Bakı İqlim Fəaliyyəti Həftəsi ambisiyalı öhdəliklər və strateji təşəbbüslərlə yekunlaşıb

COP29 Sədrliyi və “British Council” təşkilatı ilə tərəfdaşlıq çərçivəsində “İqlim dəyişmələri üzrə Azərbaycan universitetləri şəbəkəsi” (AUNCC) adlı yeni təşəbbüsə start verilir. Metan emissiyalarının sürətlə azaldılması sahəsində kardinal dəyişikliyə təkan vermək üçün bir araya gələn aparıcı alimlər, texnologiya təchizatçıları, sənaye liderləri və hökumət rəsmilərinin əsas müzakirə mövzusu metan emissiyalarının azaldılmasıdır.

Oxu.Az xəbər verir ki, COP29 ərəfəsində 700-dən çox iştirakçının ölkəyə səfər etməsi, 30-dan çox tədbirin keçirilməsi və elan olunan mühüm yeniliklər qlobal iqlim fəaliyyəti çərçivəsində Azərbaycanın lider mövqeyini daha da möhkəmləndirib.

Bildirilib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) COP29 ərəfəsində iddialı öhdəliklər və innovativ təşəbbüslərlə yekunlaşıb və qlobal iqlim fəaliyyəti çərçivəsində Azərbaycanın lider mövqeyini daha da möhkəmləndirib. Cari ilin 30 sentyabrından 4 oktyabr tarixinə kimi davam edən bir həftəlik toplantıda 700-dən çox nümayəndənin iştirakı ilə 30-dan çox tədbir keçirilib. Beynəlxalq iqlim ekspertləri, hökumət rəsmiləri, gənclər və özəl sektor liderlərini bir araya gətirən bu tədbirlərdə “yaşıl” maliyyə, ədalətli keçid, metan emissiyalarının azaldılması, su və dayanıqlı qida sistemləri, eləcə də digər mövzular müzakirə olunub.

Diqqəti cəlb edən əsas məqamlara “Qabaqcıl gündəlik” çərçivəsində ilk müstəqil kənd təsərrüfatı hesabatının təqdim edilməsi daxildir. Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyi (FCDO) və BMT-nin İqlim üzrə yüksəksəviyyəli çempionu ilə tərəfdaşlıq çərçivəsində Kənd təsərrüfatında beynəlxalq elmi araşdırmalar üzrə Məşvərət qrupunun (CGIAR) rəhbərliyi ilə hazırlanmış bu hesabatda qlobal iqlim məqsədlərini dəstəkləmək üçün kənd təsərrüfatı sektorunun transformasiyası baxımından tələb olunan mühüm addımlar təsvir olunub. Hesabat Beynəlxalq Enerji Agentliyi və İqlim üzrə yüksəksəviyyəli çempionlar tərəfindən bu yaxınlarda dərc edilmiş “Qabaqcıl gündəlik” hesabatını tamamlayır və qida təhlükəsizliyi, innovasiya, eləcə də davamlılığı təmin etməklə, kənd təsərrüfatının dekarbonizasiyası üzrə strategiyaları ön plana çəkir. Sözügedən hesabat kənd təsərrüfatı sənayesində dayanıqlı təcrübələrin geniş tətbiqi üçün mühüm mənbədir.

Gənclərin də iştirakını təşviq etmək məqsədilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim dəyişməsi üzrə universitetlər şəbəkəsi” təşəbbüsünə start verilib. Bu, gələcək nəslin iqlim həlləri və keçid səylərində fəal rol oynamasına imkan yaratmaq üçün nəzərdə tutulmuş yeni platformadır.

Gənclərin iqlim fəaliyyətində iştirak etməsinin vacib olduğunu bir daha vurğulayan “Dayanıqlı gələcək: Gənclərin yaşıl innovasiyaları” tədbiri gənc sahibkarlara öz “yaşıl” innovasiyalarını potensial investorlara təqdim etmək üçün platforma yaradıb. Gün ərzində iqlim problemlərinin həllinə yönəlmiş dayanıqlı ideyalarını təqdim edən gənc liderlərdən ibarət üç komanda uğurlu layihələrə görə yüksək mükafata layiq görülüb. Beləliklə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən bu tədbir “yaşıl” innovasiyaların idarə edilməsində Azərbaycan gənclərinin dinamik rolunu nümayiş etdirib.

İncəsənət, mədəniyyət və iqlim arasındakı əlaqəni vurğulayan Bakı İqlim Fəaliyyəti Həftəsində tanınmış fotojurnalist Reza Deqati və “The Landmark” hoteli ilə tərəfdaşlıq çərçivəsində R.Deqatinin Bakı şəhərinin mühüm transformasiyasını əks etdirən “Caspian Dreams” adlı fotosərgisinə baxış keçirilib.

Həftə iqlim dəyişməsi, sağlamlıq, rifah və aktiv həyat tərzi arasında əlaqəni vurğulayan Bakı Bulvarı boyu “Walk the Talk” (“Təbliğ etdiyini tətbiq et”) iqlim fəaliyyəti yürüşü ilə yekunlaşıb.

Bakı İqlim Fəaliyyəti Həftəsinin uğuru gələn il Rio-de-Janeyro şəhərində oxşar səylərin həyata keçirilməsinə ilham vermiş oldu. Rio İqlim Fəaliyyəti Həftəsinin (#RCAW) 2025-ci ilin noyabrında Braziliyanın Belem şəhərində keçiriləcək COP30-dan əvvəl həyata keçirilməsinə dair müzakirələr davam edir.

Rio-de-Janeyro şəhərinin meri Eduardo Paes qeyd edib:

“Bakı kimi, Rio-de-Janeyro da daha yaşıl gələcəyin təqdim etdiyi imkanlardan istifadə etməklə yanaşı, iqlim dəyişməsinə qarşı təcili tədbirlərin vacibliyini də dərk edir. Mən Bakının təhlükəsiz, dayanıqlı və davamlı gələcəyin formalaşdırılmasına kömək etmək üçün şəhər, biznes və icmaları bir araya gətirən Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi etmək təşəbbüsünü yüksək qiymətləndirirəm. Rio şəhəri “yaşıl keçid”i sürətləndirmək və COP29-dan Braziliyada keçiriləcək COP30-a körpü salmaqda estafeti qardaş Bakı şəhərindən almağı səbirsizliklə gözləyir”.

Bakı İqlim Fəaliyyət Həftəsində (BCAW) əldə olunan iddialı nəticələr və əməkdaşlıq əlaqələri Azərbaycanın iqlim fəaliyyətində qlobal lider mövqeyini bir daha təsdiqləyib.

Beləliklə, BCAW noyabrda keçiriləcək COP29 çərçivəsində Azərbaycanın ambisiyaları artırması və fəaliyyətə təkan verməsi üçün münbit zəmin yaradıb.

Ətraflı məlumat: https://bakuclimateactionweek.org/en/main

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More