o xəbərdarlıq edib.
“Bu cür “sülhməramlılığın” mümkün xarakteri artıq onda özünü göstərir ki, Ermənistanda, Azərbaycanla sərhədin yaxınlığında yerləşdirilmiş “Aİ-nin müstəqil mülki müşahidə missiyası” adlanan missiya konkret NATO ölkəsinin maraqları üçün Rusiyaya və bizim tərəfdaşlarımıza qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir”, – deyə Bortnikov vurğulayıb.
Bundan əlavə, o qeyd edib ki, imtiyazlı silah tədarükü və təhlükəsizlik təminatları müqabilində Qərb Ermənistan hökumətinin KTMT-dən çıxmasına çalışır və bu da İrəvanı Bakı ilə gələcək münasibətləri məsələlərində Şimali Atlantika Alyansından daha da asılı vəziyyətə salacaq.