İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yaxınlığındakı iqamətgahı hədəfə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin “Facebook” hesabında dərc olunmuş məlumatında bildirilir.
İsrailin Suriya paytaxtının Mezza məhəlləsində yaşayış binasına endirdiyi zərbə nəticəsində azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb. Evdə yüksəkrütbəli şiə milislərinin olduğu iddia edilir.
“Bu gecə təxminən saat 20:15-də (Bakı vaxtı ilə 21:15-də) İsrail Qolan təpələrindən hava hücumu həyata keçirib, üç raket atılıb, Dəməşqin əhalinin sıx məskunlaşdığı Mezza məhəlləsində yaşayış və ticarət binalarından birinə hücum edilib. Hücum zamanı aralarında uşaq və qadınların da olduğu 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb”, – məlumatda bildirilir.