Avropanın mərkəzində faşizm…

Qan Turalı yazır…­

İrqçilik bəşəriyyətin bəlkə də ən dəhşətli sosial bəlasıdır. Bunu anlamaq üçün Avropanın yaxın tarixinə quşbaxışı bir nəzər belə kifayətdir. Ancaq bir çox hallarda insanlar yaşadıqları ölkədəki irqçilikdən bixəbərdilər. Ya doğrudan anlamırlar, ya da anlamaq istəmirlər. Bəlkə də gördüklərinin irqçilik olduğunu başa düşmürlər.

Almaniyada 1980-ci illərində də vəziyyət eynən belə idi. Ölkə II Dünya Müharibəsindən sonra ağır vəziyyətə düşmüşdü. Ölkə əhalisinin 14 milyonu müharibədə həlak olmuşdu. Buna görə də müharibədən sonrakı onilliklərdə Türkiyə başda olmaqla başqa Avropa ölkələrindən xeyli sayda miqrant Almaniyaya cəlb edilmişdi.

Bu miqrantların da dəstəyi ilə 60-cı illərdə “Alman möcüzəsi” gerçəkləşmiş, Almaniya yenidən Avropanın iqtisadi baxımdan ən qüdrətli ölkəsinə çevrilmişdi. Haqqında bəhs edəcəyim kitabda yazılanlar isə 1980-ci illərdə baş verir. Jurnalist Gunter Valrafın imzasını daşıyan bu kitab “Ən altdakılar” adlanır. Yəqin ki, heç bir bəşər övladı öz kitabını yazmaq üçün bu qədər əziyyət çəkməmiş, bu qədər məşəqqətlə qarşılaşmamış və bu qədər qurban verməyib.

Belə ki, türkcə cəmi 5-6 söz bilən Gunter Valraf saçına parik qoymuş, göz rəngini linza ilə dəyişdirmiş, özünü atası yunan olan türk kimi təqdim edərək saxta sənədlərlə Almaniyanın müxtəlif sənaye müəssisələrində çalışmağa başlayıb. Burada gördüklərini kitabında yazan Valrafın türk olmadığını heç kim fərq etməyib, o da gördüyü dəhşətləri tarixin qeydiyyatına almağı bacarıb.

Onun fəaliyyəti nəticəsində alman dilinə “wallraffing” sözü də yaranıb. Lüğətlərə düşən bu sözün izahı belə idi: “Özünü başqası kimi təqdim edərək jurnalist araşdırması aparmaq”. Valrafın kitabı iyirmidən artıq dilə tərcümə edilib və “wallraffing” sözü İsveç və Norveç dillərinə də keçib.

Valrafın ilk iş yeri Saksoniyadakı bir ferma idi. Onu bu fermada qarın toxluğuna işlədir, heyvanlarla bir yerdə yatızdırır və ona faktiki olaraq heç bir əməkhaqqı verilmirdi.

Valraf avtobusda səyahət edərkən yanında heç kim oturmurdu. Heç kim görünüşündən türk fəhləsinə bənzəyən bir adamın yanında oturmağı özünə sığışdırmırdı.

Valraf hətta xristianlığı qəbul etmək istəyən bir türk kimi kilsələrə müraciət etsə də onun üzünə də baxan olmamışdı. Ona müsbət cavab verən keşiş isə Polşadan olan bir keşiş idi.

Almaniya Türkiyə futbol matçına türk bayrağı ilə gedən Valraf Hitler dövründən qalmış “Zəfər müqəddəsdir” şüarı ilə qarşılaşmış, bir müddət sonra neonasist alman azarkeşlərinin qorxusundan Türkiyə bayrağını gizlədərək özünü alman azarkeşi kimi aparmağa məcbur olmuşdu.

İnşaatda çalışmağa başlayan Valraf türklərin addımbaşı irqçi şüarlarla təhqir edildiyini, istismar olunduğunu, almanlardan dəfələrlə az maaş aldığını, heç bir müqavilə imzalanmadan çalışdırıldığını və ən ağır işlərə göndərildiyini göstərir.

Əlbəttə ki, Valrafa xeyirxah yanaşan, ona kömək etməyə çalışan almanlar da var idi. Başqa cür olması zatən məntiqəzidd olardı. Ancaq ümumilikdə Valraf daim türk kimi ən aşağı işlərə verilir, bir çox hallarda maaşı kəsilir və qeyri-insanı rəftara məruz qalırdı. Ancaq türk dilini pis bildiyi üçün çətinliklə ünsiyyətə girdiyi türklər ona şəfqət və hörmət göstərirdilər. Çünki əzilən insanlarda bir-birini qoruma instinkti daim yüksək olub.

Valraf və türklər kömür mədənlərində heç bir qoruyucu vasitə, maska olmadan çalışırdılar. Hətta onun öz pulu ilə aldığı maska belə əlindən alınır və almanlara verilirdi. Bu işçilər iş qəzasına düşdüklərində isə ya qəpik-quruş alır, ya da ümumiyyətlə qovulurdular. Çünki qeyd etdiyimiz kimi, bir çox hallarda onlar qeyri-qanuni şəkildə, heç bir əmək müqaviləsi olmadan işlədilirdilər. Onların əməyi qul əməyindən, hüquqları da qul hüquqlarından bir o qədər də fərqlənmirdi.

Əlbəttə ki, 260 səhifəlik kitabı bir yazıda təsvir etmək mümkünsüzdür. Buna görə də sonda bir məqama diqqət vermək gərəkdir. Valraf bir oyun qurur və qəza baş vermiş nüvə elektrik stansiyası üçün işçilərin lazım olduğunu öz müdirinə çatdırır. Ancaq işçilər cəmi 5-6 ay sonra xərçəngə tutulub öləcəklər. Buna fikir verməyən müdir isə türk işçiləri nüvə elektrik stansiyasına göndərir. Xoşbəxtlikdən, bu bir oyun idi və Valraf alman sahibkarların türklərə qarşı münasibətinin son həddini göstərirdi.

Valrafın kitabı Almaniyanın II Dünya Müharibəsində məğlub olmasından 40 il sonra yazılmışdı. Bir neçə ay sonra isə faşizm üzərində qələbənin 80 illiyi qeyd ediləcək. Ancaq faşizm mövzusu hələ də aktualdır. Faciə də bundadır…



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More