Torpaqların minalanması dəhşətli ətraf mühit deqradasiyasına yol açır

Planetin istiləşməsi miqrant işçilər üçün həm iqtisadi, həm də sağlamlıq baxımından böyük risklər yaradır. 2023-cü ildə həddindən artıq istiləşmənin qeydə alınması fermerlər, tikinti sahəsində və ümumiyyətlə açıq hava şəraitində çalışan işçilər üçün ağır nəticələrə gətirib çıxarıb.

Bunu “Report”a Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva deyib. O qeyd edib ki, açıq havada çalışan işçilər iqlim dəyişmələrinin ən sərt reallıqları, o cümlədən ekstremal yay və qış mövsumləri, eləcə də qum fırtınaları və daşqınların mənfi nəticələri ilə üzləşirlər:

“Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada milyonlarla işçi – tikinti sektoru, çatdırılma xidmətləri sahəsində çalışan işçilər, küçə abadlığına məsul və başqaları – həssas qruplar və ağır təsirlənənlər arasındadır.

Miqrant işçilər xarici təsirlərdən əlavə, iqlim dəyişmələri fəsadlarından qorunmaq üçün inzibati çətinliklərlə də üzləşirlər. Günorta iş fasilələri və ya açıq havada çalışan işçilər üçün istilərin qarşısının alınması üçün əksər ölkələrdə heç bir tədbir görülmür. Tikinti işçilərindən tutmuş plantasiyada işləyənlərə qədər açıq havada çalışanlar normadan artıq temperatur şəraitində işləməyə davam edirlər. İri ticarət mərkəzləri və digər ictimai binaların sahibləri tərəfindən kondisionerli ictimai yerlərin əksəriyyətinə tikinti işçilərinin daxil olmasına icazə verilmir. Əvəzinə onlar parklarda və ya müxtəlif yaşıllıqlarda dincəlməklə istidən xilas olmağa çalışırlar. Bu hal işçilərin sağlamlığına, gün vurmadan əziyyət çəkməsinə, dəri xərçənginin yaranmasına, tənəffüsün çətinləşməsinə gətirib çıxarır”.

Deputat qeyd edib ki, Qlobal İqlim cəmiyyəti, yəni beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, iqlim və ətraf mühit aktivistləri miqrantların iqlim dəyişmələrindən təsirlənən əsas icma qruplarından biri kimi tanınmasını tövsiyə edir:

“Hətta Konvensiya yanında müşahidəçi qismində işçi miqrantlardan ibarət Koalisiyanın yaradılması təklif olunur. Konvensiya yanında hazırda mövcud olan “Fermerlər” həmfikir QHT qrupunda müəyyən mənada miqrant təmsil olunsa da, bu qrupun xüsusilə miqrantlardan ibarət olması və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən COP-larda bu məsələlərin müzakirələrə cəlb edilməsi məqsədəuyğun hesab edilir. Dünyada davam edən istilik böhranında əlbəttə ki, təsirlənən icmaların rifahı daha böyük müzakirə mövzusu olmalıdır.

Münaqişələr nəticəsində ətraf mühitin deqradasiyası da miqrasiyaya mənfi təsir göstərən başlıca amillərdəndir. 90-cı illərdə Qarabağdan, Şərqi Zəngəzurdan, o cümlədən Qərbi Azərbaycandan olan azərbaycanlılar doğma el-obasından didərgin salınmış, qaçqın və məcburi köçkün olaraq ölkənin digər ərazilərinə miqrasiya etməyə məcbur olmuşdular. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasına baxmayaraq əhali öz yurd-yuvasına dərhal qayıda bilməyib, ərazilər erməni işğalı zamanı talan edilmiş, dağıdılmış, ağaclar kəsilmiş, mədəni irs məhv olmuş, çaylar çirkləndirilmiş, yaşıllıqlar, ətraf mühit viran qoyulmuşdu. Dəymiş maddi ziyanın məbləği yüz milyardlarla ölçülür. Torpaqların minalanması, minanın torpaqda qaldığı zaman ətraf mühitə təsiri bir cür fəsadlar, onun partlaması isə digər dəhşətli ətraf mühit deqradasiyası yaradır. Bütün bunlar insanların azad şəkildə öz vətəninə qayıtmasına mane olan ətraf mühit amilləridir”.

P.Vəliyevanın sözlərinə görə, miqrasiyaya məruz qalmış insanların vətəninə geri qayıdarkən öz evini viran vəziyyətdə, uçurulmuş görməsi, bir zamanlar yaşadığı məhəlləni, yaşayış obyektlərini yerində tapmaması, eyni zamanda miqrantların mental sağlamlığına, psixoloji durumuna da mənfi təsir göstərir:

“Evlərini, küçələrini, yaşadıqları ərazini daim yaddaşlarında qoyub getdikləri kimi xatırlayan bu insanlar geriyə qayıdarkən fərqli mənzərənin şahidi olur: minalanmış abidələr, küçələr, evlər”.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More