Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin sakinləri üç gündür ki, suyun verilməməsindən şikayətçidir.
Onlar bildirirlər ki, su təminatı tamamilə dayandırılıb və bu günlər ərzində heç bir rəsmi məlumat verilməyib:
“Qaynar xətlə əlaqə saxlayırıq, hər dəfə bu gün-sabah olacaq deyərək aldadırlar. Lakin vəziyyət dəyişmir. Məlumdur ki, insanların ən əsas ehtiyaclarından biri olan su təminatı ilə bağlı uzunmüddətli kəsintilər sakinlərin gündəlik həyatına və sağlamlığına ciddi təsir göstərir. Əhalinin susuz qalması dözülməz haldır və alternativ su xətlərinin olmaması vəziyyəti daha da çətinləşdirir”.
Mövzu ilə bağlı Oxu.Az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə axşam saatlarına qədər suyun verilməsi bərpa olunacaq:
“Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində çökmə baş verdiyinə görə aparılan təmir işləri başa çatıb. Hazırda suyun durulma prosesi gedir. Axşam saatlarına qədər suyun ərazilərə verilməsi bərpa olunacaq”.
Aygün Mirakif