“Avtobus zolaqlarına daxil olmaq mümkün deyil, çünki cərimə yazılır. Bu səbəbdən sərnişin düşürmək istədikdə yolun ortasında saxlamalı oluruq. Sərnişinin yolun hərəkət hissəsində maşından enməsi çox təhlükəlidir. Avtobus zolaqlarından da avtobusların nə zaman və hansı sürətlə gələcəyi məlum deyil. Bu yaxınlarda bir xanım maşından düşdükdə avtobus vurmuşdu”.
“Avtobuslar üçün zolaqlar olsa da, onlar digər nəqliyyat vasitələri üçün yoldan istifadə edirlər. Səbəbini isə yol kənarında olan ağaclarla əlaqələndirirlər. Budaqlar avtobusa mane olduğu, həmçinin zərər yetirdiyi üçün həmin yola daxil ola bilmirlər. Əgər zolaq istifadə olunmayacaqsa, nə üçün çəkilib?”
Hər iki şikayət sosial şəbəkələrdə yazılıb. Avtobus zolaqlarının çəkilməsi nəqliyyatın intensivliyi baxımından gözəl addımdır, lakin özü ilə bu cür problemlər də gətirir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
AYNA-dan bildirildi ki, hazırda paytaxtın 25 küçə və prospektində uzunluğu 77 kilometrdən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır:
“Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır. Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq iki balla qiymətləndirilir. Taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi hazırda müzakirə olunmur”.
Ağaclarla bağlı məsələyə gəldikdə isə, qeyd edildi ki, avtobusların hərəkətinə mane olmaması üçün ağacların budanması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.
DYP-dən verilən məlumata görə, digər avtonəqliyyat vasitələrinin avtobus zolaqlarından istifadəsi qadağan edilsə də, istisna hallar mövcuddur: “Nəqliyyat vasitələri avtobus dayanacağında saxlayırlar. Sərnişinlər də rahat şəkildə düşürlər. Avtobus zolaqları elə çəkilib ki, birbaşa hərəkət edib dayanacaqda saxlayırlar. Digər nəqliyyat vasitələrinin hər bir halda avtobus zolağında dayanması və durması qadağandır. Amma yol hərəkəti haqqında 48-ci maddədə göstərilən müddəalar istisna olmaqla”.
Həmin maddəyə əsasən, üstündə “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazıları olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər.
IV. 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır.
Nəqliyyat eksperti Fərhad Eyyubovun fikrincə, hazırda Bakıda tıxac olduqda müntəzəmlik təmin olunmur: “Çünki avtobuslar tıxacda ilişib qalır. İntervallar böyüyür, gözləmə müddəti artır. Çalışırlar ki, avtobusun maneələrini azaltsınlar ki, onlar da öz hərəkət cədvəllərinə uyğun olaraq müntəzəm marşrutla hərəkət edə bilsinlər. Avtobuslar üçün bu şəraiti yaratmaq lazımdır. Bunun üçün də yol hərəkətində müəyyən dəyişikliklər edilməlidir”.
Ekspertin sözlərinə görə, Bakı elə bir şəhərdir ki, bu şəraiti hər yerdə yaratmaq mümkün deyil: “Əslində avtobus zolaqları üç zolaqlı yollara çəkilməlidir. Bir zolaq marşrutlar üçün, digəri avtomobillər üçün nəzərdə tutulur. Amma bir çox yerlərdə üç zolaq yoxdur. Avtobus zolaqlarının olduğu küçələrin əksəriyyəti iki zolaqdan ibarətdir. Ona görə zolağın biri avtobus üçün olanda, bütün nəqliyyat vasitələri bir zolaqda toplanır”.
F. Eyyubov bildirdi ki, zolaqlar olan yollarda sağa, sola dönmələr, müəyyən yerlərdə dayanma yerləri olmalıdır. Amma zolaqlar salınarkən bunlar nəzərə alınmır: “Yol hərəkətinin təhlükəsizliyinə də diqqət yetirilməlidir. Sürəti də optimal şəkildə saxlamaq vacibdir. Bir çox hallarda avtobus zolağı çəkilən zaman digər nəqliyyat vasitələri maneəyə rast gəlir, çətinliklər olur. Avtobuslar müntəzəm fəaliyyət göstərməlidir, amma digər nəqliyyat vasitələrinə mane olmamaq şərti ilə. Məsələn, təcili yardım və yanğınsöndürən maşınlarının oradan hərəkəti nəzərdə tutula bilər. Amma bütün taksilərin və digər nəqliyyat vasitələrinin istifadəsinə icazə verilsə, yenidən marşrut xətləri iflic olacaq”.
Ekspertin fikrincə, avtobus zolaqlarının olduğu hər küçədə monitorinqlər aparılmalıdır. Əgər digər nəqliyyat vasitələrinə maneçilik törədirsə, o zaman başqa üsullara müraciət etmək lazımdır: “Zolaq çəkiləndən sonrakı mərhələni, problemləri də gözdən qaçırmaq olmaz. Hələ nəqliyyatla bağlı məsələlər tam təkmilləşməyib. Avtobus zolaqları müəyyən yerlərdə qırıq-qırıq xətlərlə icazə verilən formada təşkil olunsa, daha yaxşı olar. Hansı yerdə ki, vəziyyət kritikdir yaxud təhlükə var, oranı başqa formada layihələndirmək lazımdır. Yəni, hər küçəyə eyni qaydada sadəcə xətt çəkərək, bu, düzgün deyil. Hər bir nəqliyyat vasitəsi nəzərə alınmalıdır”.