11 yaşlı Nurayın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Səbinə Salahova məlumat verib.
O bildirib ki, övladı serebral iflic və ürək xəstəliyindən əziyyət çəkir:
“Nurayın 11 yaşı var, o, doğularkən həkimin qucağından düşüb. Həmin dövrdən o, serebral iflic xəstəliyindən əziyyət çəkir. Nuray iki dəfə ürək əməliyyatı da keçirib. Artıq bir neçə ildir biz Nurayı hər 6 aydan bir Türkiyəyə müayinəyə aparırıq. Nurayın bağırsaqlarında da problem var, hər altı aydan bir orada ona kök hüceyrə sistemi köçürülür. O sistem köçürülməzsə, Nurayın qarnı şişir, səhhətində ciddi problemlər yaranır”.
Gənc ana üç övladına tək başına baxdığını bildirib:
“Mənim üç övladım, bir də 78 yaşlı anam var. Uşaqlara görə mən tam gün işləyə bilmirəm, səhərlər təndirxanaya gedib yuxa yayıram. Gününə 13-14 manat alıram, yaşlı anam isə yollarda limon, kəklikotu, öz əkdiyi gülləri satır ki, dolana bilək. Yoldaşım aylar öncə işləmək adı ilə Rusiyaya yollandı. Həmin gündən də nə uşaqlara maddi, nə mənəvi dəstək olmur. Biz oktyabrın 15-i üçün İstanbula yollanmağa bilet almışıq. Oradakı müalicə və müayinə üçün ümumilikdə 6 000 manata ehtiyacımız var. Həmin məbləğin yarısını toplaya bilsək də, 3 000 manatımız hələ də çatmır. Yardımsevər şəxslərdən bizə, övladıma bu dəfə də dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (077) 325-61-47.
Kapital Bank: 6768 6771 7683 9631.
İki ağır xəstəlikdən əziyyət çəkən Nurayın 10 günü qalıb