“Ölkəmiz ingiliscə “Georgia” (Corciya) adlansa da, biz ABŞ-nin ştatı deyilik”.
Oxu.Az 1tv.ge-yə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Şalva Papuaşvili iddia edir ki, ABŞ-nin Gürcüstan vətəndaşlarına qarşı sanksiyalarla bağlı qəbul etdiyi qərarların qətiyyən hüquqi əsası yoxdur və Amerika tərəfi sanksiyalarla bağlı heç bir sübut təqdim edə bilməyib.
Papuaşvili qeyd edib ki, Gürcüstan müstəqil dövlətdir və kənardan heç kim ölkənin daxili işlərinə qarışa bilməz.
O, ABŞ-nin Gürcüstan vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalar haqqında danışıb.
“Kənardan heç kim Gürcüstanın daxili işlərinə ədalət nöqteyi-nəzərindən müdaxilə edə bilməz. Əgər onların hansısa Gürcüstan vətəndaşı ilə bağlı iddiaları, sübutları varsa, onları təqdim etməlidirlər. Lakin bunu edə bilmirlər. Buna görə də, bu qərar tamamilə özbaşına və əsassızdır,” – Papuaşvili deyib.