“Krasnodar”ın baş məşqçisi Murad Musayev “Qarabağ”ın təcrübəli çalışdırıcısı Qurban Qurbanovla əlaqə saxlayaraq Kadi Borqes haqqında maraqlı fikirlər səsləndirib.
Sportinfo.az xəbər verir ki, rusiyalı çalışdırıcı Qurban Qurbanovla danışarkən Kadi Borqesin “Qarabağ”a dönüşünün gerçəkləşməməsinə görə təəssüflənmədiyini deyib.
Ötən mövsümün ilk yarısına kimi “Sabah”ı çalışdırmış mütəxəssis Azərbaycanda işlədiyi müddətdə yaxından tanıdığı və münasibət qurduğu həmkarına cənubi amerikalı legioner barədə mənfi fikirlər söyləyib.
O, Kadini intizamsız və rejimə məhəl qoymayan biri kimi xarakterizə edib. Braziliyalının “Krasnodar”da olduğu müddətdə dəfələrlə problem çıxardığını söyləyən Musayev Qurbanova maraqlı etiraf edib.
Rusiyalı Qurban Qurbanova: “Mən heyrət içindəyəm ki, siz Kadi ilə necə çalışmısınız. Çox qeyri-peşəkar futbolçudur. Onunla işlədiyim aylarda daim əziyyət çəkdim”, – deyib.
Qeyd edək ki, braziliyalı vinger bu ilin iyulunda “Krasnodar”dan ayrılaraq, “Ferentsvaroş”a keçib. Sambaçı Macarıstan klubu ilə 3 illik müqavilə imzalayıb.
28 yaşlı oyunçu 2021-2023-cü illər ərzində “Qarabağ”da çıxış edib. Ağdam təmsilçisinin 5 milyon avro qarşılığında satdığı legioner 2023/24 mövsümündə Rusiya klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.