Emilya Tağıyeva yazır…
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü. Adətən, bu tarix bizə məktəblərdə həyatın yollarını göstərən müəllimlərimizi xatırladır. Ancaq bu yazımda bir çoxlarımız üçün ilk müəllimlərdən birindən – atalardan danışmaq istəyirəm. Son günlərdə şahidi olduğum bir hadisə mənə bu barədə yazmağa ilham verdi.
Bir neçə gün əvvəl səhər qatarla işə gələrkən yolda 17-18 yaşlarında qızlarının əlindən tutmuş ataları gördüm. Birinci ata diqqətimi çəksə də, ikincisi təəccübləndirdi, üçüncü isə düşündürdü: Görəsən, nə baş verir?
Sirr “28 Mall”un önündən keçərkən açıldı. Ata qızına yolu izah edirdi, geri dönüb gəldikləri küçəni göstərdi. “Bura yadında qaldı? – deyə soruşdu, sonra irəlini göstərdi. – Buradan sağa dönürsən, düz gedəcəksən…”
Bundan sonrasını eşitmədim, amma artıq hər şey mənim üçün aydın idi. Yadıma düşdü ki, bu gün sentyabrın 15-dir. Gördüyüm atalar da qızlarının əllərindən tutub onları ali təhsil müəssisələrinə gətirirmişlər: yeni həyat yolunun astanasında qızlarını tək qoymamışdılar.
Bu mənzərə çox dəyərli idi. Nədənsə əminlik yarandı ki, həyatda heç bir çətinlik bu qızları sarsıda bilməyəcək. Çünki…
Elm sübut edib ki, ataların qızlarına verdiyi dəstək onların özünəinamını artırır, daha güclü qərarlar vermələrinə şərait yaradır. Axı onlar hər bir qızın həyatında kişilər mövzusunda ilk nümunədirlər, ona istər ailədə, istər cəmiyyətdə sevgini, hörməti və düzgün yolu göstərə biləcək şəxslərdəndirlər – ilk MÜƏLLİMDİRLƏR. Bu səbəbdən, ataların verdiyi “təhsil” qızların gələcəyinə, gələcəkdəki münasibətlərinə və qərarlarına birbaşa təsir edir.
Əgər bu müəllim “dərsi”nə laqeyd yanaşarsa – qızına sevgi, qayğı göstərməzsə, müəyyən izahları ancaq qışqırmaqla, hətta bəzən əl qaldırmaqla olarsa, bu “boş keçən dərs”lərin yeri əks cinsin başqa nümayəndələri tərəfindən doldurula və çox vaxt qızlar üçün yanlış qərarlarla nəticələnə bilər.
Vaxtında atasının dəstəyini görən qız isə hətta bir gün valideyni dünyada olmasa belə, hər zaman öz əlini atasının ovcunda hiss edəcək, onun verdiyi güvənlə həyatda güclü və müstəqil addımlar atacaq.
Burada bir nüansı qeyd edim. Övlad üçün əlbəttə, ananın rolu həyati əhəmiyyətlidir, zəruridir, lakin atalar, xüsusən qızlarına kişilərlə necə sağlam münasibətlər qurmağı öyrətmək baxımından fərqli bir təsirə sahibdirlər.
Beləliklə, bu gün qızlarına yolu göstərən, onları sevgi və dəstəklə böyüdən atalar, əslində, onların həyatda öz yollarını tapmalarına şərait yaradırlar. Müəllimlər Günündə bu önəmli “ilk müəllimlər”in rolunu dəyərləndirməyi unutmayaq.