Qana Milli Səhiyyə Xidməti ölkə əhalisinə qeyri-adi bir müraciət edib. Qurum sakinləri öpüşməkdən və cinsi əlaqədən imtina etməyə çağırıb.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, çağırış ölkədə meymunçiçəyi ilə yoluxma hallarının artması ilə əlaqədar edilib.
Bəyanat ölkənin şimal-qərbində növbəti xəstəlik halı qeydə alındıqdan sonra verilib. Bildirilib ki, yoluxanların sayı artıq 230 nəfərə çatıb.
Həkimlərin məlumatına görə, meymunçiçəyi yaxın bədən təması ilə ötürülə bilər, buna görə də onlar bu xəstəliyin olduğundan şübhələnilən insanlarla öpüşməkdən və yaxın təmasdan çəkinməyi ciddi şəkildə tövsiyə edirlər.
Qeyd edək ki, daha əvvəl Konqo Demokratik Respublikasında “mpox” virusuna qarşı ilk peyvənd kampaniyası başlayıb. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı tarixdə ilk dəfə olaraq meymunçiçəyinin diaqnostik testini təcili istifadə üçün təsdiqləyib.