Yaxın Şərqin sönməyən atəşi: Vəziyyət çox təhlükəlidir

“Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsi ilə İranla İsrail arasında gərginlik növbəti mərhələyə daxil olub. İran İsrailə yeni raket zərbələri endirib. İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsrailə raket hücumunu “böyük səhv” adlandırıb və bunun Tehrana baha başa gələcəyini bildirib. İranın Yaxın və Orta Şərqdə ən güclü proksi qüvvəsi kimi bilinən qruplaşmanın liderinin öldürülməsindən sonra münaqişənin geniş coğrafiyaya yayılacağı riskləri günbəgün artır.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İsrailin hücumuna reaksiyalar

İsrail və “Hizbullah”, o cümlədən İran arasında gərginliyin artması fonunda ABŞ Yaxın Şərqə əlavə hava qüvvələri göndərmək qərarına gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq. İran Prezidenti Məsud Pezeşkian isə sələfləri kimi “İsrail yox olmalıdır” deməyib. Əvəzində “hamıya sülh istəyirik və heç bir ölkə ilə müharibə istəmirik” söyləyib. Lakin reallıq odur ki, hücumlar səngimir. İran hücumlarını özünümüdafiə hüququ ilə əsaslandırır. İsrail ABŞ-nin yalnız onu dəstəkləməsinə deyil, eyni zamanda, birbaşa toqquşmaların tərəfi olmasına çalışır.

İstənilən halda, vəziyyət çox təhlükəlidir. Yaxın gələcəkdə baş verə biləcək hadisələrlə bağlı iki ssenari mövcuddur. Birincisi odur ki, İranın raket hücumu nəticə verəcək və gərginliyin miqyası genişlənməyəcək. Başqa bir ssenariyə görə isə bir tərəfdə rəsmi Tehran, digər tərəfdə isə İsrail və ABŞ birbaşa müharibəyə girəcəklər.

Tehranı düşündürən sual

İndi İsrailin İranın raket hücumuna cavabının necə olacağı hər kəsi düşündürür. Medianın məlumatına görə, bununla bağlı iki hədəf ola bilər. Birincisi, İsrail İranın nüvə obyektlərinə zərbələr endirəcək, ikincisi, daha real olanı isə, neft bazalarının vurulmasıdır.

Artıq birinci ssenari ilə bağlı İsrailin ən böyük müttəfiqi ABŞ-nin rəsmi mövqeyi bəllidir. ABŞ Prezidenti Cozef Bayden İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirməsini məqsədəuyğun hesab etmədiyini bildirib. Belə ki, jurnalistlərin müvafiq sualını cavablandıran Bayden qısa olaraq “yox” deyib.

İranın xarici işlər naziri Abbas Əraqçi də İsrailin ölkəsinin ərazisindəki nüvə obyektlərinə hücum etməyə cəsarət etməyəcəyinə əminliyini ifadə edib. Bununla belə, Tehran ciddi şəkildə İsrailin cavab zərbələrinə hazırlaşır.

İsrailin hədəfi

İki ölkə arasında gərginliyin əsas qaynaqlarından olan Livana hücum və “Hizbullah”a qarşı əməliyyatlar isə tam sürətlə davam edir. İsrail ordusu Livana hücumda məqsədinin sərhəd boyunca “Hizbullah” hədəflərini dağıtmaq olduğunu bildirib. Azı 10 min hərbçidən ibarət ordu diviziyası əməliyyata cəlb olunub. İsrail ötən ay deyirdi ki, müharibədə əsas hədəfi “Hizbullah”ın hücumlarının İsrailin şimalından didərgin saldığı 60 minədək sakinin qayıdışıdır. Bəhreyndə yerləşən “Le Beck International” konsultasiya şirkətinin kəşfiyyat bölməsinin rəhbəri Maykl Horovits deyir ki, İsrail sərhəd boyunca “Hizbullah”ın infrastrukturunu, o cümlədən tunelləri, müşahidə postlarını dağıtmağa çalışır. “Bu mənada “məhdud” deyir, çünki məqsəd “Hizbullah”ı məğlub etmək deyil, bundan ötrü Livanın əksər hissəsinin daha geniş işğalı tələb olunardı”, – o söyləyib. Ancaq İsrailin əməliyyatlarının məhdud olub-olmayacağı aydın deyil. ABŞ rəsmiləri qeyd edirlər ki, İsrail 1982-ci ildə Livanın cənubuna girəndə də “məhdud” hücumdan danışırdı, ancaq bu, 18 illik işğala çevrildi. Horovits deyir ki, İsrail Livanın cənubunda bufer zona yaratmağa çalışarsa, daha da dərinə getmək riski ilə üzləşər. Ancaq onun fikrincə, İsrail liderləri, güman ki, genişləndirilmiş müharibəyə sürüklənmək istəməyəcəklər. “Eyni zamanda, İsrail əsgərləri geri çəkilərsə, “Hizbullah” qayıdacaq və İsrailə yeni hücumlar edəcək, bu isə İsrail hökuməti üçün utancverici olar”, – o deyib.

Dişsiz Livan ordusu

Qeyd edək ki, İranın əsasən məhz proksi qüvvələri vasitəsi ilə İsraili dayandırmağa çalışdığı sirr deyil. Bu sırada ən böyük ümidləri isə təbii ki, “Hizbullah” idi. Lakin qruplaşma son aylar ciddi uğursuzluqlar yaşayıb. İsrail qruplaşma rəhbərliyinin böyük hissəsini qətlə yetirib, hərbi arsenalının əhəmiyyətli hissəsini neytrallaşdırıb, kommunikasiyalarını sıradan çıxarıb. “Hizbullah”ın zəiflədilməsinə baxmayaraq, ekspertlər deyirlər ki, bu qrupun üstündən xətt çəkmək olmaz, böyük canlı qüvvəsi və hərbi arsenalı var. “İsrail düşünür ki, “Hizbullah” xaos vəziyyətindədir, komandanlıq və nəzarət sistemində boşluq var. İsrail tərəfdən ilkin irəliləmə və uğurlar gözləyə bilərik”, – Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidrza Əzizi deyib. Ancaq o, “Hizbullah”ın quru döyüşlərində böyük üstünlüyə malik olduğunu söyləyir. Çünki qruplaşma partizan müharibəsində təcrübəlidir, yerli relyefi tanıyır. 1980-ci illərdə qurulan “Hizbullah” Livanda dominant hərbi gücə çevrilib, ölkənin ənənəvi ordusunu kölgədə qoyub. Əzizinin sözlərinə görə, Livan ordusu 40 min döyüşçüsü olan “Hizbullah” ilə müqayisədə çox zəifdir. “Hizbullah” regionun böyük hissəsinə nəzarət edir deyə, İsrail qüvvələri ilə quru döyüşlərində Livan ordusunun iştirakı real görünmür.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More